Tanınmış oriental rəqqasə Aytən Teleqraf.com-a müsahibə verib.
- Aytən xanım, son zamanlar televiziyalara az-az çıxırsınız. Buna səbəb nədir?
- Verilişlərə seçib çıxıram. Çox da efirdə görsənmək istəmirəm. Qalmaqallı verilişlərə getmirəm. Öncədən verilişin mövzusunu öyrənirəm, uyğundursa gedirəm.
- Qalmaqallı verilişlərdən qaçdığınızı deyirsiniz. Amma iştirak etdiyiniz bütün verilişlərdə hansısa deyiminiz söz-söhbətə səbəb olur.
- Düzdür, məni verilişlərdə qalmaqala salmaq istəyirlər, rəqqasələrlə bağlı, amma istəmirəm. Çünki rəqqasə azdır. Rəqqasələr neyniyir ki...
- Həmkarlarınızla münasibətiniz necədir?
- Hamısı ilə münasibətim yaxşıdır. Mənə dəyib-dolaşmasınlar. Hər birinin də xətrini çox istəyirəm. Amma vay hallarına ki, mənə ilişsinlər. O zaman qanları getdi.
- Bir neçə rəqqasə deyir ki, sizdən dəstək görüblər. Məşhurlaşdıqdan sonra onların sizə münasibəti dəyişirmi?
- Xeyr, hamısı xətrimi çox istəyir. Mən də onları dəstəkləyirəm. Çünki rəqqasəlik sənətdir.
- Özünüzə yaxın hiss etdiyiniz və bəyəndiyiniz hansı rəqqasənin adını qeyd edə bilərsiniz?
- Mənimkinə oxşar rəqs edən rəqqasə yoxdur. Məsələn, Rənanın (Renka) Ağamuradovanın xətrini çox istəyirəm. Gündəmdə olmayan bəzi rəqqasələr var ki, onları da çox sevirəm. Məsələn, Günay. Təkcə oynamaqdan söhbət getmir, aurası mənə xoş gələn rəqqasələr var.
- Rəqqasələr arasında paxıllıq çoxdur?
- Çox. Əslində, bütün sahələrdə paxıllıq var. Rəqqasələrə paxıllıq edən rəqqasələr də az deyil. Şəxsən özüm qarşılaşmışam.
- Digər məşhurlar kimi sənətinizlə yanaşı hansı işlə məşğul olmusunuz?
- Bir ara oxumağa da başladım, amma müğənni olmaq üçün yox. Çünki iki il Kiprdə yaşamışdım. Ölkəyə qayıtdıqda dedilər ki, dəyişiklik olsun. Həm oxu, həm də rəqs et. Nə qədər pul itirdim. Yarım saatlıq mahnını studiyada oxumağa can çəkirdim. O qədər həvəssiz idim. Amma saatlarla evdə rəqs edirəm. İllərdir ki, gözəllik salonlarının birində rəqs dərsi keçirəm.
- Toylara hansı qiymətə gedirsiniz? Həmkarlarınızın toy qiyməti elə də yüksək deyil.
- Toylarla yanaşı xınayaxdı mərasimlərinə də gedirəm. Rəqqasələrin qiyməti fərqlidir. Mən adıma, işimə və səviyyəmə uyğun qiymət qoyuram. Qiymətim bir az bahadır. Ona görə bir çox toy sahibləri bu qiymətə görə razı olmaya bilərlər. Çünki o qədər rəqqasələr var ki, toylara ucuz gedirlər. Elə məclis var ki, 600-700 manat deyirəm, 1000-1500 verirlər. Elə məclis də olub, yarım saata qiymət danışmışam, 20-25 dəqiqə oynamışam. Məni geri qaytarıb, deyiblər ki, 700 manat pul vermişik, beş dəqiqə də oyna get. Üç dəfə bu hadisəni yaşamışam (gülür).
- Bir neçə həmkarınız yaşa görə sənətdən getmək istəyirlər.
- Mən də o haqda düşünürəm. Məsələn, sabah mənim övladım ailə qursun. Nənə olduqdan sonra çıxım oynayım, yox... Onun əleyhinəyəm. Üç-dörd ildir arada səhnədən çəkilmək istəmişəm. Ətrafımdakılar qoymayıblar. Deyirlər ki, yerinə bir nəfəri qoy, sonra get.
- Sənətinizi kimə etibar edə bilərsiniz?
- Əslində, heç kimə etibar yoxdur. Amma efirlərə kimisə çıxarıb, tanıtmaq çox asandır. Mən illərdir ki, özümü eyni səviyyədə qoruyub saxlayıram. Bundan çox məmnunam.
- İçki məclislərində rəqqasə kimi çıxış edirsiniz. Maraqlıdır ki, hansısa problem yaşamısınızmı?
- Bəli, toylar içki məclisidir. İnanırsınız ki, toylarda ər-arvad birlikdə içirlər. Bu, adi ha alıb. Gündəmdə olan insanlar hər kəsin gözünə girir. Toya-nişana gedəndə elə şeylərlə rastlaşırsan ki, deyirsən şou-biznesin adı çıxıb.
- Siz içki içirsiniz? Ümumiyyətlə, xanımın içki içməsini necə qarşılayırsınız?
- Xeyr, araq, viski içmirəm. Amma özəl günlərdə şərab içirəm. Deyim ki, heç dilimə içki dəyməyib, yalan olar.
- Cəmiyyətdə rəqqasələrə baxış birmənalı deyil. Sizcə, rəqqasələrdən nümunəvi ev xanımları ola bilər?
- Niyə olmur ki... Mən evdar xanımam, evimdə qulluqçum yoxdur. Bütün işlərimi özüm görürəm.
- Bir müddət əvvəl ailə quracağınız demişdiniz.
- Bir dəfə ailə qurmuşam. İkinci də qismət olarsa evlənərəm.
- Həyatınızda sevdiyiniz şəxs varmı?
- Əlbəttə, var. İllərdir...
- Bəs, niyə evlənmirsiniz?
- Hər şeyin vaxtı var.
- Təəssüf ki, məşhurların ailə həyatı uzun sürmür. Ailə qurmaqdan qorxursunuz?
- İlk öncə deyim ki, rəsmən evləndikdən sonra rəqsi atmaq fikrim var. Ailə qurmağa gəlincə qorxmuram, amma azad insanam. Gecə həyatım yoxdur, ola da bilməz. Gecə saat 11-də evdə oluram. Öz karyeramı özüm qurmuşam. Sabah birinin mənə əmr etməsi mənə pis təsir edə bilər. Çox səbrsiz insanam. Hörməti sevirəm. Qarşımdakı insana hörmətinin də beş qatını edərəm. Axı, qoç bürcüyəm...
- Sevdiyiniz şəxs hansı sahədə çalışır?
- İş adamıdır. Başıma iş açma (gülür).
- Bəzi məşhurlar kimi sizin də sevgiliniz evlidir?
- Xeyr, evli adamı sevə bilmərəm. Subaydır. Mən o qədər kaprizli, eqoist qısqancam ki, kiminsə kişisini yanıma çəkə bilmərəm. Boşanar, o başqa məsələ. İstəyirəm ki, onun daim fikri mənim üzərimdə olsun. Mən evli insana baxa bilmərəm.
- Neçə illik münasibətiniz var?
- Altı il.
- Bu qədər müddət az deyil. Bəs, niyə evlənmirsiniz?
- Mən ailə qurmaq istəmirəm. Həyatımda olan insan başqa xanımla ailə qurmağa hazırlaşır, mən güclü xanımam. Biri gedər, biri gələr. Onun məhərrəmlikdən sonra nişanı olacaq. Kişilərə görə göz yaşı axıtmağa dəyməz. Bunu bütün qadınlara deyirəm. Nə dərd, depressiya, nə göz yaşına dəyməz...
- İmicinizi dəyişmisiniz. Mənə elə gəlir ki, depressiyadasınız.
- Bəli, imicimi dəyişmişəm. Amma depressiyada deyiləm.
- Məclislərdə rəqsinizə görə açıq-saçıq geyinirsiniz. Sizə əks-cinsin nümayəndələri tərəfindən qeyr-ciddi yanaşma olub?
- Yox, elə halla qarşılaşmamışam. Çox açıq-saçıq geyinmirəm. Tarqovidə gəzənlər rəqqasələrdən daha açıq geyinirlər. Şəhərdə 15 yaşından tutmuş 35 yaşına qədər göbəyi açıq paltar geyinən var. Sinə açıq... Toya gedirsən, görürsən ki, rəqqasənin paltarı gəlinin paltarından bağlıdır.
Fotolar Ceyhunundur