YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova mədəniyyət və incəsənət üzrə aparıcı saytlardan olan "The Culture Trip"in dərc etdiyi Mərkəzi Asiya və Qafqaz regionunun incəsənət sahəsində ən nüfuzlu qadınlarının siyahısına daxil olub
Teleqraf.com buro247.az-a istinadla xəbər verir ki, rəssamdan başqa, siyahıda həmçinin, Gazelli Art House-un təsisçisi və direktoru Mila Əsgərovanın, Qazaxıstandan olan rəssamlar Almagül Menlibayevanın, Annya Sandın, kuratorlar Sara Razanın, Gayane Umerovanın və Natalya Dyunun adları var.
Məqalədə Aida Mahmudovanın yaradıcılığından və Azərbaycanda müasir rəssamlığın inkişafında göstərdiyi xidmətlərindən bəhs olunur. Rəssam Londondakı Central Saint Martins Kollecində incəsənət ixtisası üzrə təhsil alıb. Hazırda o öz vaxtını Bakı və London arasında bölüşdürür, işləri beynəlxalq sərgilərdə nümayiş etdirilir. O, rəngkarlıqdan tutmuş video-instalyasiyaya kimi müxtəlif üsullardan istifadə edir. Aida Mahmudova Azərbaycanın müasir incəsənətinə milli və beynəlxalq səviyyədə dəstək göstərmək məqsədilə 2011-ci ildə "Yarat" təşkilatının əsasını qoyub.