27 May 2016 15:40
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad olunması ilə bağlı fərman verib.

Fərmandan irəli gələn məsələləri Teleqraf.com-a şərh edən iqtisadçı Pərviz Heydərovun sözlərinə görə, hazırda hökumət ölkəmizin Şərqlə Qərb, həmçinin Şimalla Cənub, o cümlədən əks-istiqamətdə nəqliyyat yükdaşımaları üzrə tranzit imkanlarından maksimum istifadə olunması və region ölkələrinin məhz Azərbaycan ərazisindən yararlanmaları üçün genişmiqyaslı siyasət aparır: “İlham Əliyevin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 17 may tarixli 257-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərmanı da sözügedən siyasətə xidmət edir və müvafiq surətdə həyata keçirilən işlərin tərkib hissəsini təşkil edir.

Beləliklə də xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri 2016-cı il iyun ayının 1-dən etibarən 3 il müddətinə Azərbaycanda yol vergisindən azad sayılacaqlar. Vergi Məcəlləsinə əlavə edilən maddəyə əsasən, dəmir yolu ilə nəql edilən yüklər ölkəmiz ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda yol vergisindən azad ediləcək.

Bundan başqa, əks istiqamətdə də, yəni xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycanın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda da yol vergisindən azad sayılacaq”.

Atılan addımların stimullaşdırıcı məqsəd daşıdığını deyən Pərviz Heydərov bildirir ki, əcnəbi yükdaşıyanlar ərazimizdən istifadəyə görə müvafiq xərclərdən azad olunurlar: “Bu, onlarda Azərbaycanın tranzit imkanlarına marağı artıracaq. Bizdə tranzit tarifləri onsuz da aşağıdır. Buna vergi güzəştinin də əlavə olunması ciddi əhəmiyyətli addımdır. Düzdür, bundan ölkəmizin dövlət büdcəsi müəyyən məbləğdə vəsait itirəcək. Lakin əasaı ölkələr və regionlar arası yükdaşımalarda Azərbaycanın alternativsizliyini nümayiş etdirmək və sübuta yetirməkdir”.

İqtisadçı ekspertin sözlərinə görə, 3 il sonra bir sıra güzəştlərə və azadolmalara yenidən baxılacaq: “Həmin vaxta qədər isə Azərbaycan tranzit imkanları sahəsində bütün potensialını ortaya qoya biləcək. Hesab edirəm ki, bu, olduqca düzgün siyasətdir. İndidən bütün imkanlarımızın realizəsindən qazanc məqsədi güdsək, gələcəkdə mümkün böyük gəlirlərdən məhrum ola bilərik.

Odur ki, xarici dövlətlərin yük avtomobilləri yol vergisindən azad olunmasını strateji addım kimi dəyərləndirmək lazımdır. Bu, bizi yaxın gələcəkdə qeyri-neft sektorunun mühüm bir seqmentində gözləyən milyonlarla xarici valyuta gəlirlərini tam olaraq əldə edə biləcəyimiz üçün vacib və zəruri qərardır”.

İlhamə ƏBÜLFƏT


Müəllif: