Pərviz Heydərov: “Dünyada valyutalar arasında mübarizə getdikcə qızışacaqsa, deməli, qızılın qiymətində oynamalar olacaq”
Amerika fond bazarında sonuncu hərraclarda qızılın unsiyası 12,90 dollar artaraq 1 207,50 dollara, gümüş isə 0,07 dollar artaraq 15,36 dollara satılıb. Görünən odur ki, son vaxtlar dünya bazarında qızılın qiyməti kəskin artmaqdadır. Buna səbəb nədir?
Ekspetlər qızıl hərracındakı mövcud tendensiyanı dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə izah edirlər. İqtsidaçı Pərviz Heydərov da hesab edir ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi qızılın qiymətinə təsir göstərən əsas amillərdəndir: “Əvvəllər neftin qiyməti ucuzlaşır, qızılın qiməti qalxırdı. Əksinə olanda isə enirdi. Çünki qızıl bir növ yatırım mənbəyi rolunu oynayırdı. Son vaxtlar bu tendensiya pozulub. Başqa sözlə desək, qızılın qiyməti ilə neftin dəyəri arasında əlaqə itib.
Neft son aylar uzuşlaşan xətlə getsə də, qızılın qiymətində uyğun proseslər müşahidə edilmir. Bu da onu göstərir ki, dünya iqtisadiyyatında dəyərlər dəyişib".
Qızılın qızıl həddi
Faktdır ki, dünyada təkcə qızılın yox, əksər məhsulların qiyməti qalxdıqda Azərbaycanın daxili istehlak bazarında da adekvat vəziyyət yaranır. Hazırda qızıl bazarında da kəskin bahalaşma müşahidə olunur. Pərviz Heydərov bunu təbii hal sayır: “Qeyd olunan vəziyyətə səbəb idxaldakı rəqabətin zəif olmasıdır. Rəqabətin zəifliyi elə bir haldır ki, konkret şəxslər bazardan maksimum xeyir götürmək istəyir. Xarici bazarlarda bahalaşma bu baxımdan onların əlinə fürsət verir. Sonradan qiymət endikdə eyni addımı atmaqda maraqlı olmurlar”.
Ekspert deyir ki, qızılın qiyməti hər şeydə olduğu kimi tələb və təklifin nisbətindən asılıdır: “Lakin burada bir cəhəti də nəzərə almaq lazımdır ki, qızıl investorlar üçün həm də yatırım vasitəsidir. Qızıl həmişə neftin qiyməti ucuzlaşdıqda bahalaşır. Neft baha olduqda isə qızılın qiyməti sabit qalır və ya düşür. Qızıla bu cür yanaşma gələcəkdə də davam edəcək.
Xüsusən nəzərə alsaq ki, dünyada valyutalar arasında mübarizə getdikcə qızışacaq, deməli, qızılın qiymətində oynamalar olacaq. Ümumiyyətlə, bütün dövrlərdə qızılın qiymətinin enişində müəyyən hədd olub, nəinki yüksəlişində. Bu qiymətli metal heç vaxt maksimum dərəcədə dəyərdən düşə bilməz".
Devalvasiyadan əvvəl və ondan sonra
Manatın üzən məzənnəyə keçməsi və dolların 50 faizə yaxın qalxması Bakının ən böyük ticarət mərkəzlərində də qızılın qiymətinin 50 faiz qalxmasına səbəb olub. Qızıl bazarındakı müşahidələr isə qiymətli metal alıcılarının azalmasından xəbər verir.
Satıcılardan aldığımız məlumata görə, hazırda bazarda dövriyyədə olan rus, türk və italiyan qızıllarının qiyməti ümumilikdə 2 dəfə artıb. Bir də əyarı yüksək olan ərəb qızılı var ki, onun satışı hazırda dayanıb. Bu qızılların “lom” (xammal) qiymətləri hər iki devalivasiyadan əvvəl indikindən kəskin fərqlənirdi.
Belə ki, 1-ci devalvasiyadan əvvəl, yəni dolların məzənnəsi 0,78 manat olanda rus və türk qızılının bir qramının “lom” qiyməti 16 manat idisə, birinci devalvasiyadan sonra qiymət 20 manat olub. Türkiyə qızılının devalvasiyadan əvvəllər satış qiyməti 22-25 manat olub, birinci devalvasiyadan sonra qiymət 30-33 manata qalxıb.
