Məşhur müğənni Nadir Qafarzadə Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Nadir bəy, karantin günləriniz necə keçir?
- Qafqazlılar dəliqanlı, yeyib-içən olurlar. Mən də o insanlardanam, əylənməyi sevirəm. Ünsiyyətdə olmağı, dostlarla yığışıb çay içməyi xoşlayıram. Hazırda bunlardan çox uzağıq, vaxtımız ancaq doğmalarımızla keçir. Çox yaxın dostlar varsa, bir-iki nəfər qonaq gələ bilər. Karantin qaydalarına əməl etmək şərti ilə. Mən əvvələr axşam saat 10-11-də yatardım, indi isə 3-4-də yatıram.
Hazırda Maştağa və Bilgəhin ortasında yerləşən Albalı qəsəbəsinə gəlmişəm, dostumun övladının bağıdır. Düşündüyünüz kimi dəbdəbəli bağ evlərindən deyil. Sadə bir kənd evidir. Övladlarım şəhərdədir, həyat yoldaşım da icazə alıb, arada gəlir. Yaxud mən icaz alaraq gedib onlara dəyirəm, ərzaqlarını alıram.
- Bağ evində tək qalırsınız?
- Xeyr, gəldiyim yerdə iki yaşlı uşaq var. O anadan olandan sevmişəm, onunla vaxt keçirirəm. Həyətə toyuqlar almışam, onlara qulluq edərək stressimi atıram. Səhər təmiz hava alıram, kənd məhsulları ilə qidalanıram. Sağlam qidalanmağa üstünlük verirəm, gəzirəm.
Mən işləyən adamam, işsiz qala bilmirəm. Demək olar, beş aydır biz müğənnilər işləmirik, cibimizdən yeyirik. Kömək etdiyimiz insanlar da oldu. Bunu demək bilmirəm nə dərəcədə düzgündür?! Hər halda gördünüz ki, bütün müğənnilər, o cümlədən də mən imkansız ailələrə kömək elədik. Amma artıq bu bitir, vulkan deyil ki, gəlsin. Müəyyən vaxtdan sonra biz də tükənəcəyik. Bilmirəm bizə kim yardım edəcək?
Allah eləsin, tez bir zamanda karantin rejimi bitsin, toy mərasimləri başlasın. Qohumlarıma və bir çox insanlara yardım əlimi uzatdım.
Açığı deyim ki, kimsə "kömək et" deyəndə xoşum gəlmir. Özüm kömək etməyi sevirəm. Şükür Allaha, hər şey yaxşıdır. Hər günümüzə şükür edək, əsas odur ki, müharibə, ölüm-itim yoxdur. Müvəqqəti çətinlikdir. Dövlətimizin qayda-qanunlarına riayət edirik. Çalışırıq ki, qaydanı pozmayaq. Biz qaydanı pozsaq, digər insanlar da pozacaqlar.
Mən çölə mesaj yazaraq çıxıram. Mən işləyəndə daha yaxşı oluram. İş görmürəm deyə, passivləşmişəm. İnanırsınız ki, qohumların adı yadımdan çıxıb? Fikirləşirəm ki, bəlkə müğənni deyiləm.
- Sənət dostlarınız yaradıcılıqla məşğul olmağa başladılar. Röya Ayxan artıq klip çəkilişlərinə başladı. Siz niyə yaradıcılıqla məşğul olmursunuz?
- Mənim də yeni mahnılarımın aranjemanı bitib, studiya işləri qalıb. Klip gözlənilir, karantin bitsin. Bu da Allahın bizə bir imtahanı idi ki, qarşımıza qoydu, pisi yaxşıdan, yaxşını pisdən ayırdıq. Bu bəla nə varlı, nə kasıba fərq qoyur... Xoşbəxtəm ki, övladlarım, həyat yoldaşım, doğmalarım yanımdadır.
- Bəs, karantində vaxtınızı necə keçirirsiniz?
- Filmlərə baxıram, bu gün "Buratino" filminə baxdım. Rusiya kanallarının birində yayımlanan " Gecəniz xeyirə qalsın, balalar" verilişini izlədim. Uşaqlığım illərimə qayıtdım, bu məni kövrəltdi. O cümlədən retro filmlərimizə baxmağı çox xoşlayıram. Kitab oxuyuram desəm, yalan olar. Əsas odur ki, oğlanlarım dünya və Azərbaycan klassiklərinin əsərlərini oxuyurlar. Virusun digər tərəfdən yaxşı cəhətləri də var, insanlar evə qapandılar, evdə övladları ilə vaxt keçirməyə başladılar.
Əvvəl işə görə evə gecə gəlirdilər. İndi uşaqlara daha xoşbəxtdirlər, valideynləri yanındadırlar.
- Yaxın günlərdə müğənni Manaf Ağayev iftar süfrəsi verdi, karantin qaydalarını pozduğu üçün tənqidlərə məruz qaldı. Bu məsələyə münasibətiniz necədir?
- Manaf Ağayev mənim dostumdur, yaxşı oğlandır. İftar süfrəsi verir, lap yaxşı. Hər şeyə mız qoyan insanlar var. Həmişə pis nəsə axtarırıq. Olub və onu qınamalı deyilik. İftar süfrəsi Allaha ünvanlanan yaxşı əməldir.
Məsələn, bağa mənim yanıma oruclu qonaqlar gəlir. Onlara deyirəm ki, sizə yeməyi mən hazırlayım. Bu da savab işdir. Mən Manafın yaxşı əməl etdiyini düşünürəm.
- Bir az öncə dostunuzun bağ evində qaldığınızı qeyd etdiniz. Öz bağ eviniz yoxdurmu?
- 2006-cı ildə Maştağada bağ evim vardı. Dörd ilə yaxındır oranı satmışam. Onun pulunu övladlarımın təhsilinə xərclədim. Təbii ki, gələcəkdə bağ evinə imkanım olacaq. Kedit götürüb, bağ evi tikən deyiləm, amma yavaş- yavaş tikdirərik...
Mənə 27 il dəstək olan, bütün kaprizlərimə dözən qürurlu, iradəli, gözütox xanımım var. Onunla fəxr edirəm. Çoxu deyir ki, arvadı tərifləyir, xeyr. Kimsə tərifə layiqdirsə, onu tərifləməyə dəyər. Biz o qədər dəyərsizləri dəyərləndiririk, dağ başında otuzdururuq, hansı ki, bir qəpiyə dəyməz.
Xanımlıq odur ki, ailəsini qorusun, iradəli və səbrli olsun. Hazırda cütlüklər bir kəlmə söz olan kimi boşanmağa qərar verirlər. Bir gün çörək, ət gec alındısa, deyirlər ki, atam evinə gedirik. Olmaz... Fikir verirəm, gənclər arasında son vaxtlar beş ailədən dördü boşanır.
Guya ki, bizim həyatımızda hər şey hamar olub? Yox. Biz illərlə yoxsulluq içində yaşamışıq, amma bir-birimizin əlini buraxmamışıq. İki övladımız dalbadal öldü. Həyat yoldaşım mənə dedi ki, bəlkə biz ayrılaq, sən öz yoluna, mən də öz yoluma. Bəlkə başqa xanım sənə övlad bəxş edə bilər, xoşbəxt olarsan. Ona dedim ki, mən səninlə evlənəndə aramızda belə bir söhbət olmamışdı ki, övladımız olmasa boşanacağıq. Bu, taledir.
Sonra iki övladımız dünyaya gəldi, birinin 24, birinin isə 21 yaşı var. Pulsuz günlərimiz olub, amma şükür Allaha, bu gün hər şey var. Çətinliyə dözmək lazımdır. Bu həyat mübariz insanlarındır. Həyatda yaşamaq üçün məqsəd olmalıdır. Hansısa çətinlik zamanı tez gedim məhkəməyə boşanım, olmaz.
Qızlarımıza, oğlanlarımıza demək istəyirəm ki, ailə quranda yüz ölçüb, bir biçin. Bir-birinizi tanıyın. Elza Seyidcahan belə bir söz demişdi ki, "indiki gənclər bal ayına gedirlər və oradan boşanıb, gəlirlər". Valideynlər də bu məsələdə çox ehtiyatlı olsunlar, bir az sosial şəbəkələrdən uzaqlaşsınlar. Çünki sosial şəbəkələr bəzi insanları cahilliyə aparır. Sosial şəbəkələrdəki lüks, zəngin həyat sürənlər kimi yaşamaq istəyirlər. O həyatı yaşamaq istədiklərinə görə çətinliyə dözmürlər. Asan yollar axtarıb, zəngin olmaq istəyirlər. Gənclərimiz boşananda şəxsən mən çox üzülürəm.
- Nadir bəy, oğlanlarınızın şəxsi həyatına nə dərəcədə müdaxilə edəcəksiniz?
- Əvvələr müdaxilə etmək istəyirdim, amma görürəm ki, bu gün dövran başqadır. Müdaxilə yox, onlara məsləhət verə bilərəm. Seçimsə özlərinindir, çünki həyatda onlar bir yerdə yaşayacaqlar. Onların xoşbəxt olması üçün seçimlərinə qarışmayacam. Savadlı uşaqlardır, böyük oğlum Avropada, kiçik oğlum isə Rusiyada təhsil alıb.
Düşünürəm ki, pis seçim etməzlər. Kim pis olarsa özünə ziyan edir.
- Nadir bəy, bir çox müğənnilər kredit borcunun olmasından şikayət edirlər. Beş aydır işləmədiyinizi qeyd etdiniz. Sizin də kredit borcunuz varmı?
- Açığını deyim, heç vaxt kredit götürməyi sevmirəm. Neçə il öncə nə kredit, nə də lombard var idi. Biz necə yaşayırdıq? Aza razılaşırdıq, yoxdursa yoxdur. Bəzi insanlar kredit götürür, sonra ödəyə bilmirlər. Adam borcu olanda gecə yata bilmir. 10 il əvvəl avtomobil alanda kredit götürdüm, tez ödəyib qurtarırdım. Hətta bankdan deyirdilər ki, Nadir müəllim, sizə 100 min verək, xırda-xırda ödəyərsiniz. Dedim, pulu neynəyəcəm?
Mən belə şeylərdən qorxuram, gecələr yata bilmirəm. Borcum olanda gecələr yuxu dərmanı ilə yatırdım, elə bil, qaynar qazanın içində olursan. Ona görə də nəyim varsa şükür edirəm.
- Bir müddət əvvəl AzTV-də yayımlanan "Eyvana çıx" verilişində qonaq qismindən çıxarıldığınız qeyd etdiniz. Amma AzTV yanında Bədii Şuranın üzvü, xalq artisti Mübariz Tağıyev dedi ki, televiziyada heç bir müğənniyə qadağa qoyulmayıb.
- Mən yaradıcılığa AzTV-də başlamışam, 80 illərinin əvvələrində. AzTV mənə doğma məkandır. Əvvələr məni tez-tez dəvət edirdilər, sonra kollektiv dəyişdi. Klassik estradamızda retro mahnıları canlandıran ifaçılardan biriyəm. Bilmirəm nə baş verdi? İnşallah ki, yenə dəvət edərlər. Dəvət etməsələr də sağ olsunlar. Mən onsuz da heç nə itirmirəm. Cabir Novruzun gözəl şeiri var: "Sağlığında qiymət verin insanlara".
Demirəm ki, dahi sənətkaram, amma keyfiyyətli və peşəkar ifaçıyam. Məndən istifadə eləsinlər ki, gələcəyə nəsə qala bilsin. Necə ki, dahilərimizdən bizə irs qalıb. Rəhmətə gedəndə bizdən də nəsə qalmalıdır. Onsuz da məndən də nəsə qalacaq. İnsanlar məni çox sevirlər. Başqa kanallarımız ARB, Xəzər televiziyası, ATV-ə dəvət alıram.
Xəzər televiziyasına şəxsən Murad Dadaşov özü dəvət edib. Biz 20 ildir ki, dostluq edirik. Mənim 50 yaşıma az qalıb, bu, kiçik ömür deyil. Ömrümün 30-35 ilini səhnəyə həsr etmişəm. Şükür, bu günə qədər nəsə edə bilmişəm.
Hələ arzularım var və qabaqdadır. Bu gün də ruhdan düşmürəm. İki köhnə mahnı var, aranjemandadır. Həyat davam edir. Nə qədər sağam və nəfəsim gəlir, oxuyacam, Azərbaycan musiqisinə, mədəniyyətinə, xalqına xidmət etməkdən zövq alacam.
- Murad Dadaşov Xəzər televizyasına rəhbər təyin edildikdən sonra bəzi müğənnilərin kanala çıxışına qadağa qoyulduğu iddia edildi.
- Murad Dadaşov mədəni, ziyalı, zövqlü insandır. İllərdir onun təşkilatçılığı ilə hazırlanan şoular var. Bütün verilişləri də yüksək reytinq qazanıb. Çünki bu işin peşəkarıdır. Düşünürəm ki, o, kanalda dəyişikliklər edir, daha keyfiyyətli verilişlər hazırlamaq istəyir, keyfiyyətli aparıcılar və musiqiçilərlə. Onun hansı müğənnilərə qadağa qoyduğunu bilmirəm. Ümumiyyətlə, kanalı dəyişmək istəyir. Qoy, hər şey yaxşılığa dorğu olsun və heç kim də inciməsin.
- İddiaya görə, Damla, Şəbnəm Tovuzlu, Pərviz Bülbülə və bir neçə müğənniyə qadağa qoyulub.
- Onların özləri də qeyd ediblər ki, yutubda daha çox dinlənilirlər. Yəqin ki, bu məsələ də aradan götürüləcək. Düşünürəm ki, onların sevənləri var və gələcəkləri qabaqdadır.