26 İyun 21:12
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir-İtaliya birgə arxeoloji missiyası Asvan şəhəri yaxınlığında aparılan qazıntılar zamanı yunan-roma dövrünə aid 33 məzar aşkarlayıb.

Teleqraf.com "Ahram Online"a istinadən xəbər verir ki, bu kəşf qədim misirlilərin yoluxduğu xəstəlikləri öyrənməyə kömək edəcək.

Qeyd olunur ki, məzarlar Ağa Xan nekropolunun yaxınlığında tapılıb. Daha əvvəl orada eramızdan əvvəl VI əsrdən eramızın III əsrinə qədər olan 400-dən çox məzar aşkar edilmişdi.

Bu qəbirlərin bəzilərində mumiyalar və dəfn alətlərinin qalıqları var. Bu qalıqlar həmin dövrün xəstəlikləri haqqında qiymətli məlumat verir.

Bildirilir ki, mumiyalanmış cəsədlər arasında iki cəsəd xüsusi diqqət çəkib. Ehtimal olunur ki, bu cəsədlər qadın və onun iki yaşlı uşağına məxsusdur. Uşağın cəsədi onun anası ola biləcək qadının cəsədinin üzərinə qoyulub. Onlar arasında ailə əlaqələrinin olub-olmaması sonrakı təhlillərdə məlum olacaq.

Tədqiqatçılar bir çox mumiyaların antropoloji və radioloji analizlərini də aparıblar. Nəticədə, qədim misirlilərin tam bioloji profili tərtib edilib, hətta onların malik olduğu xəstəliklər aşkarlanıb.

Məlum olub ki, qəbirlərdə qalıqları basdırılan insanların 30-40 faizi çox gənc yaşlarında dünyasını dəyişib. Həmçinin uşaq qalıqlarına və yeniyetmələrin cəsədlərinə də tez-tez rast gəlinir.

Araşdırma zamanı məlum olub ki, onlardan bəziləri yoluxucu xəstəliklərdən və maddələr mübadiləsinin pozulmasından əziyyət çəkiblər. Basdırılan qadınlardan birinin ayağı cərrahi yolla kəsilib. Digərlərində anemiya, qida çatışmazlığı, vərəm və osteoartrit izləri var idi.


Müəllif: Arzu

Oxşar xəbərlər