15 Sentyabr 2022 09:05
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

CBC Sport telekanalının futbol şərhçisi Pərviz Musayev Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik.

- Pərviz bəy, jurnalistika fakültəsini bitirməmisiniz. Bu sahəyə gəlişiniz necə oldu?

- Bəli, mən ixtisasca tərcüməçiyəm. Azərbaycan Dillər Universitetinin təcümə ixtisasını fransız dili üzrə bitirmişəm. Junalistika sahəsinə gəlişim 1998-ci ildə lll kursda təhsil alan zaman oldu. İdmanla məşğul olmuşam, güləşçi idim. Tələbəlik illərimdə o zaankı "Sara" televiziyasında təcrübə keçdim, sonra orada işləməyə başladım. Universiteti bitirənə qədər orada çalışdım, sonra hərbi xidmətə yollandım.

Mən "Sara" televiziyasında idman xəbərlərini hazırlayırdım. Şərhçiliyə isə 2001-ci "Lider" televiziyasında başladım. Beləliklə, öz ixtisasım deyil, idman jurnalistikası üzrə fəaliyyət göstərdim.2002-ci ildə şərhlərə, 2004-cü ildə isə sırf futbol şərhlərinə başladım.

İlk şərhim "İntertoto Avropa" kubokunun yarışı zamanı oldu. "Xəzər Universitet" futbol komandası Avstriyanın "Kazino Şvarts" klubu ilə oynayırdı. İlk şərhimdə mənə istiqamət verən və yanımda olan Rövşən Binnətli olub.



- Futbol şərhçilərilə bağlı çoxlu iradlar var. Lazımsız təfərrüatlara varırlar, futbol epizodlarından çıxırlar... Baxırsan ki, dayanmadan danışırlar, sanki hansısa həcmdə danışmaqla müəyyən plan doldurmalıdırlar. Bu nə ilə bağlıdır?

- Şərh prosesində tamaşaçılar tərəfindən birmənalı qarşılanamayan kifayət qədər məqamlar olur. Mənim də səhvlərim olmamış deyil, böyük və kiçik səhvlərə yol verə bilərəm. Təbii ki, səhvlərdən qaçmaq lazımdır.

Əlbəttə, oyundan-oyuna da fərq var. Elə oyun olur, çox sürətli və maraqlı keçir, kənar məsələlər haqda danışmağa vaxt tapmırsan. Elə oyun da olur ki, darıxdırıcı keçir, belədə şərhçi boşluğu müəyyən məlumatlarla doldurmağa çalışır. O məlumatlarsa ifrat dərəcədə olmamalıdır. Oyunda hücum gedirsə, şərhçi kənar mövzulara keçməli deyil. Bu cür hallar şərhin keyfiyyətinə təsir göstərir.

Şərhlərə münasibətdə tamaşaçının zövq məsələsi də var. İnsan var, dinamik şərhi, insan da var, rahat şərhləri sevir. Bizim şərhçilərin işini çətinləşdirən konkret məqamları da nəzərdən qaçırmaq olmaz.

Azərbaycan tamaşaçısı həm Türkiyə, həm də Rusiya televiziyalarını izləyir və həmin telekanallarda futbol şərhləri arasında müqayisə aparır. Rusiyada şərhçilik oyunun təhlili üzrə, Türkiyədə isə meydanda baş verənlər üzərində qurulur. Bizim tamaşaçılar da şərhçilərdən bunların hər ikisinin sintezini tələb edir. Yaxud türk futbolunun azarkeşləri bizdən Türkiyə şərhçiləri kimi, Rusiya azarkeşləri isə rus şərhçiləri sayaq tərz gözləyirlər...

Bu məsələlərlə bağlı zaman-zaman Azərbaycanda müzakirələr gedir, narazılıqlar bildirilir. Bunlardan bizim də xəbərimiz var. Demirəm ki, şərhçilərimizin səviyyəsi əladır. Hər halda çalışırıq ki, tamaşaçı zövqünü oxşayan, ona oyunu izləməkdə kömək edən şərh verək.

- Şərhçilərin oyun zamanı çox və ya az danışmasının onun qonorarına təsiri yoxdur ki?..

- Xeyr, şərhçinin uzun, ya qısa danışmasının qonorara aidiyyəti yoxdur. İstəyir 90 dəqiqəlik oyunun 60 dəqiqəsini danış, istəyir dayanmadan şərh elə... Amma şərhin keyfiyyəti mühümdür. Şərh keyfiyyətli olanda stimul verir ki, daha çox təyinat alasan.

Təbii ki, hər kəs istəyər onun şərhindən sonra haqqında xoş sözlər deyilsin. Maddi qazanc da önəmlidir, ancaq hər bir şərhçi ilk növbədə arzulayar ki, onun şərhindən tamaçı zövq alsın.



- Bir az öncə Rusiya və Türkiyə şərhçilik məktəblərini vurğuladınız. Siz daha çox hansı məktəbi özünüz üçün nümunə sayırsınız? Futbol şərhçiliyin kriteriyalarından söz açmağınızı istərdik...

- Düzü, nə mənim, nə də həmkarlarım özünü Rusiya, yaxud Türkiyə şərhçilərinə bənzətmək fikri var. Bizim güclü şərhçi məktəbimiz də olmayıb. Sovet illərində bir telekanalımız fəaliyyət göstərib. Bu vaxta qədər barmaqla sayılacaq qədər futbol şərhçilərimiz olub - Çingiz İsmayılov, Valid Sənani, Fikrət Adgözəlli, müstəqillik dövründə Altay Əliyev...

"Lider" televiziyası ictimai-siyasi kanal kimi fəaliyyətə başlamışdı, amma futbol oyunları, dünya çempionatları da kanalda yayımlanırdı. Bir az öncə qeyd etdiyim kimi, ilk şərhimdə Rövşən Binnətli yanımda olub. Eləcə futbol şərhçiliyimdə özümə örnək götürdüyüm və mənə müəllimlik edən Rövşən Binnətlidir.

Şərhçi çalışmalıdır lki, dinamik oyunun tempini aşağı salmasın. Elə oyun ola bilər ki, əlavə mövzudan danışmağa ehtiyac qalmaz. Oyunda baş verənləri təqdim etmək bəs edər. Oyun da var, ölüdür, getmir. Belə deyim var ki, yaxşı şərhçi maraqsız oyunu maraqlı edəndir. Bu fikirlə mən də razıyam. Oyun ölüdür, sən də rahat danışırsansa, tamaşaçı nə oyundan, nə də şərhçidən zövq ala bilər. Bu kimi hallara diqqət etmək lazımdır.

Futbol şərhçisi terminologiyadan, oyun qaydalarından xəbərdar olmalıdır. Amma bu terminologiya ilə kifayətlənmək düz deyil. Şərhçinin söz ehtiyatı geniş olmalıdır. Tamaşaçıya fikri obrazlı şəkildə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir.

- Bəzən şərhçinin yumor hissi, məsələyə zarafatla yanaşması da uğursuz alınır...

- Epizodla bağlı hansısa bir ifadəni düzgün deyə bilmir, yumorun, bənzətmənin oyuna aidiyyəti olmursa, artıq bu, şərhçinin qüsuru kimi qəbul edilməlidir.

- Şərhçiyə şərh zamanı səhvlərinə görə hansısa cəza növü tətbiq edilirmi?

- Şərhçinin səhvi ona bildirilir. Cəzalandırmadan danışmaq çətindir. Hansısa kobud səhvə yol verirsə, təkbətək və yaxud kollektiv iclaslarda bu qeyd olunur.

- Bəzi şərhçilərimiz futbolçunun adını düz demir...

- Biri var, oyunu stadiondan şərh edirsən, biri də var, ekran qarşısından. Şərhçinin əlində heyət haqqında məlumatlar, adlar olur. Bununla belə, qeyd etdiyiniz hallara rast gəlinir, halbuki olmalı deyil.

Futbolçunun adını səhv demək halları məndə də olub. Tutalım, oyunu ekrandan şərh edirsən, oyun zamanı futbolçu da mövqeyini dəyişib, onda adlarda səhv mümkündür.

Biri də var, stadiondayam, yerdəyişməni aydın müşahidə edirəm. Futbolçular uzaq məsafədən və yaxud zahirən biri-birinə bənzəyə, oyunçuların mövqe dəyişikliyi zamanı çaşqınlıq yaşana bilər. Epizodik hallarda da yanlış səsləndirmələr olur. Bu, tək Azərbaycan şərhçilərinə aid səhvlər deyil. Bunu özümüzü təmizə çıxarmaq üçün də demirəm. Rusiya, Türkiyə, lap ingilsi şərhçilərində də futbolçunun adını səhv salmaq hallarına rast gəlinir.

- Şərhçi bütün futbolçuları tanımalıdırmı?

- Tanıması məsləhətdir... Oyunun əvvəlində şərhçinin əlində protokol olur, filan nömrəli futbolçu kimdir, kim hansı bölgədə oynayır və sair orada qeyd edilir. Bütün bunları yadda saxlamaq lazımdır. Tutalım, Azərbaycan çempionatını şərh edirəmsə, hətta protokolsuz da şərh edə bilərəm.

Yaxın günlərdə "Dinamo" (Zaqreb) "Çelsi" ilə oynayırdı. "Çelsi" nisbətən daha çox tanınmış futbol klubudur. Amma "Dinamo" şərh mənasında mənim üçün yeni idi. Belə klubunun oyunçularının meydandakı düzüləşlərinə və yerdəyişməsinə uyğun beş-on dəqiqə vaxt lazım olur ki, onları tanıyım.

- Azərbaycan stadionlarında şərhçilər üçüm ayrılan nöqtələr düzgün qurulubmu?

- Bizim yaralı yerimizə toxundunuz, bəzi stadionlarda şərhçilər üçün mövqelər, yerlər düzgün təyin edilməyib. Keçmiş "Şəfa" stadionu yaxşı idi, meydanı, stadionu görmək baxımından rahat idi. Yalnız sütunlar mane ola bilərdi. "Bakcell Arena" rahatdır, sadəcə mənfi cəhəti odur ki, açıqdır. Qışda və küləkli havada vəziyyətimiz yaxşı olmur. Külək hər şeyi dağıdır, kağızları əlinlə tutursan ki, aparmasın. Meydanı görmə bucağı da yaxşıdır.

Təəssüf ki, Sumqayıt şəhər stadionu haqda yaxşı söz deyə bilməyəcəm. Meydanda aşağını görmək üçün əyilməlisən. "Zirə" idman kompleksində şərhçilik mövqeyi mərkəzdə deyil. Tofiq Bəhrəmov adına Respublika Stadionunda şərhçi mövqeyi normaldır.

Xarici ölkələrin stadionlarda şərhçinin meydanı görməsinə xüsusi diqqət yetirilir. Yaxşı olar ki, Azərbaycanda da bu hala diqqət edilsin, amma iradım bütün stadionlara aid deyil.

- Şərhçilər çox vaxt AFFA-nın möqeyinə əks getmirlər, oyun zamanı hakimlərin qərarına haqq qazandırmağa çalışırlar. Bu fikirlərlə razısınızmı?

- Xeyr. Öz şəxsi təcrübəmdən deyirəm. Əgər şərhçi fikrində yüz faiz əmindirsə, epizodda hakimin yanlış qərar verdiyini görürsə, bunu bildirir. Hansısa epizod şübhəli görünə bilər, bu da mümkündür.

Şərhçi hakimin səhvindən əmindirsə, deməlidir. Əgər tərədüdd varsa, subyektiv fikrini ifadə etməlidir. Mən və həmkarlarım bu prinsiplə hərəkət edirik.

- Yəni AFFA-nın hər hansı şərhçiyə təsiri olmur?

- Səmimiyyətimə inanın ki, 2015-ci ildən CBC Sport kanalı ilə əməkdaşlıq edirəm. Bu vaxta qədər bir dəfə də olsun deyilməyib ki, filan oyunda filan sözü deyin, filan fikri bildirməyin. Tapşırıq olmayıb.

- Niyə şərhçilərimizin sayı azdır?

- Deməzdim ki, şərhçilərimizin sayı azdır. Ölkədə idman yarışlarını yayımlayan üç kanal var, CBC Sport, İdman TV və İTV. CBC Sport kanalında ondan artıq şərhçi var. İdman TV-də bir neçə şərhçi çalışır.

Düzdür, İdman TV-də futbol yox, digər idman növləri üzrə yayımlar həyata keçirirlər. Şərhçilərimiz var, gənclər də gəlir.

- Daha çox sevdiyiniz futbolçu kimdir? Hansı futbol komandasının oyununu şərh etmək sizə xoş təsir bağışlayır?

- Bu məsələ tez-tez müzakirə olunur. Xüsusilə azarkeşi olduğun futbol klubunu şərh etmək məsələsi... Məlumdur ki, yaxşı oyun oynayanda azarkeşi olduğun futbol klubu haqqında xoş sözlər deyirsən. Bu halda narazılıq yaranır ki, şərhçi azarkeşlik etdiyi komandanı tərifləyir.

Məsələn, mən özüm "Qalatasaray" klubunun azarkeşiyəm. Tamaşaçılarımız arasında isə ayrı-ayrı klubların azarkeşləri var. Bu səbəbdən şərhçi tərəf saxlamalı deyil. Mən bu qaydaya riayət edirəm. "Qalatasaray"ın "Real Madrid" ilə matçında azarkeşlik hissimi o qədər kənara qoymuşdum ki, oyun bitəndən sonra doğma azarkeşlər az qalmışdı məni linç etsinlər. "Sən türk düşmənisən", "Necə ola bilər ki, türk klubunun ünvanına belə sözlər deyirsən" - bu kimi ittihamlar səslənirdi. Soruşuram, ay qardaş, 0:6 uduzan komanda haqda nə deməliyəm?! Nə olsun ki, azarkeşiyəm?..

- Sosial şəbəkələrdə olan tənqidlər sizə necə təsir edir?

- Biri var tənqid var, biri də var təhqir... Təhqir heç kimə xoş deyil. Təəssüf ki, bu gün sosial şəbəkələrdə tənqidlə təhqiri qarışdıranların sayı çoxdur. Bu tək futbola aid deyil. Bəzən oyun gedə-gedə yazırlar ki, filan şeyi səhv dedin. Cavab yazıram ki, çox sağ ol. Səhvimi də düzəldirəm...

- Azərbaycanda hansı futbol klubuna azarkeşlik edirsiniz?

- Azərbaycanda azarkeşlik etdiyim futbol klubu yoxdur.

- Bəs futbolçu?..

- Emin Mahmudova, Qara Qarayevə simpatiyamı gizlətmirəm. Elələri də var ki, tək futbolçu kimi yox, insan olaraq da dəyər verirəm. Avropa Liqasında oynayan bütün klublarımıza isə azarekşlik edirəm.

- "Qarabağ" futbol klubuna xüsusi münasibətiniz yoxdur?

- "Qarabağ" klubuna münasibətim "Neftçi"yə, "Qəbələ"yə olan rəğbətimdən fərqlənmir. Bəli, "Qarabağ"ın Avroklublarla çıxışı, gördüyü işlər təriflənməlidir, qeyd olunmalıdır. Daxili çempionatda klublarımızın hamısına münasibətim eynidir.

- Özünüzə örnək götürdüyünüz şərhçi kimdir?

- Futbol şərhçiliyində mənə dəstək olan Rövşən Binnətlini özümə müəllim hesab edirəm. İndikilərdən İTV-nin şərhçisi Tural Dadaşovu qeyd edərfim, o, kifayət qədər emosionaı və çoşqulu şərhçidir. İdman TV-də Siyavuş Əliyevdir, çox savadlıdır. CBC Sportda şərhçilərin sayı daha çoxdur. Məsələn, Gündüz Abbaszadənin söz oynatmasına söz ola bilməz. Rüstəm Əfsərlini də xatırlatmaq istərdim, futbolu çox gözəl bilir. Rüstəmin şərhlərinə qulaq asmaq xüsusi zövq verir. Hər bir şərhçinin təbii ki, müəyyən müsbət və çatışmayan cəhətləri də var.

- Şərhçilərin keyfiyyət göstəricilərini qeyd edəndə birində söz oynatmasını, o birində emosiyanı vurğuladınız. Sizə görə şərhçinin ən üstün keyfiyyəti nədir?

- Şərhçi ilk növbədə futbolu bilməlidir. Ən azından nəyi şərh etdiyini, oyun qaydalarını, epizodları düzgün analiz etməyi bacarmalıdır. Bol söz ehtiyatı olmalıdır. Şərhçi Kote Maxaradzenin bir sözü var: "Hələ top havadadır, mən sizi komandanın heyəti ilə tanış edim". Top havada iki dəqiqə qala bilməz, bu, sadəcə yaxşı obrazlı ifadədir.

- Yazıçı Orxan Fikrətoğlu yaxın günlərdə "Azərbaycan idman jurnalistikası kimlərinsə cibindədir" deyə bildirmişdi. Buna münasibətiniz necədir?

- Düzü, həmin fikirlərlə tanış olanda həddindən artıq pis oldum. Ad çəksəydi daha yaxşı olardı. Orxan Fikrətoğlu tanınmış simadır, dəyərli həmkarımızdır. Onun fikirlərini maraqla izləmişik və izləyirik, amma futbol təsərüffatına yeni gəlib. Birdən-birə bu fikirlərlə ortaya çıxması heç yaxşı olmadı.

Zənnimcə, fikirlərinin bu qədər sərt reaksiya ilə qarşılaşacağını gözləmirdi. Sonra özü də dolayısı ilə etiraf etdi ki, fikirlərini ümumiləşdirməklə düzgün etməyib.

- Sizcə, Azərbaycan futbolunun ümumi vəziyyəti necədir?

- Bir onu deyə bilərəm ki, Azərbaycanın futbol şərhçiliyi Azərbaycan futbolunun səviyyəsindən daha yüksəkdir.


Müəllif: Qurban Yaquboğlu, Rəqsanə Həsənova, Pərviz Qaralov

Oxşar xəbərlər