"Qurd" ləqəbli məşhur reper Fərid Eminov Teleqraf.com-un "Onun inboksu" layihəsinə qonaq olub.
Müsahibəni təqdim edirik.
- İnstaqram sizin üçün hansı funksiyanı daşıyır?
- İnstaqram sosial şəbəkə olaraq öz kütləmlə yaxın münasibət və əlaqədir.
- İnstaqramda nə qədər izləyiciniz var?
- 120 min...
- Saxta profiliniz varmı?
- Qətiyyən...Ona görə izləyici sayım azdır. Camaatda iki-üç milyondur. Azərbaycanda o qədər izləyici yoxdur.
- Hansısa həmkarınızı bloka atmısız?
- Xeyr. Bir müğənni ilə aramda söz-söhbət olub. O, məni bloka atıb, sonra başa düşüb ki, o, girən kol deyil... Sonra özü üzr istəyib.
- Ad çəkə bilərsiniz?
- Xeyr.
- Sizə hansı mənada mesajlar ünvanlayırlar?
- Mesajların mahiyyəti müxtəlif olur, tədbirlərlə bağlı və sair. Çox zaman insanlar video göndərirlər ki, İnstaqramda paylaşım.
- İnstaqramda reklamlardan pul qazanırsınız?
- Yalnız reklam dəvətləri olanda pul qazanıram. Bu sahə Azərbaycanda çox inkişaf etməyib. Ayda bir dəfə rekalmadan gəlir əldə edirəm.
- Bakı Nəqliyyat Agentliyində baş mühəndis kimi fəaliyyətə başladıqdan sonra sizdən yardım istəyənlər çoxaldımı?
- Yardım istəyənlər müxtəlif olur, köməyə həqiqətən ehtiyacı olanlar az deyil. Sözüm pis səslənə bilər, bəziləri az qala dilənçiliyə keçirlər. Məsələn, belə: "Mənim banka borcum var, ödəyin..." Qardaş, sənin yerinə pul götürməmişəm ki, gəlim, ödəyim? Amma insanlar da var ki, doğrudan köməyə ehtiyacları olur, hansısa xəstəlikdən əziyyət çəkirlər. Mesajlara cavab verdiklərim də olub, kömək etdiklərim də...
- Nişanlandıqdan sonra qız fanatlarınız sizdən uzaqlaşıblar?
- Xeyr. Mən də heç vaxt "playboy" rolunu oynamamışam. Musiqimi, performansımı seviblər.
- Qız fanatlarınız çoxdur?
- Çoxdur... (Gülür).
- Şahmatçı Şəhriyar Məmmədyarovun baldızı, bəstəkar Leyla Namazzadə ilə nişanlısınız. Nə zaman nikah masasına əyləşirsiniz?
- Operativ Qərargah nə zaman toy mərasiminə icazəsi verəcək, karantin qaydaları tam şəkildə yığışdırılacaqsa, onda nikah bağlayıb evlənəcəyik.
- 50 nəfərlik gizli toy mərasimi... Belə etmək istəyərsiniz?
- Xeyr, qətiyyən. Çünki qanun sevər insanam, dövlətimin qoyduğu qaydalara düzgün riayət etməyi özümə borc bilirəm.
- Nişanlınıza sevginizi necə bildirdiniz?
- Konkret insanam. Biriylə ailə qurmaq istəyəndə onu tanıyırsan, öyrənirsən, görüşürsən. Oturuşuna, duruşuna, tərbiyəsinə, ailəsinə baxandan sonra öz fikrini bildirirsən. Əlbəttə, bir bəy kimi əlindən gələni edirsən ki, xanımın "hə"sini alasan...
- Neçə dəfə elçi getdiniz?
- Bir dəfə elçi gedildi və əliboş qayıtmadılar...
- Nişanlınıza nə demək istəyərsiniz?
- Sizi neynirəm, zəng edib özünə deyə bilərəm... (Gülür). Lazım olsa telefonda yazaram və ya zəng vuraram. Əslində, ailə haqqında danışmağı çox sevmirəm, amma başa düşürəm ki, adamalara sevdikləri, pərəstiş etdikləri insanların həyatı maraqlıdır...
- Leyla xanımın xüsusi cəhətləri nədir? Sizi onda nələr cəlb etdi?
- Qərarlı, tərbiyəli və ağıllı xanımdır...