11 Oktyabr 22:37
2 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İkinci Dünya Müharibəsində nüvə silahından istifadə etməklə Yaponiyanı kapitulyasiya aktına imzalamağa məcbur etmişdi.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, Vaşinqton bu yola əl atmasaydı, durum fərqli olacaqdı:

“Builki Nobel Sülh Mükafatı Xirosima və Naqasaki bombardmanlarından salamat çıxan Yaponiya təşkilatı “Nihon Hidankey”a “nüvə silahlarından azad dünya yaratmaq səylərinə və nüvə silahının bir daha heç vaxt istifadə edilməməsini nümayiş etdirməsinə görə” verilib. Gələn il ABŞ-ın Yaponiyaya qarşı nüvə silahından istifadəsinin 80 illiyi qeyd ediləcək. ABŞ İkinci Dünya Müharibəsində nüvə silahından istifadə etmədən Yaponiyanı məğlub edə bilərdimi?

ABŞ müharibədə qələbə qazana bilərdi, ancaq yaponlar ölümünə savaşırdılar. Buna görə də Vaşinqton nüvə silahından istifadə etməklə daha çox itki vermədən Yapon İmperiyasını kapitulyasiya aktına imzalamağa məcbur etdi. Yaponiyanın başqa çıxış yolu yox idi.

Yaponiya bu kapitulyasiya aktını imzalamasaydı, növbəti atom bombası paytaxt Tokioya atılacaqdı. Vaşinqtonun Yaponiyaya qarşı nüvə silahından istifadəsi gələcək rəqibi SSRİ-də qorxutmaq mahiyyəti də daşıyırdı.

Bu mövzuda bir neçə yapon diplomatla söhbətimi xatırlayıram. “ABŞ-ın Xirosima və Naqasakiyə atom bombası atması nəticəsində yüzminlərlə insan həlak oldu, bir o qədər insan da ömrünün sonuna qədər əlil oldu. Buna baxmayaraq, yaponların ABŞ-a qarşı nifrət etməmələrini necə izah etmək olar” sualıma yapon diplomatların cavabı təxminən beləydi ki, Yaponiya imperiya illərində özü müxtəlif xalqları istila edib, müharibələr aparıb, minlərlə insan öldürülüb və bunlara görə cəzalandırılıb, yaponlar gərəkən dərsi çıxarıblar”.

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ-ın Yaponiyaya atom bombaları atmasına baxmayaraq, sonrakı illərdə bu dövləti özünün strateji müttəfiqi səviyyəsinə qaldırıb, sürətli inkişafına şərait yaradıb:

“ABŞ Yaponiyaya böyük ordu saxlamağa qadağan etməklə, əslində, bu dövlətə yaxşılıq edib. Yaponiya orduya ayıracağı maliyyəni iqtisadi inkişafına xərcləyib və bunun hesabına dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər