24 Sentyabr 2015 17:33
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç hökuməti gələn ildən etibarən bir sıra vergiləri artırmaq və əldə edilmiş vəsaiti qaçqınların problemlərinin həllinə, təhsilin dəstəklənməsinə, habelə mənzil və əmək bazarlarının yaxşılaşmasına yönəltmək təklifi ilə çıxış edib.

Təklif olunan tədbirlər bütövlükdə büdcəyə ildə 45 milyard İsveç kronu (təqribən 5,4 milyard dollar) məbləğində əlavə gəlir gətirməlidir. İsveçin Baş naziri Stefan Löven bildirib ki, vergilər əvvəlki hökumətdən qalan büdcə kəsirinə görə artırılmalıdır.

İsveçin maliyyə naziri Maqdalena Andersson qeyd edib ki, vergilərin artmasını ayda 50 min krondan çox (6 min dollar) qazananlar hiss edəcəklər. Bundan başqa, mənzil təmiri və məişət xidmətləri üçün fiziki şəxslərin əmək haqqından tutulan vergilər azaldılacaq.

Əmanət hesablarında olan kapitallara və yanacaq-sürtgü materiallarına, o cümlədən dizel yanacağına vergilərin artırılacağı da gözlənilir.

Əldə olunan vəsait əvvəlcədən işlənib hazırlanmış plana uyğun şəkildə xərclənəcək. Məsələn, mənzil bazarındakı layihələrə təqribən 5,5 milyard kron tələb olunur. Müəllimlərin məvaciblərinin artırılması büdcəyə 3 milyard krona, miqrantların axını ilə əlaqədar bələdiyyə orqanlarının dəstəklənməsi 1 milyard krondan çox vəsaitə başa gələcək.


Müəllif: