Xorvat əsilli Dora 1930-cu illərdə Parisdə sürrealizim hərəkatının sıralarında diqqət çəkməyə başlamışdı. Parisin avanqard çevrələrinə girdikdən sonra Jan Kokto və Man Rey üçün modellik etmişdi, Andre Breton öz qalereyasına onun şərəfinə “Qradiva” adını vermişdi, Jorj Batay onun gözəlliyindən ovsunlanmışdı, fotoşəkli Londonda Beynəlxalq Sürrealizm Sərgisinin simvolu olmuşdu. Pikasso bütün despotizmi ilə həyatına girməmişdən əvvəl Maar sürrealizmin yüksələn ulduzu idi.
Ağlayan qadın
Dora Maar Pikassonun məşhur portretindən, demək olar ki, hər kəsin tanıdığı qadındır. Lakin Dora təkcə bir məşhur rəssamın sevgilisi yox, həm də dünyanın ən tanınmış sürrealist fotoqraflarından biri idi. Buna baxmayaraq, Dora Pikassonun “Ağlayan qadın” əsərindəki obraz kimi tanınır. Təsadüfi deyil ki, Doranın göz yaşları rəssamın bir çox əsərinin əsas mövzusu olmuşdu. Dora Maar isə onu belə tanıyanlara demişdi: “Portretlərimin hamısı tamamilə yalandır, onlar Pikassoya aiddir. Onların heç biri Dora Maar deyil”.
Həyatı və fəaliyyəti ilə bağlı çox az yazılı dəlillər qoyan, yaddaşlarda qəsdən müəmmalı qalmağa çalışan Dora Maar tez-tez öz portretlərindən və yaratdığı obrazlardan narazılıq edirdi. Buna baxmayaraq, Maar ömrü boyu fəaliyyətinə fasilə vermədi və yalnız ölümündən sonra kəşf edilən inanılmaz əsərlər yaratdı.
Əsl adı Henrietta Teodora Markovitç olan və 1907-ci ildə Parisdə doğulan sənətkarın uşaqlığı atasının işi səbəbiylə köçdüyü Argentinada keçib. Rəssamlığı öyrənmək üçün Parisə qayıdanda Andre Bretonun gələcək həyat yoldaşı Jakelin Lamba və Henri Karte-Bressonla dost oldu. Bu üç dost kubist rəssam Andre Lotdan təhsil almışdı. Amma Dora zamanla Lotun metodlarının ona uyğun olmadığını başa düşmüşdü.
Küçədən sola
Bir çox insan, xüsusən Karte-Bresson ona fotoqraflığa müraciət etməsini söyləyirdi. İstedadlı və eyni zamanda inanılmaz dərəcədə intizamlı olan Maar bu məqsədlə medianın texniki incəliklərini öyrənməyə başladı. 1930-cu ildə özünü Dora Maar adlandırdı.
Cərəyanların hələ dəqiq müəyyənləşdirilmədiyi bir vaxtda fotoqraflığa başlaması Maara istədiyi qədər inqilab etməsinə və fərqlənməsinə imkan verdi. Güzgülərlə işləməyə başlayan Maar parçalanmış cansız manekenlərin əllərindəki güzgülərə bəzi görüntülər verərək, proto-sürrealist fotomontajda özünü sınadı. Paris, Barselona və Londond küçələrindəki sol ideologiyanı fotolaşdırdı. 1929-cu il maliyyə böhranının Avropada yaratdığı ağrılı mənzərələr Doranın obyektivindən gəlib keçdi.
Maarı sürrealizmə sol siyasəti və sənət ideologiyaları çəkmişdi. Bu məqsədlə tez-tez Parisdə keçirilən siyasi iclaslara qatıldı və Bretonun faşizmin yüksəlməsinə etiraz olaraq yayımladığı manifestləri (“Əks-həmlə”) imzaladı.
Dora olmasaydı
Jan Renaurun “Müsyö Lanc cinayəti” filmində fotoqraf kimi işləyən Doranı Pikasso ilə Paul Eluard tanış etdi. Tezliklə sevgili oldular. O zaman Pikasso həm şəxsi həyatı, həm də yaradıcılığında ağır günlər keçirirdi. Olqa Xoxlova ilə evliliyi sevgilisi Mari Tereza Uolterin hamiləliyindən sonra bitmişdi. Pikasso üçün Dora ilə tanışlıq yeni bir başlanğıc idi. Bəlkə də Dora olmasaydı, Pikasso XX əsrin ən vacib əsərlərinə imza ata bilməyəcəkdi.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsinin başlamasından sonra həm Maar, həm də Eluard əvvəllər siyasətdən uzaq dayanan rəssamı antifaşist mövqe tutmağa inandırdı. Almaniya və İtaliya hərbi qüvvələri Frankonun istəyi ilə qiyamın başladığı bir ispan şəhərinə müharibə elan etdikdə, Maarla sıx müzakirələr yalnız “Gernika”nın yaradılmasını yox, həm də onun ağ-qara fotoşəklə bənzəyən üslubunu da gündəmə gətirdi. Doranın “Gernika”nun məzmunu və yaradılışına verdiyi töhfə əvəzsiz idi. Bunu Pikassonun özü də bilirdi, dilinə gətirməsə də…
Qaranlıq otaqda
Maar atasının Argentinaya qayıtması, anasının 1942-ci ildə gözlənilməz ölümü və Jakelin Lamp kimi yaxın dostlarının sürgün edilməsi ilə məşğul olmalı idi. Bu ağrını Sena küçələrinin melankolik mənzərələri və işğal altında olan ölkə və həyatın kədərli təsvirlərini rəsm və fotoşəkillərində canlandırdı. Maar tədricən dünyadan çəkildi, dinə sığındı, ancaq yaradıcılığını dayandırmadı.
1960-cı illərdə çəkdiyi eskizlər mücərrəd rəsmlərə çevrildi və 1980-ci illərdə fotoqramlar (kamera olmadan çəkilmiş fotoşəkillər) yaratmaq üçün qaranlıq otağa sığındı.
Qeyri-müəyyənliyi qorumaq
Dora Maar təkcə qeyri-adi fotoqraf yox, eyni zamanda, məhsuldar bir rəssam və ehtiraslı bir şair idi. Burjua ailəsində böyüsə də, Dora Maar kamerasının obyektivini ilk illərindən Barselona və Paris küçələrindəki yoxsulluğa və fəhlələrə çevirmişdi. Bir müddət sonra Maar sərgilərinin başlanğıc nöqtəsi olan studiya fotoqraflığına da başladı. Kamerası studiyasında işıqlandırılan müxtəlif obyektlərə fokuslanmışdı. Moda jurnalları üçün müxtəlif saç modelləri və çılpaq qadın və kişi şəkilləri çəkmişdi. İşlədiyi reklam şirkətlərinin gözəllik məhsullarını fotoşəkillərində tanıtdıran Dora kadırlarına memarlıq əsərlərini və fərdi portretləri də daxil edib.
Maar “Pikassonun portreti”, “Simulasiya”, “Ubunun portreti” kimi qeyri-adi və izahı çətin olan sürrealist fotoşəkillərini spesifik üsullarla ortaya qoyub. O dövrdə bir çox sürrealist sərgidə iştirak edən Maarın reallıqla toqquşan əsərləri o dövrün aldadıcı atmosferinin qeyri-müəyyənliyini bu gün də qoruyur. Əslində, bu qeyri-müəyyənlik asanlıqla başa düşülə bilən və reallığı əks etdirən fotoşəkillərin arasından çıxıb zamana meydan oxumaq və izləyicilərin zehnində yer tutmaq imkanı verir.
Pikasso ilə sevgili olmaq
Yalnız ehtiraslı münasibətlərinə görə deyil, həm də sənət üçün tanış olan Maar və Pikasso əslində bir sevgi üçbucağında hərəkət edirdi. Pikasso onun bir çox kubik portretini çəkərkən (“Ağlayan qadın”, “Dora Maarın portreti”, “Dora Maar və pişik” və s.) Maar da “Gernika” əsərinin yaranma prosesi boyunca ona öz yardım əlini uzatmış və bu müddət haqda sənədli film çəkərək, rəssamlıq tarixi üçün vacib bir addım atmışdı. Ancaq bunların hamısı baş verərkən müvəffəqiyyətinin zirvəsində olan Maarın Pikasso ilə münasibətlərindəki eniş-yoxuş və rəssamın həyatındakı qadınlara qarşı qəddar davranışlarından ən çox pay alanlardan biri kimi, yaşamağa davam edən və yaratma həzzindən bezməyən Maar ümidsizlik və özünəşübhə kimi duğuların əsiri olmuş, zaman keçdikcə rəssamın məşhurluğunun kölgəsində qalmışdı.
Pikasso onunla münasibət qurduqdan sonra qızını dünyaya gətirən sevgilisi Mari Tereza Uolterlə birlikdə olmağa davam etdi. Gecələri Mari, gündüzləri isə “ilham pərim” adlandırdığı Dora ilə keçirirdi. Bu münasibət üçbucağında tükənən Dora Pikassonun təzyiqi ilə fotoqraflıqdan uzaqlaşdı, rəssamlığa üz tutdu, amma sevdiyi kişinin böyük nüfuzunun kölgəsi altında rəsmləri diqqətdən kənarda qaldı və “Pikassonun rəsmini çəkdiyi sevgili” kimi tanınmağa başladı.
Pikasso isə həyatındakı digər qadınlar kimi Doraya da yuxarıdan aşağı baxmışdı. Öz yüksək eqosu Doranı da əzmişdi. Dahi rəssam Doraya olan münasibətini bu sözlərlə ifadə etmişdi: “Heç vaxt ağlamaqdan başqa bir şey etdiyini görmədim, ağlamaqdan başqa bir şey etdiyini təsəvvür edə bilmədim”.
Pikasso özündən iyirmi yaş kiçik Fransuaza Gilotla münasibət qurduqdan sonra Doranı unutmuşdu. Pikassodan ayrıldıqdan sonra uzun illər özünə gələ bilməyən və depressiyaya düşən Maar sanatoriyada qalmaq da daxil olmaqla, bir çox müalicədən keçmişdi. O illərdə dəli olmaq həddinə çatdı. Ömrünün qalan hissəsini yalnızlıq içində fotoşəkil çəkərək, şeir yazaraq başa vurdu. Dəyəri ölümündən sonra başa düşülən bir çox sənətkardan biri olan Maar sənət tarixçiləri fotoşəkillərini ortaya çıxardıqda yenidən öz adıyla çağırıldı.
Alp dağlarının yamacında
Qırx il rəsm çəkən Dora Maar Pikassodan ayrıldıqdan sonra yalnızlıq hissinin üstünlük təşkil etdiyi daxili təsvirlərinin rəsmlərini çəkməyə başlamışdı. Daha sonra daxili dünyasını tərk edərək, Alp dağlarının ətəklərindəki Menerbesdəki evindən izlədiyi kədərli mənzərələri çəkdi. Sənət dünyasının mərkəzindən geri çəkildiyi üçün bu əsərləri dövründə o qədər də diqqət çəkməmişdi.
Maar Parisdən kənarda gecəqondular və baraklarda yaşayan təxminən 30 000-dən çox yoxsul insanın fotoşəklini çəkmişdi. Əsərlərini bir sıra bədii nəşrlərlə yanaşı, erotik jurnallarda yayımlamışdı.