“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri olan amerikalı sahibkar İlon Mask “Hurun” biznes nəşrinin (“Forbes” jurnalının Çin analoqu – red.) versiyasına görə, 2022-ci ildə dünyanın ən varlı adamları reytinqində liderliyini qoruyub.
Teleqraf.com xəbər verir ki, bu barədə nəşrin saytında dərc olunmuş hesabatda deyilir.
Araşdırmaya əsasən, Maskın sərvəti il ərzində 8 milyard ABŞ dolları artaraq 205 milyarda çatıb.
Reytinqdə ilk üçlükdə, həmçinin “Amazon”un təsisçisi və rəhbəri Ceff Bezos və LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernar Arno yer alıb. Araşdırma müəllifləri onların sərvətini müvafiq olaraq 188 milyard və 153 milyard ABŞ dolları həcmində qiymətləndiriblər. Qeyd edilib ki, Ceff Bezosun sərvəti 1 milyard dollar azalıb, Bernar Arnonunku isə 39 milyard dollar artıb.
Çinin ən zəngin adamı isə elə Çjun Şanşandır. 2021-ci ildə ilk dəfə reytinqdə “Top-10”a daxil olan milyarder bu il sıralamada 8 pillə geriləyərək 15-ci yerə düşüb. Onun sərvəti 71,7 milyard ABŞ dolları həcmində qiymətləndirilir.