7 Noyabr 2016 15:55
5 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov cavablandırır:

- Bir neçə gün öncə həyat yoldaşı tərəfindən döyülərək öldürülən hamilə qadının qətli ilə bağlı “qadın qətllərinə son” kampaniyası aparılır. Kampaniyada qadınlar aktiv iştirak edir və kişilərə irad bildirirlər ki, bu məsələdə çox passiv mövqedə dayanıblar. Bu qınaqdan özünüzə pay götürürsünüz?

- Bir kişinin əks cinsə qarşı təzyiq göstərməsini, hətta dəhşətli cinayət törətməsini qınayıram. Eyni zamanda mediada “Ata qızını döyərək öldürdü”, “Bacı qardaşının başını kəsdi” kimi başlıqlarla yazıların tirajlanmasına qarşıyam. Yaxşı olardı ki, KİV bu cür məqamları çox qabartmasın. Əvvəllər informasiya mənbələri indiki kimi bol deyildi, indi isə bu mənbələr çoxalıb deyə cinayət hadisəsi dərhal geniş yayımlanır, əks-təbliğat çox zaman təbliğata çevrilir. İnsanların da psixologiyasında belə bir fikir hopur ki, doğrudan da insan öz qızını, həyat yoldaşını, bacısını döyə və ya öldürə bilər.

- Xəbərlər hadisələri adiləşdirir?

- Bəli, sanki adi qəbul olunur. Mediada və ya sosial şəbəkələrdə belə xəbərlərin çox qabardılmasının əleyhinəyəm. İnsan psixologiyası zaman keçdikcə bəzi şeyləri doğru kimi qəbul etməyə başlayır. Əslində bu proseslər həmişə olub. BMT-nin hesabatlarında qadınların zorakılığa məruz qalması ilə bağlı bir çox təcrübələr yer alıb. Bunların hamısının kökündə psixoloji məqamla yanaşı, savadsızlıq dayanır. Araşdırsaq, qadınını döyərək öldürmək istəyən insanın psixoloji durumu ilə yanaşı savadının yetərincə olmadığı üzə çıxar. Ola bilsin ki, həyat yoldaşınızla ailə qurmusunuz, amma birgə həyat alınmır, xasiyyətləriniz uyğun gəlmir, normal cəmiyyətdə yaşayırıq, izdivaca son qoya bilərsiniz. Fikrimdən belə çıxmasın ki, boşanmanın təbliğatını aparıram. Bu problemi yoluna qoymağın qaydası var. Qadına qarşı zorakılıq, kiminsə həyatına qıymaq qəbuledilməzdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir, qadın zorakılığına qarşı bir çox tədbir və seminarlar həyata keçirilir. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi olaraq bir çox regionlarda gənclərimizlə görüşəndə ən çox qeyd etdiyimiz məsələ erkən nikahlarla bağlı olur. Bilirsiniz ki, bizim bəzi bölgələrimizdə bu məqam özünü daha çox büruzə verir. Bu cür proseslərin təməlində belə məsələlər d dayanır. Hesab edirəm ki, qadınlara olan zorakılığa qarşı maarifləndirmə işi daha da intensivləşməlidir. Biz Ərəbistan deyilik ki, 3-4 qadının səsi bir kişinin səsinə bərabər olsun. Azərbaycanda parlamentin üzvləri, YAP Siyasi Şurasının, Mərkəzi Aparatın sırasında qadınlar yer alır, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri içərisində qadınlar var. Mən həm də Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədriyəm, işçilərimizin 60 faizdən çoxu qadınlardır. YAP Gənclər Birliyinin dörd müavinindən ikisi qadındır. Qadınların ictimai həyatda aktivliyi üçün dövlət tərəfindən dəstək var, cəmiyyətdə ayrı-ayrı insanların qadınlara qarşı təzyiqi bizi üzür. Bunun təbliğatını da aparmağı düzgün hesab etmirəm, yeganə çıxış yolu maarifləndirmə işinin aparılmasıdır.

- Mediaya yönəlik iradlar çox səslənir. Etiraf edək ki, bu məsələ qabardılmayanda, hətta bəzi hallarda cinayətdə əli olanlar cəzasız qalır və ya yüngül cəza ilə qurtulurlar. Məsələyə cəmiyyət tərəfindən təpki göstəriləndə mövzu şişir və cinayətkar layiqli cəza alır...
- Bu fikirlə qismən razıyam. Mən hüquqşünas deyiləm, ixtisasca iqtisadçıyam, amma bir cinayət hadisəsi baş verəndə təhqiqat Azərbaycan qanunlarına əsasən aparılır. İstintaq prosesində hakimlər konkret maddələr üzrə qərar verirlər. Bəlkə də məsələnin cəmiyyətdə şişirdilməsi başqa insanları belə hadisələrdən çəkindirər. Bəzən də təbliğat bu cür cinayət hadisələrinin insanların gözündə adiləşdirir. Mən özüm də valideynəm, cinayət hadisələri ilə bağlı xəbərləri oxuya bilmirəm. Nəticə etibarilə, bu cür hadisələri həssas qarşılayıram, düşünürəm ki, onlarla bağlı xəbərlər dərc edəndə diqqətli olmalıyıq.

- İstərdim, müzakirəmizi başqa aspektdə davam etdirək. Ən yaxınımızda qardaş Türkiyədə siyasi partiyalar arasında çox mehriban əlaqələr mövcuddur, dialoq bir yana, partiyaların qurultaylarına belə qatılırlar. Bizdə yanaşma tamam fərqlidir. Sosial şəbəkələrdəki müzakirələrə diqqət eləsək, YAP-çılarla müxalifətçilər arasında bir-birinə qarşı düşmənçilik münasibəti formalaşıb. Niyə tərəflər bir masa ətrafında müzakirə apara bilmirlər.
- Yeni Azərbaycan Partiyası dəfələrlə dialoq təklifi edib, bildirib ki, gəlin, görüşək, oturub müzakirələr aparaq. Müxalifət içərisində özünü radikal adlandıran qruplar da var. Azərbaycanın bu gün ən böyük problemi Dağlıq Qarabağ məsələsidir. Biz təəssüf ki, hətta dövlətin bu qlobal problemimizlə bağlı siyasətində müxalifətdən dəstək görmürük. Gedib xaricdə görüşlər və toplantılar keçirirlər, ancaq özlərini radikal müxalifət adlandıranlar bu problemi həmin tədbirlərdə qaldırmırlar. Xarici təşkilatlar tərəfindən maliyyələşdikləri üçün ölkədə xaos yaratmağa çalışanlar var. Azərbaycanı Suriya, Yəmən, Ukrayna ilə müqayisə etmək istəmirəm. Zaman göstərir ki, vaxtında bu cür insanlarla qanunvericiliyin tələblərinə uyğun olaraq iş aparılmaması bu cür nəticələrə gətirib çıxarır. Dəfələrlə dialoq çağırışları etmişik, faktlar sadalayım, sosial şəbəkələrdə bizim qadınlarımızı elə təhqir edirlər ki...

- YAP üzvlərini?
- Bəli. YAP üzvləri radikal müxalifətçilər tərəfindən ciddi şəkildə təhqirlərə məruz qalır. Skrinşotları saxlayırıq. Bir kişi xeylağının qadına qarşı təhqiramiz ifadələr səsləndirməyi mentalitetimizə uyğun deyil. Sanki satanist təfəkkürlüdürlər. Onları hansı kütləyə aid edəcəyimi bilmirəm. “Azadlıq” qəzeti, “Meydan TV”nin feysbuk səhifəsindəki yazışmalarda üstünlük bizim əlimizdə olan kimi üzvlərimizi “blok” edirlər. Bu yaxınlarda elə bizim fəaliyyətimizə görə “Meydan TV”nin feysbukdakı səhifəsində şərhlər bölümünü belə bağlamışdılar. Referendum qabağı xaos yaratmaq istəyirdilər. Gənclərdən sui-istifadə edilir. Aksiya keçirib foto çəkdirirlər ki, Avropaya saxta siyasi dustaq adı ilə getsinlər. Virtual aləmdə bizimlə təhqir tonunda davranan insanlarla real həyatda necə əməkdaşlıq edək? Partiya rəhbərliyimiz Qarabağ məsələsi ilə bağlı dəfələrlə çağırış edib, ancaq bir dəfə də olsun, reaksiya verilməyib. Əgər bunların partiya rəhbərliyinin münasibəti budursa, gənclər təşkilatı da siyasi partiyanın qolu və qanadıdır, onların da münasibəti bəllidir, əməkdaşlıq üçün ortada sərhəd qoymurlar. Tənqidə açığıq, polemika apara bilərik, ancaq təhqir qəbuledilməzdir, Azərbaycan qadınına qarşı təhqiramiz davranış heç bir kitabda yoxdur. Ölkəmizin müəyyən problemləri və çətinlikləri var, cənab prezident hər iclasda bunları diqqətə çatdırır. O xoşagəlməz halların qarşısının alınması üçün qanunlar qəbul edilir, işlər görülür, cəmi 25 ildir müstəqillik əldə edən dövlətin bu qədər nailiyyət əldə etməsi böyük uğurdur. Görün, səhv siyasəti Ukrayna kimi dövləti hara gətirib çıxardı. Yaxud İraqdakı baş verənlərə diqqət edək, acı nəticələrin şahidi oluruq. Azərbaycanı heç bir dövlətlə müqayisə etmək istəmirəm, məsələnin kökünə baxanda bu cür insanlara şans verilsə, Azərbaycanın bu ölkələrdə dala qalan yanı olmayacaq.

- Siz müxalif cameə ilə yalnız virtual aləmdə polemikaya girirsiniz, real həyatda heç vaxt alınmayıb...
- Dediyim kimi tərəfimizdən dəvətlər olub, amma reaksiya verilməyib. İkincisi, mənim üzvlərimi təhqir edən insanlarla, Azərbaycanın milli maraqlarının qorunması üçün təşəbbüsə reaksiya verməyənlərlə hansı əməkdaşlıqdan söhbət gedə bilər? Əslində bunların sayı da çox deyil. “Azadlıq” qəzetinin sosial şəbəkədəki səhifəsinə baxın, görün onları “like” edənlərin neçəsi real, neçəsi saxtadır. Elə adla profil açıblar ki, Azərbaycanda elə ad yoxdur. Danışanda isə seçkidə saxtakarlıqdan dəm vururlar. Xahiş edirəm, jurnalistlər bu məsələni araşdırsınlar, görün, onların səhifəsində şərh yazanlar içərisində neçə azərbaycanlı tapacaqsınız.

- Bayaq Qarabağ mövzusunda müxalifətin dəstək vermədiyinizi bildirdiniz. Xatirimdədir, Ramil Səfərovun müdafiəsi ilə bağlı YAP-ın qərargahında müxalifətin iştirakı ilə sənəd imzalanmışdı...
- Bəli, bir dəfə elə bir hal olub. Ramil Səfərov məsələsində də hakimiyyəti ittiham edirdilər ki, guya onunla maraqlanmır. Bəs nəticə necə oldu? Ramil Səfərov ekstradisiya olundu, bu gün də milli ordumuzda xidmət edir. Xarici siyasətdə emosional davranmaq olmaz. Zamana uyğun olaraq, tarixi şəraiti dəyərləndirərək nəticələr əldə etmək lazımdır. Ad çəkmək istəmirəm, böyük qonşu dövlətlərin xarici siyasətinə baxın, Azərbaycanın apardığı xarici siyasətə diqqət edin. Hər bir dövlətlə normal münasibətlər qurmuşuq, qarşılıqlı hörmət ruhunda əlaqələrimiz davam edir, ölkə daxilində sağlam mühit var, dövlət başçısının rəhbərliyi altında Azərbaycanın inkişaf edən gənclik potensialı var. Gənclərimiz elmi istiqamətdə uğurlar əldə edib. Müasir həkim kateqoriyası formalaşıb, müasir tələblərə cavab verən mühəndis zümrəsi möcuddur. Azərbaycan gəncinin NASA-da işləməsi özü böyük uğurdur.

- Yəqin NASA-da işlədiyini iddia edən gənci nəzərdə tutmursunuz.
- (gülür) Yox, Teymur Sadıxov Azərbaycana da gəlmişdi, savadlı gəncdir. Saxta NASA işçisi ilə bağlı xəbəri mən də oxumuşam, real olub-olmadığını bilmirəm.

- Bəs bu gün YAP-çı gəncləri narahat edən hansı məsələlərdir, onların hansı problemi var?
- Azərbaycan gəncliyinin ən vacib arzu və istəklərindən biri odur ki, yaxşı əmək haqqı alsınlar, daha yaxşı işlərdə çalışsınlar, siyasi fəaliyyətlərini artırsınlar. Sevinirəm ki, bəzi gənclərin yaxşı mənada iddiaları var, deputat olmaq istəyənlər var. YAP-ın İdarə Heyətinin üzvləri sırasındakı gənclərimiz icra başçısının müavinləri, bələdiyyə sədrləridir, Prezident Administrasiyasında çalışan gənclərimiz var. Vaxtilə YAP-a üzv olan gənclər arasında ali təhsil müəssisələrində rektor müşaviri, prorektor səviyyəsinə qədər yüksələnlər var. Bu gün gəldim YAP-a üzv oldum, sabah gedəcəyim məsələsi bizdə yoxdur. 300 minə yaxın üzvümüz var. Təbii ki, bu gənclərin hamısını idarəetmə formasında yerləşdirə bilmərik. Partiyaya gələn adam söz vermirik ki, gəlin sizi işə düzəldəcəyik. Müxalifət iddia edir ki, guya YAP-çıların hamısı işləyir. Xeyr, belə deyil, partiya üzvlərimiz sırasında maddi vəziyyəti çətin olanı, işsizi, tələbəsi də var. YAP məşğulluq idarəsi deyil ki. Biz insanları ideoloji çətir altında birləşdirməyə çalışırıq. Dövlət qulluğunda çalışmaq istəyən insan imtahan verməlidir. Müsahibə mərhələsinə keçən insandan kimsə soruşmur ki, sən hansı partiyanın üzvüsən? İmtahanda savadın və qabiliyyətini göstərməlisən. YAP Gənclər Birliyinin məqsədi o deyil ki, məşğulluq idarəsi kimi üzv olan hamını işə düzəltməlidir. Yaxşı təhsil alan, savadlı, xarici dilləri bilən insanlar ölkə prezidentinə rəğbət bəsləyirlər və həmin insanlar da bizim ətrafımızda birləşiblər. YAP üzvləri sırasında elmlər doktorları, olimpiya çempionları var. Kim çempionu məcbur edə bilər ki, gəl YAP-a üzv ol? İncəsənət nümayəndələri var ki, üzvlərimizdir, inanın tədbirlərimizdə könüllü iştirak edirlər, pulsuz konsertlər verirlər. Bunlar hamısı partiyamızın lideirnə, YAP-ın fəaliyyətinə olan məhəbbətin, rəğbətin göstəricisidir. Siyasi cəhətdən özünü inkişaf etdirmək istərən avanqard, intellektual gənclər YAP-a üz tutur.

- Gənc yaşınızda ölkədə aparıcı partiyanın gənclər qoluna rəhbərlik edirsiniz, eyni zamanda Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrisiniz, qarşıda hansı hədəflər var? Məsələn, növbəti parlament seçkilərində namizədliyinizi irəli sürmək kimi planınız var?
- Azərbaycan iqtidar partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədriyəm, həm də bu dövlətin əsgərləriyik, sabah harada ehtiyac yaranacaqsa, orada çalışacağıq. Dövlətimiz, partiyamız böyük etimad göstərib, başqa nə isə gözləməyim yaxşı çıxmaz. 32 yaşım var, düzdür, Azərbaycan Dövlət İqtisad Universitetinində işə başlamışam, müəllim kimi çalışmışam, Tələbə Həmkarlar İttifaqı, Müəllim Həmkarlar komitəsinin sədri olmuşam, prorektor kimi çalışmışam, bir sözlə, ictimai işlərin içində olmuşam. Vəzifə ilə bağlı hansı tapşırıq və etimad olacaqsa, canla-başla yerinə yetirəcəyəm, yaxud əksi də ola bilər, deyə bilərlər ki, artıq fəaliyyətin bizi qane etmir. Rəhbərlik nə məsləhət biləcəksə, biz dövlət qarşısında hərbi duruşda duracağıq.

- Bir insan gənc yaşında vəzifəcə irəli gedirsə, qohumluq faktoru müzakirəyə səbəb olur, müxtəlif iddialar irəli sürülür ki, filankəsin qohumu olduğuna görə daha da qabağa getdi. Özünüz ictimai işlərdə fəal olmusunuz, bəs qayınatanız Şəmsəddin Hacıyevin vəzifəcə irəli çəkilməyinizdə rolu olubmu?
- Şəmsəddin müəllim hər şeydən öncə mənim rektorum olub, əmək fəaliyyətimə onun rəhbərlik etdiyi universitetdə başlamışam. Təvazökarlıqdan uzaq olsa da, işləyib fəaliyyət göstərmişəm, cəmiyyət bizi qəbul edib ki, ölkədə bir nömrəli partiyada Gənclər Birliyinin sədriyəm. Axı YAP-a kimsə təsir edə bilməz ki, filankəs sədr olsun, orada prinsiplər var və bu prinsiplərə uyğun fəaliyyət həyata keçirilir. Qohumluq əlaqələri insanın günahı deyil ki. Şəmsəddin Hacıyevlə qohum olandan sonra universitetdən uzaqlaşdım, düzdür hazırda yenə dərs deyirəm. Oradakı 8-9 illik fəaliyyətimin üstündən xətt çəkib tamam başqa sahəyə keçdim. Bəzən tək mənə yox, ictimaiyyətdə tanınan insanlara qarşı şər-böhtan atırlar. Ona görə belə şeylərə heç fikir də vermək lazım deyil. Ancaq öz yolumuzda, fəaliyyətimizdə davam edirik, cənab prezidentin, partiya rəhbərliyinin nə tapşırığı varsa, onları həyata keçirmək lazımdır.

- Sizə tədbirlərin birində “bəy” deyə müraciət olunanda çox əsəbiləşmişdiniz, Sizə necə xitab olunmasını istərdiniz?
- Yox, əsəbiləşməmişdim (gülür), özünü radikal müxalifət adlandıranlar “bəy” sözünü elə hörmətdən salıblar ki, o sözə qarşı cəmiyyət tərəfindən də antipatiya yaradıblar. Məni öz adımla çağıranlar, müəllim deyə xitab edənlər var. Maliyyə ixtisasından dərs deyirəm, müəllimlik gözəl peşədir, müəllim sözünə layiq olmağın özü də böyük nailiyyətdir.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif: