Uqandada 70 yaşlı qadın Safina Namukvayya ekstrakorporal (süni) mayalanma (EKM) yolu ilə hamilə qalıb və iki sağlam əkiz uşaq dünyaya gətirib.
Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, qadının bir qız və bir oğlu dünyaya gəlib. Qadına qeysəriyyə əməliyyatı etmək lazım olub. Safina uşaqların doğulmasını möcüzə adlandırıb. O da, uşaqlar da özlərini yaxşı hiss edirlər.
Namukvayya “Afrikanın ən yaşlı anası” adını qazanıb. Safinanın əkiz uşaq gözlədiyi xəbərindən sonra əkizlərin atası onu tərk etdiyi üçün o, çox güman ki, uşaqları tək böyüdəcək.
“Kişilər birdən çox uşaq gözlədiyinizi eşitməyi xoşlamırlar. Məni bura qəbul etdiklərindən bəri yoldaşım bir dəfə də olsun buraya gəlməyib”, - deyə qadın bildirib.
Namukvayya son üç ildə ikinci doğuşunu həyata keçirib. O, 2020-ci ildə bir qız uşağı da dünyaya gətirib. Safina etiraf edib ki, qızı dünyaya gəlməmişdən əvvəl insanlar ona uşaq sahibi olmadığına görə ələ salıblar.
2019-cu ildə Hindistanda Erramatti Manqayamma adlı 74 yaşlı qadın əkiz qızları dünyaya gətirib. O da süni mayalanma vasitəsilə hamilə qalıb.