Xalq artisti qurban kəsdirəcək
“Müqəddəs bayramımız olan Qurban bayramına saylı gün qalıb və hər il olduğu kimi bu il də qurban kəsdirəcəm”.
Bunu Teleqraf.com-a tanınmış xalq artisti Məleykə Əsədova bildirib. Qeyd edib ki, Qurban bayramı sevdiyi bayramlardan biridir: “Allaha bağlı insanam, ümumiyyətlə, ailəlikcə dinə bağlıyıq. Qurban bayramı çox sevdiyim müqəddəs bayramlardan biri olduğu üçün hər il qurban kəsirik. İnanın ki, institut illərimdən qurban kəsdirməyə başlamışam. Allah hər birimizə qurban kəsmək nəsib etsin”.
Xalq artisti onu da bildirdi ki, hər zaman Allaha şükür edən insandır: “Hər bir insanın problemi, çətinliyi və xoşbəxtliyi olur. Çətin günlərimdə də Allahıma şükürlər edirəm. Allah mənə istedad, can sağlığı, gözəl vücud verib. Ən əsası anam dünyasını dəyişdikdən sonra məni tək qoymadı, ağıllı bir qız verdi və buna görə min dəfə şükür edirəm. Qızım da Allahıma bağlıdır. Hər zaman ziyarətgahlara gedərkən qızımı da özümlə aparıram. Onu da bildirim ki, namaz qılmıram, çünki geyimim namaza uyğun olmalıdır. Eləcə də namaz qılıb yarıda qoymağı da qəbul etmirəm. Namaz qılırsansa, axıra qədər qılmalısan. İçimdə Allah sevgisi, Allah qorxusu var. Uşaqlıq illərimdən bu günə qədər də o hisslərlə yaşayıram. Mənim ən yaxın dostum Allahdır. Hər birimiz də Allahımıza sığınmalıyıq”.
Qeyd edək ki, sentyabrın 24-25-də Qurban bayramıdır.
Rəqsanə Həsənova