Elm adamlarına görə, Mars təxminən 3.9 milyard il öncə, yəni əvvəlki iddianın əksinə olaraq, yaranmasından yüz milyonlarla il sonra və ya daha tez yaşayış üçün əlverişli olub.
Teleqraf.com “Interesting Engineering”ə istinadla xəbər verir ki, bu kəşf planetin zərərli kosmik radiasiyadan qorunmaq üçün lazım olan maqnit sahəsini əvvəllər düşünüldüyündən daha uzun müddət saxlaya bildiyini göstərir.
ABŞ-ın Harvard Paleomaqnit Laboratoriyası Marsın maqnit sahəsi və ya dinamosunu araşdırıb. Tədqiqatın aparıcı müəllifləri Sara Stil və Rocer Fu planetin bəzi kraterlərindəki zəif maqnit əlamətlərini izah edərək, Mars dinamosunun əvvəllər düşünüldüyündən daha uzun müddət dayandığı və polaritesini tərsinə çevirə biləcəyi fikrini irəli sürüb.
Alimlər Marsın maqnit sahəsinin tarixini öyrənmək üçün paleomaqnit tədqiqatlarından istifadə ediblər: isti qayalardakı ferromaqnit minerallar maqnit sahələrinin təsiri altında düzləşir və soyuduqdan sonra milyardlarla il ərzində öz izlərini saxlayır. Məşhur Mars meteoriti Allan Hills 84001-i kvant almaz mikroskopu ilə araşdıran tədqiqatçılar 3.9 milyard il əvvələ qədər davam edən maqnit sahəsinin əlamətlərini aşkarlayıblar.
Stilin fikrincə, bu kəşflər vacibdir, çünki maqnit sahələri planetlərin daxilindəki prosesləri daha dərindən başa düşməyə imkan verir və bir planetin vaxtilə həyatı dəstəkləyə biləcəyini müəyyən etməyə kömək edir.