11 Mart 2021 09:05
4 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa 1830-cu ildə Əlcəzairi işğal etdi. İşğaldan sonra 50 il ərzində Əlcəzairin münbit torpaqlarının əksəriyyətini ələ keçirdi. Bu dövrdə yarım milyona çatan fransızlarla müqayisədə Əlcəzir əhalisinin sayı azalmağa başlamışdı. Ölkə əhalisinin dörddə biri fransız idi. Fransa İkinci Dünya müharibəsinin başlamasından bir neçə il əvvəl Əlcəzairi “fransız şəhəri” adıyla özünə birləşdirməyə cəhd etdi. Əlcəzair xalqının etirazına baxmayaraq bu addımı atmaq istədi. Fransız gənclərini “Fransa üçün mübarizə aparmağa” çağırdı. Amma Fransa əlcəzairlilər üçün ən qanlı dövr olan bu müharibədə məğlub oldu.

Əlcəzair işğalçı qüvvələrin təhqiramiz davranışlarına və qanlı istilasına qarşı aylarla dinc mübarizə apardı. Müharibədən sonra baş verən ən qəddar münasibətlərdən biri də ölkədə çörəyin təkcə avropalılara paylanması idi. Əlcəzairlilərin payına sadəcə arpa çörəyi düşmüşdü. 15 min əlcəzairli bu qərara qarşı ayağa qalxdı. Ancaq hadisələri sürətlə dəyişdirən nümayişlərə cavab olaraq Fransa ordusunun Setif küçələrinə çıxması əsl soyqırıma yol açdı.

Cəsəd dolu küçələr

Müttəfiqlərin nasistlərə qarşı “Zəfər Günü” kimi qəbul edilən 1945-ci il mayın 8-də minlərlə insan bayram mərasimlərinə qatılmaq üçün bir yerə toplandı. Qələbə bayramının qeyd olunmasına icazə verilmişdi. Lakin fransız qüvvələri kütlənin qarşısını ala bilmədi, onlara atəş açdı. Fransa ordusu bir neçə dəqiqə ərzində küçələri insan cəsədləri ilə doldurdu. Fransa ordusunun sıralarındakı muzdlular uşaqları ayaqlarından tutaraq başlarını divarlara çırpdılar. Hamilə qadınların qarınlarını deşdilər, insanların evlərini bombaladılar.

Avropalı miqrantların əlcəzairlilərin nümayişlərindən qorxusu o yerə çatdı ki, əsgərləri hər kəsi qırmağa təşviq etdilər. Qırğınlar genişləndi. Mülki insanlara qarşı zenit silahlarından istifadə olundu. Bu qırğında 45 min əlcəzairli həyatını itirdi.

Üfüqdə görünən qurtuluş

Cəmilə Buhired bu təlatümlü günlərdə doğuldu. 1935-ci ildə doğulan Cəmilə yeddi qardaşın bir bacısı idi. Cəmilə fransız məktəbində təhsil aldı. Sonra klassik rəqslər üçün paltar hazırlayan məktəbə getdi. O dövrdə at minməyi öyrəndi.

Cəmilə baş verənlərin fərqində olaraq böyüyürdü. Fransızların assimilyasiya siyasəti və Əlcəzairin dil və mədəniyyətini məhv etmək cəhdindən xəbərdardı. Cəmilə heç vaxt fransız yox, əlcəzairli olduğunu unutmadı. İllər sonra isə Əlcəzairin azadlıq mübarizəsinin simvoluna çevriləcəkdi. Lakin 1940-cı illəri ərəbdən çox fransız olduğuna inanıb keçirdi. Cəmilə onun kimi ərəb yox, fransız olduqlarını düşünən əlcəzairli uşaqlarla təhsil alırdı. Məktəbə getmək məsələsində bəxti gətirən azsaylı əlcəzairli uşaqdan biri olan Cəmilə fransızların mədəni ənənələri ilə böyüdü, doğma ərəb dilində yazmağı və oxumağı öyrənə bilmədi. O illərdə Əlcəzairdə ərəb dili alman və italyan kimi əcnəbi dil olaraq tədris edilirdi.

1971-ci ildə verdiyi bir müsahibədə müəllimlərinin ibtidai sinifdə oxuyarkən fransız dəyərlərini aşıladığını demişdi: “Paris paytaxtımız, hamımızın anası idi. Fransa parlamenti parlamentimiz, Vinsent Oriol prezidentimiz, Fransa bayrağı bayrağımız idi. Əlcəzair? O vaxt belə bir yer yox idi. Məktəbdə fransız kimi oxuyurduq. Bu kimlikdən xilas olmaq asan deyildi, çünki həyatımızı tamamilə ələ keçirmişdi”.

Anasının Cəmilə üzərində təsiri böyük idi, ona həmişə fransız yox, əlcəzairli olduğunu deyirdi, öz köklərini ona unutdurmadı. O illərdə hər səhər məktəblərdə şagirdlərə “Anamız Fransa” marşı oxudulurdu. Təkcə o, “Anamız Əlcəzairdir” deyirdi. Fransız məktəbinin direktoru buna görə onu cəzalandırdı. Ancaq bu onu dayandırmadı. İşğala qarşı mübarizə meyli baş qaldırmışdı. O günlərdə Fransa işğalına qarşı inqilab Əlcəzair Azadlıq Cəbhəsinin (FLN) damı altında başlamışdı.

Təhlükəli yollar

Fransa-Əlcəzair münasibətlərindəki kədərli dönüş nöqtəsi Cəmilənin 8 yaşı olanda - 1945-ci ildə yarandı. İkinci Dünya müharibəsinin bitməsinə az qalmış müstəqillik vədi ilə Fransa sıralarında vuruşan əlcəzairlilərin başlatdığı nümayişlərdə minlərlə əlcəzairli fransız əsgərləri tərəfindən öldürüldü.

Tarixə Setif və Gelma soyqırımları kimi düşən hadisələrdən sonra fransızlar islahatlara başlasalar da, bu, heç nəyi dəyişmədi. Qanlı olaylar Əlcəzairin müstəqillik qazanmasına qədər davam etdi. Fransanın ağır təzyiqləri, əlcəzairli millətçi qrupların vahid strategiyasının olmaması müstəmləkəçilərin zülmünə qarşı mübarizəni on il uzatdı.

Cəmilənin əmisi Mustafa Azadlıq Cəbhəsinin üzvü idi. Amma inqilabın əvvəlində tutularaq edam olundu. 15 yaşlı qardaşı da işgəncə ilə öldürüldü. Baş verənlər Cəmilənin döyüşmək istəyini artırdı. Silahlı mübarizəyə bir briqadanın lideri Yusif əl-Sədi vasitəsilə qatıldı. Partizan dəstəsinə qoşulanda cəmi iyirmi yaşındaydı. Dağdakı Azadlıq Cəbhəsinin inqilabçıları ilə şəhərdəki lider Yusif əl-Sədi arasında əsas rabitəçi o idi. Fransızlar onu ələ keçirmək üçün başına yüz frank mükafat qoydular. Cəmilə müstəmləkə yollarına bomba qoyan ilk könüllü oldu. Qəhrəmanlığı və müqavimətdə populyarlığı səbəbi ilə axtarılanlar arasında da bir nömrəli idi.

Yusif əs-Sədi 1956-cı ildə Azadlıq Cəbhəsi uğrunda canlarını qurban verməyə hazır olan 1400 əlcəzairlidən ibarət mütəşəkkil qrup yaratdı. Yusiflə dərin əlaqələri olan Cəmilə cəsarətli qadın döyüşçülərin bu qrupa cəlb edilməsində əsas rol oynadı.

Cəmilə 1957-ci ildə 19 yaşlı bir qadın döyüşçü ilə bir restoranı bombaladı. Hücumda 11 fransız həyatını itirdi.

Dağ və şəhər arasında

Cəmilə bir gün gizli məktub və sənədləri Yusif əl-Sədiyə çatdırmaq üçün yola düşəndə izlənildiyini başa düşdü. Qaçmağa çalışdı. Ancaq kolonistlərin əsgərləri atəş açdı. Çiynindən vuruldu. Qaçmağa davam etsə də bacarmadı. Onu hərbi xəstəxanaya apardılar. Cəmilənin işgəncəli macəraları buradan başladı. 17 gün boyunca yarasını elektriklə yandırdılar, bədənində siqaret söndürdülər. Hərbçilər tərəfindən günlərlə cinsi zorakılığa məruz qaldı. İşgəncələr səbəbindən huşunu itirdi. Amma zərif bədəni müstəmləkə əsgərlərinin işgəncələrindən daha güclüydü. Bir dəfə işgəncə 18 saat davam etdi. Bütün bu işgəncələr müasir tarixin işgəncələri ilə ən məşhur həbsxanalarından biri olan Barbadosda baş vermişdi. Gördüyü bütün işgəncələrə baxmayaraq nə adını dedi, nə də yoldaşlarını ələ verdi.

Cəmiləni xəstəxanadan qurtarmaq üçün bir çox cəhdlər oldu. Cəmilə orada olarkən Yusif əl-Sədini ələ vermək vədi ilə fransızları aldadaraq pusquya salmaq üçün bir qaçış planı barədə xəbər aldı. Ancaq o, bu təklifi öz azadlığı üçün mübarizə liderlərinin həyatını riskə atmamaq üçün rədd etdi.

İşgəncələrdən sonra rəsmi qaydada istintaqa icazə verildi. Vəkili “Cəmilə, tək deyilsən, bütün dürüst dünya sənin yanındadır”, - deyən fransız Misu Qarsiya idi. Ancaq hakim müvəkkil və vəkilin görüşünə icazə vermədi. Cəmilə vəkili olmadan heç bir suala cavab verməyəcəyini söylədi. İstintaq bir ay davam etdi.

Azadlıq Cəbhəsi müstəmləkə siyasətinə etiraz edən və Əlcəzair inqilabçılarını dəstəkləyən fransızlar da daxil olmaqla, bir qrup vəkillə əlaqə qurdu. Bu vəkillər Fransa müstəmləkəçilərinin zindanlarındakı məhbusları müdafiə edirdilər.

Küçələrin səsi

Fransız vəkil Jak Vergesin “ulduzu” bu məhkəmə işində parıldadı. O vaxt Jak Verges Əlcəzair millətçilərinin mübarizəsi ilə maraqlanırdı və Cəmilənin məhkəmə işindən xəbər aldıqdan sonra onu müdafiə etmək qərarı verdi. Verges məhkəmədə Fransa hökumətini günahlandırdı. Cəmilənin azadlığı və Əlcəzairdə baş verənlər haqda beynəlxalq ictimaiyyətin məlumatlarını artırmaq üçün kampaniya başladı. Verges həmkarları, ziyalılar, sənət dünyası və kommunistləri - dünya xalqlarını Fransa müstəmləkəçiliyinə qarşı ayağa qaldırdı. Azadlıq Cəbhəsindən olan minlərlə fəalın ölümü və gizli işgəncə məkanlarının ortaya çıxması səbəbiylə dünyanın məşhur şəhərlərində, xüsusilə həbsxanalarda nümayişlər keçirildi. “Əlcəzairə azadlıq” və “Cəmiləyə əfv” şüarları səsləndirildi.

Vəkilinin bütün səylərinə baxmayaraq, Cəmilə “günahkar” elan olundu və edam cəzasına məhkum edildi. Verges Cəmilənin ölüm cəzasına məhkum edilməsinin səbəbini izah edən bir müdafiə yazdı. Bundan əlavə, Fransa hökumətini onu öldürməməyə inandırmağa çalışan bir çox qrup yaradıldı. Ən maraqlı məqamlardan biri Mərakeş şahzadəsi Lalla Ayşənin Fransa Prezidenti Rene Koti ilə əlaqə qurması və onu bağışlamasını istəməsi idi.

Məhkəmə 1958-ci il martın 7-də onun barəsində ölüm hökmü çıxarmışdı – başı gilyotinlə kəsilməli idi. Ancaq bütün dünya bu qərara qarşı ayaqdaydı. Bu qərarı pisləmək üçün dünyada milyonlarla insan küçələrə çıxanda BMT-nin İnsan Haqları Komissiyası Cəmilə üçün toplandı.

Həbsxanada olarkən “Əlcəzairi istəyirəm” deyə qışqırmışdı. Səsi bütün küçə boyunca əks-səda vermişdi. Küçələrdə etiraz nümayişləri başladı. İndi problem həm beynəlxalq aləm, həm də ərəb xalqları səviyyəsində gündəmdəydi. Hindistan, Misir və SSRİ liderləri onun bağışlanılmasını istədi.

Ölümə səsləniş

Aprelin 18-də cəzasının ömürlük həbsə çevrilməsi ilə bağlı qərar verildi. Cəmilə bundan sonra həbsdə qalmaqdansa, edamı seçdiyini demişdi. Məhkəməyə “Məni edam edin” çağırışını ünvanladı. Məhkəmədə bu sözlərlə çıxış etdi: “Vətənimi sevirəm və azadlığını istəyirəm. Bunun üçün Milli Azadlıq Cəbhəsinin sıralarına qoşuldum. Məni ölümə məhkum edəcəksiniz. Buna görə işgəncə verdiniz. Buna görə qardaşlarımı öldürdünüz. Ancaq bizi öldürsəniz də, unutmayın ki, bununla həm də Fransa ənənələrindəki azadlığı da öldürəcəksiniz. Unutmayın ki, heç vaxt müstəqillik mübarizəsinin qarşısında dayana bilməyəcəksiniz. Unutmayın ki, ölkənizin şərəfini heçə sayırsınız”.

Cəmilə barəsində edam hökmü verildiyi vaxt hakimin qərarına gülmüşdü.

Azadlıq Cəbhəsinin 1954-cü il noyabrın 1-də rəhbərlik etdiyi silahlı üsyan inqilabı körüklədi. Milli Azadlıq Cəbhəsi Fransaya qarşı müstəqillik bəyannaməsini yayımlayaraq sistemli mübarizəyə başladı. Fransa həmin çağırışa bu ölkədəki hərbi qüvvələrinin sayını artırmaqla cavab verdi. Azadlıq Cəbhəsi 1956-1957-ci illərdə Fransanın Əlcəzairdəki hərbi obyektlərini, mövqelərini, hərbi patrullarını, polis bölmələrini, rabitə və nəqliyyat xəttlərini hədəf alan bir çox əməliyyat keçirdi.

Etirazların məqsədi Parisdən siyasi və sosial islahat tələb etmək olsa da, fransızlar bu tələblərə qanlı hərbi əməliyyatlarla cavab verdilər. 1955-ci ilin sentyabrına qədər Əlcəzairdə 120 mindən çox fransız hərbçisi vardı. 1956-cı ilin sonuna qədər bu rəqəm 400 000 minə çatdı.

İnqilabçılar şəhərləri ələ keçirmək fikrindən əl çəkməli olsalar da, fransızların təzyiqi Əlcəzair xalqı qarşısında inqilabçıların nüfuzunu artırdı. 1956-cı ildə şəhərlərdə partizan müharibəsi strategiyasını uğurla həyata keçirdilər.

Fransa ordusunun inqilabçılara qarşı cavabları amansız idi. Lakin Paris tərəfindən Əlcəzairdə tətbiq olunan zorakılıq, hədə-qorxu və işgəncə metodları inqilabçıların sıralarını gücləndirdi və Əlcəzairin müstəqillik uğrunda mübarizəsinə beynəlxalq dəstək zəmini yaratdı.

Azadlığın gəlişi

Əlcəzair inqilabı 1957-ci ildə müstəmləkəçiliyə qarşı mübarizədə ən güclü hərəkatlardan birinə çevrildi. Silahlı qanad dəstək tapdı. Yeddi ildən çox davam edən mübarizə zamanı Fransa təxminən 400 min hərbi qüvvə, təyyarələr və donanmalardan istifadə etdi. Tunis və Mərakeşlə sərhədləri bağlamaq üçün elektrikli çəpər çəkdi. 8 mindən çox kənd “yandırılmış ərazi” siyasəti ilə məhv edildi. Əlcəzair xalqı hər gün minlərlə qurban verdi. Bir milyondan çoxu həlak oldu. İki milyondan çox insan evini itirdi. 300 min uşaq yetim qaldı. Bir çox insan məcburən Mərakeş və Tunisə qaçdı. Baş verənlər inqilabı uğurla sona çatdırmaq üçün güclü əsaslar yaratdı.

Müstəqillik 1962-ci ildə qazanıldı.

Əfsanəyə çevrilən məhəbbət

Cəmilə Əlcəzairin müstəqil elan olunmasından bir neçə ay əvvəl həbsxanadan çıxdı. Vəkili ilə dünyanın inqilab tarixində əfsanəyə çevrilmiş sevgi münasibətini qırmadan vətəninə döndü. Verges Əlcəzair müstəqilliyini elan etdikdən bir il sonra İslam dinini qəbul edərək Mənsur adını aldı və Cəmilə ilə evləndi.

Cəmilə müstəqillikdən sonra Əlcəzair Qadınlar Birliyinin prezidenti seçildi.

Cəmilənin həyatı filmlərin mövzusu oldu. Gillo Pontekorvonun “Əlcəzair müharibəsi” filmində Buhired Milli Azadlıq Cəbhəsinin üç qadın bombardmançısından biri kimi təqdim olunur. Misirli rejissor Yusif Şahin Afrikadakı azadlıq mübarizəsinin simvolu olan Cəmilənin həyatını 1958-ci ildə “Əlcəzairli Cəmilə” filmi ilə mavi ekranlara çıxarmışdı.

Dilsiz və ağızsız

1830-cu ildə işğal etdiyi Əlcəzair torpaqlarını 132 il istismar edən və bəşər tarixinin ən böyük soyqırımlarından birini həyata keçirən Fransa 1954-cü ildə müstəqillik mübarizəsi başladıqdan sonra 1.5 milyon insanı öldürdü. Əlcəzairin bütün yeraltı və yerüstü sərvətlərini ələ keçirərək varlanan Fransa 1962-ci ildə bu torpaqları tərk edəndə arxasında 5 milyon günahsız insan cəsədi və böyük bir xarabalıq qoydu. Müstəqillik qazanılanda 2 milyon insan toplama düşərgələrində idi, yarım milyon insan qonşu ölkələrə qaçmışdı, iqtisadiyyat çökmüşdü, əhalinin 80 faizi oxuma-yazma bilmirdi…


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər