11 May 2021 09:16
2 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsindən sonra bütün yüksək rütbəli nasistlər bəşəriyyətə qarşı cinayətlərə görə mühakimə olunmadı. Bəziləri yeni ad altında uzun və sakit həyatlarını yaşayaraq, tərcümeyi-hallarını yenidən yazdılar. Bir çoxları “Soyuq müharibə” dövründə Sovet İttifaqına qarşı önəmli məlumat mənbəyi sayılmışdı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bu səbəbdən nasistlərin keçmişini uzun müddət gizlətdi. Beləliklə, Hitlerin gizli polis xidmətinin (Gestapo) ən yüksək rütbəli zabitlərindən biri, yüz minlərlə yəhudinin ölümü və deportasiyasından məsuliyyət daşıyan Franz Jozef Huber Qərb kəşfiyyatının qanadı altında özünə sığınacaq tapdı.

Qəddar və hiyləgər

Gestaponun Vyanadakı rəhbəri, nasist generalı Franz Jozef Huberin taleyinə dair məxfi sənədlər “Holokostun memarı”, gizli polis rəisi Adolf Eyxmanın mühakimə olunmasının 60 illiyi ərəfəsində mediada müzakirə edildi. Huber Eyxmandan fərqli olaraq, gizlənmək məcburiyyətində qalmayan SS-lərdən biri oldu. Həm məhkəmə prosesindən qaçmağı, həm də ömrünün qalan hissəsini rahatlıqla yaşamağı bacardı.

Son illəri evində, doğma Münhendə öz adı ilə və ailəsinin əhatəsində keçirdi. Bunun səbəbi, “Soyuq müharibə” dövründə Qərb kəşfiyyatına çox kömək etməsi idi.

“Gestapo generalını qorumağın təhlükələrinə baxmayaraq, Huberin quruma fayda gətirə biləcəyinə inanırıq”, - CIA-nın 1953-cü il hesabatında qeyd edilib.

Huber müharibədən sonra alman kəşfiyyatında (BND) xidmət etdi və amerikalı həmkarlarına məlumat ötürdü. Huber 1920-ci illərdə gənc polis zabiti kimi sosialistlər də daxil olmaqla siyasi fəallara qarşı sərt davranırdı. 1933-cü ildə “ən əqidəli nasistlərdən biri”nə çevrildi, Gestapoda yüksək vəzifələrə çəkildi.

Müharibənin sonunda ABŞ kəşfiyyatının axtardığı müharibə cinayətkarları siyahısında olduğunu bilirdi. Bu səbəbdən özünü xilas etməyin bütün yollarına baş vurdu.

SSRİ-yə qarşı silah

1945-ci ildə həbs olunmazdan əvvəl Şərqi Almaniyada Vaşinqton üçün faydalı təmaslar qurmağı bacardı, BND və CIA-nın SSRİ-yə qarşı ən təsirli silahlarından biri oldu. Huber iki il istintaq altında qaldı, sonra sərbəst buraxıldı. CIA-nın nəzarəti altında işləyən bir qrup keçmiş nasist kəşfiyyat zabiti tərəfindən qurulan “Gelen”ə göndərildi.

20 il sonra nasist keçmişi Huberi çətin duruma saldı. Tərcümeyi-halını açıqlamaq məcburiyyətində qaldığı üçün gözdən uzağa çəkilmək məcburiyyətində qaldı. Huber bu məqsədlə məzuniyyətə göndərildi. 1967-ci ildə təqaüdə çıxdı. 73 yaşından ölümünə qədər səkkiz il dövlət təqaüdü aldı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər