“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov "The Business Year" nəşrinə müsahibəsində erməni diasporunun Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin reallaşdırılmasına mane olmağa çalışdığını və bu cəhdlərin davam etdiyini bildirmişdi.
“Azərbaycan Dəmir Yolları” QSC mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Teleqraf.com-a əlavə açıqlama verib.
QSC-nin rəsmisinin sözlərinə görə, Bakı-Tbilisi-Qars yolunun tikintisində ikili standartlar həmişə olub: “Bu dəmiryolun tikintisində Azərbaycana maneçilik törətməyə çalışanlar çox olub, indi də var. Çünki yolun Ermənistandan keçməsini istəyənlər vardı. Azərbaycan rəhbərliyi yolun Ermənistan ərazisindən keçməsinə icazə vermədi. Hazırda yolun tikintisi davam edir”.
Nadir Əzməmmədov 2005-ci ildə maliyyə məsələlərinə görə dəmiryolu tikintisinə başlamağın mümkün olmadığını xatırladıb: “İlham Əliyevin qərarı ilə Dövlət Neft Fondunun hesabına Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinə başlanıldı. Hazırda tikinti işləri uğurla davam edir. Layihə 2016-ci ildə işlər yekunlaşacaq. İşin 90 faizi görülüb. Gürcüstanda 183 kilometr uzunluğunda dəmir yolu xəttində işlər başa çatıb. 30 kilometrlik yol çəkilməlidir. Türkiyə və Gürcüstan tərəfə düşən körpünün tikintisi 4,5 kilometrdir”.
Nadir Əzməmmədov 2017-ci ildə qatarların Türkiyəyə hərəkət edə biləcəyini söyləyib.
Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinə gedəcək.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin təməli 2007-ci il noyabr 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin prezidentləri açılış mərasiminə qatılıb.
BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baхımdan böyük əhəmiyyət daşıyır. Dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlхalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Dəmiryolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq.
Dəmiryolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, tikintinin başlanması ləngiyib. ABŞ və Avropa Birliyi Ermənistandan kənar keçdiyinə görə layihəyə qarşı çıxıblar və tikintinin maliyyələşdirilməsindən imtina ediblər. Onlar Bakı-Tbilisi-Qars dəmiryolunun tikilməsi əvəzinə Qars-Gümrü-Tbilisi dəmiryolu xəttinin açılmasını tələb edirdilər. Lakin Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsi səbəbindən bu tələblər rədd edilib və dəmiryolu xəttinin tikintisinin maliyyələşdirilməsini sonradan Azərbaycan öz üzərinə götürüb.
Bu məqsədlə Azərbaycan Gürcüstana ildə 1% faiz dərəcəsi ilə 25 illiyinə 220 milyon dollar kredit verib.
İlhamə ƏBÜLFƏT