Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qida laboratoriyası beynəlxalq səriştəlilik sınaqlarında ən yaxşı nəticə göstərib.
Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası “Cənubi Qafqaz ölkələrinin metrologiya və qida üzrə sınaq laboratoriyalarının gücləndirilməsi” layihəsi çərçivəsində Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) tərəfindən keçirilən səriştəlilik sınaqlarında iştirak edib.
Sınaqlarda iştirak edən Azərbaycan, Gürcüstan və Ermənistanın ümumilikdə 9 laboratoriyası arasında süd məhsullarında toksik metallar (arsen, kadmium, civə və qurğuşun) üzrə ən dəqiq nəticəni AzTEST əldə edib.
Laboratoriyanın sınaq metodları həm milli, həm də beynəlxalq akkreditasiyadan keçib.
Məlumat üçün bildirək ki, ötən il Almaniya Akkreditasiya Qurumunun auditorlarının komitənin laboratoriyasında apardıqları audit nəticəsində laboratoriyanın daha bir neçə sınaq metodu yüksək qiymətləndirilərək akkreditasiya sahəsinə əlavə edilib.
Ümumilikdə komitənin qida laboratoriyasının həyata keçirdiyi 30 sınaq metodu beynəlxalq akkreditasiya prosedurundan keçərək xarici ölkələrdə tanınması təmin edilib.
İLHAMƏ