Rus qızılı birinci devalvasiyadan əvvəl 22-23 idi, sonra 28-30 manata qalxıb. İtalyan qızılı əvvəl 36-42, sonra 50-55 olub. Hazırda rus və Türkiyə qızılının bir qramının lom qiyməti 31 manatdır. Rus qızılı almaq istəyən müştərilər üçün satış qiyməti qramla 40-45 manatdır. Türkiyə qızılının bir qramının satış qiyməti 50-60 manatdır.
Tələbatın yüksək olduğu italiyan qızılının qramı devalvasiyadan əvvəl 20-21 manat idi, ilk devalvasiyadan sonra 26 manata qalxıb. İndi isə 750 əyarlıq italiyan qızılının bir qıramının lom qiyməti 40 manatdır. İtaliyan qızılının bir qramının bazardakı satış qiyməti 60-80 manat arasındadır.
Xatırladaq ki, istənilən əyarlı qızıl məmulatının quruluşundan asılı olaraq qiymətində fərq mümkündür. Yəni mürəkkəb quruluşlu məmulatın qramı yuxarıda qeyd etdiyimiz qiymətlərdən baha ola bilər.
İqtisadçılar deyir ki, qızıl ölkəyə idxal olunan məhsuldur, ona görə də qiymətlərin iki dəfə artacağı məlum idi.
Ucuzlaşacaq...
İqtisadçı Rəşad Həsənov da məhz bu səbəbdən qızılın bahalandığını deyir: “Bir çox hallarda deyirlər ki, ölkədə olan qızıl məmulatları əvvəlki qiymətlərlə gətirilib və bu gün bu qızıl niyə baha satılır... Amma bu, səhv yanaşmadır. Birincisi, bir çox hallarda idxalçılar bilir ki, xaricdən məhsulları ölkəyə gətirib, realizə edib sonradan ödənişini edirlər. Bu ödəmə də təbii ki, xarici valyuta ilə olacaq.
İkincisi, bu gün biznesin 90 faizi kreditlərlə fəaliyyət göstərir. Bu kreditlər də əksər hallarda Azərbaycanda xarici valyuta ilə götürülüb. Üçüncüsü, sahibkarın istehlak etdiyi digər məhsulların qiymətləri qalxıb. Yəni sahibkarın aylıq xərcləri artır. Sahibkarın aylıq xərci artırsa, bu da o deməkdir ki, mümkün qədər daha çox gəlir əldə etməlidir ki, bu xərcləri kompensasiya eləsin.
Dördüncüsü, sahibkar növbəti dövrlərdə məcburdur ki, hansısa formada işçilərinin əmək haqqını artırsın. Çünki əvvəlki kvotanı qoruyub saxlasa, baxacaq ki, burada artıq faydalı iş çox aşağı düşüb. Sahibkarın minlərlə problemi var.
Beşincisi, tutaq ki, sahibkarın əlində 100 min manat dəyərində kapital var. Bir il bundan əvvəl 100 min manat 125 min dollar edirdi və bu adam 125 min dollarlıq mal xidmətləri ölkəyə idxal edir, fəaliyyətini dövr etdirirdi. Bu gün üçün əlindəki məhsulları nağdlaşdırandan sonra yeni partiya məhsul almaq üçün ona əlavə olaraq 50 faiz artıq vəsait lazımdır ki, biznesin dövriyyəsini davam etdirə bilsin".
Ekspertlər təcrübədən çıxış edərək bildirir ki, qızılın qiymətindəki artım uzun müddət davam etməyəcək. Çünki manatın dəyərini itirdiyi və qiymətlərin qalxdığı bir vaxtda qızıl bazarında alıcılıq qabiliyyəti azalacaq.
İnsanlar öncə fiziki tələbatlarını ödəmək üçün lazım olanları alacaq, bu isə qızıl bazarında durğunluq yaradacaq. Nəticədə ucuzlaşma qaçılmaz olacaq.
Naibə Qurbanova