15 Avqust 2020 11:10
2 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Bəhram Bağırzadə "Planet Parni iz Baku" komandasının İnstaqramda yayımlanan 2+1=4 adlı layihəsində qonaq olub.

Teleqraf.com xəbər verir ki, koronavirusdan sağalan Bəhram Bağırzadə virusa inanmayanları tənqid edib:

"Koronavirusa ancaq cahil və savadsız insan inanmaya bilər. Ola bilər ki, kimsə müəyyən səbəbə görə inanmır. Mən keçən dəfə öz efirimdə də dedim ki, TƏBİB-in rəhbəri Ramin Bayramlıdan da xahiş edəcəm xəstəxanaların önünə ekskursiyalar təşkil etsinlər və inanmayan insanlara maska taxıb palataları gəzdirsinlər.

Onlar virusa yoluxanların nəfəs ala bilmədiyini, necə boğulduğunu və burnundan qan gəldiyini görsünlər.

Bəlkə ondan sonra onlarda Allah qorxusu olar və Səhiyyə Nazirliyinin qanunlarına inanarlar. Onlar başa düşmürlər ki, virus çoxalsa, millət kimi məhv olarıq. Mən 20 gün komada, 26 gün isə reanimasiyada qalmışam. Hansı əzab-əziyyətləri çəkmişəm, Allah bilir. Bəziləri deyir ki, Bəhram Bağırzadə şou edir, guya koronavirusa yoluxmayıb, bağda oturub istirahət edir, onun üçün şərait yaradıblar".

Bəhram Bağırzadə Tahir İmanovun "46 gün komada olanda nə gördün?" sualına isə belə cavab verib: "20 sutka ərzində o qədər film gördüm, hamısı rəngli kadrlar idi. Ən çətini isə komadan çıxandan sonra idi.

Komadan ayılandan sonra 4-5 gün çox çətin oldu. İnsan çox sentimental, kövrək olur. Sən anlamırsan ki, hardasan. Mən xəstəxanaya yerləşdiriləndə huşumu itirmişdim. Birinci həftə nə baş verdiyini hansı xəstəxanada olmuşam, oradan hansı xəstəxanaya aparıblar, bilmədim".

Əməkdar artist tam sağalmadığını da deyib: "Yavaş-yavaş gəzirəm. Hamı elə bilir ki, artıq məndə hər şey yaxşıdır. Məndə reabilitasiya gedir. Yenidən gəzməyi öyrənirəm. Çünki əzələlərim yanıb, gəzməyə çətinlik çəkirəm, otaqdan mətbəxə 7 dəqiqəyə çatıram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər