“Azərbaycan dünyaya çıxmış ölkədir, insan hüquqlarının nə olduğunu gözəl bilir, insan hüquqlarını bütövlükdə təmin etməyə çalışır. Odur ki, tənqidi qeydlər xeyirxah məqsədlə olmalıdırsa, bunu onsuz da bizim dostlarımız edirlər. İndilikdə bu tənqid və iradlarda xeyirxah məqsədlər yoxdur. Əksinə, siyasi mübarizə, ittihamlar var. Bu, açıq görünür. Onların tənqidi qeydlərində mahiyyətcə nəzərə alınacaq heç nə yoxdur. Amma bir məsələ də var ki, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə həm də təcrübə qazanacaq. İndi bu təcrübənin xeyli hissəsi qazanılıb. Çünki biz böyük tədbirlərə ev sahibliyi etmişik”.
Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib. Müsahibəni təqdim edirik:
- Nizami müəllim, I Avropa Oyunlarının Bakıda keçirilməsi və bununla paralel olaraq Avropa Parlamentində bir qrup deputatın müzakirə keçirərək Oyunları boykot etməyə dair çağırış etməsini necə qiymətləndirirsiniz?
- Şübhəsiz ki, I Avropa Oyunları çox mühüm tarixi hadisədir. Bu, Azərbaycanın da, dünyanın da tarixində həmişə qalacaq. Müxtəlif qüvvələrin həm daxildən, həm də xaricdən fəaliyyəti, Oyunlara mənfi münasibət bəsləməsi gözləniləndir. Nəzərə almaq lazımdır ki, bu, ilk belə hal deyil. Dəfələrlə Azərbaycanda olan beynəlxalq tədbirlərə gözügötürməzlik mövqeyindən münasibətlər ifadə edilib. Dünyada mütərəqqi hadisələri alqışlayanlar deyil, həm də ona qarşı çıxanlar var. Bunun da məzmunu və mahiyyəti məlumdur. Çünki dünyada qütbləşmələr, qarşılıqlı iddialar, fərqli münasibətlər var. Azərbaycan da artıq buna öyrəşib. İstər beynəlxalq qurumların, istərsə də ayrı-ayrı siyasi klubların, şəxslərin iddialarına qarşı Azərbaycanın özündə müqavimət immuniteti formalaşıb. Yəni müqavimət və mübarizə imkanlarımız formalaşıb. Odur ki, boykot çağırışları təhlükə hesab olunmur. Ancaq hər halda reaksiyalardır, biz də onlara cavab veririk.
- Bu Oyunlardan nə əldə edəcəyik?
- Əsas məsələ I Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə və müvəffəqiyyətlə keçirilməsidir. Bunun üçün də kifayət qədər ciddi hazırlıq işləri görülüb. Həm də Oyunlar başlamazdan öncə Azərbaycan dünyada təbliğ olunur, ölkəmizin mövqeyi yüksəlir. Əslində, belə bir tədbiri keçirməyə resursu və imkanı olmaq dünyada tanınmaq deməkdir. Nəzərə alın ki, indiyə qədər harada Olimpiya oyunları keçirilibsə, həmin şəhər və ölkə dünyada məşhurlaşıb. Bu günə qədər də, biz xatırlayırıq ki, hansı ildə Olimpiya hansı şəhərdə keçirilib. Bu elə birinci şərtdir ki, Oyunlar başlayana qədər bu səviyyədə təbliğat və tanınma prosesi baş verib. İndi məsələnin infrastruktur tərəfi də var. Böyük infrastruktur qurulub və bu uzun illər azərbaycanlı gənclərin xidmətində olacaq. Həmçinin, məsələnin mədəni tərəfindən iqtisadi istiqamətə qədər məqamları var. Yəni burada təkcə nüfuz məsələsi yoxdur. Oyunlarla bağlı turistlər gələcək, onlar ölkə ilə maraqlanacaq, gedib öz şəhərlərində Azərbaycan haqqında fikirlər söyləyəcəklər. Yəni bu qədər böyük və ciddi işlərin müqabilində hər hansı etiraz dördüncü dərəcəli məsələdir.
- Anti-Azərbaycan çağırışlarda siyasi məqsəd güdülür, yoxsa doğrudan, onlar Azərbaycanda hər şeyin yaxşı olmasını səmimi şəkildə istəyirlər?
- Mən inana bilmirəm ki, burada hansısa pozitiv mövqedən tənqid və ya irad bildirilsin. Təhlillər belə deməyimizə əsas yaradır. Bəli, onlar deyirlər ki, problemlər var və iradlarını da hər dəqiqə səsləndirirlər. Ancaq baxın, I Avropa Oyunlarının keçirilməsini təmin edən qüvvələr daha güclüdür və bu səbəbdən də bəhs etdiyimiz Oyunlar məhz Bakıda keçirilir. Yəni iş o biri tərəfə qalsaydı, heç bu Oyunlar Bakıda keçirilməz, buna imkan verilməzdi. Odur ki, indilikdə insan hüquqları məsələsi, sadəcə olaraq, vasitədir. Həm də bu, ilk hal deyil. Azərbaycan dünyaya çıxmış ölkədir, insan hüquqlarının nə olduğunu gözəl bilir, insan hüquqlarını bütövlükdə təmin etməyə çalışır. Odur ki, tənqidi qeydlər xeyirxah məqsədlə olmalıdırsa, bunu onsuz da bizim dostlarımız edirlər. İndilikdə bu tənqid və iradlarda xeyirxah məqsədlər yoxdur. Əksinə, siyasi mübarizə, ittihamlar var. Bu, açıq görünür. Onların tənqidi qeydlərində mahiyyətcə nəzərə alınacaq heç nə yoxdur. Amma bir məsələ də var ki, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə həm də təcrübə qazanacaq. İndi bu təcrübənin xeyli hissəsi qazanılıb. Çünki biz böyük tədbirlərə ev sahibliyi etmişik. Amma I Avropa Oyunları daha böyük hadisədir və təcrübə qazandıracaq tədbirdir. Burda da tənqidin əhəmiyyəti yoxdur.
- I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi qərarını Avropa Olimpiya Komitəsi verib. Necə olur ki, Avropa həm tədbiri Bakıya salır, həm də tədbir ərəfəsində anti-Azərbaycan iddiaları səsləndirir?
- Bəli, Avropa Olimpiya Komitəsində 49 ölkə birləşir. Amma nəzərə alın ki, onların arasında da şaxələnmə var. İndi hətta bir dövlət səviyyəsində də şaxələnmələr mövcuddur. Həm də, nəzərə alın ki, beynəlxalq təşkilatlar səviyyəsində bu gün bir söz deyilir, sabah başqa söz. Bəzən bundan istifadə olunur. Yəni dünya bir qütblü olmadığından çoxlu düşüncələr olur. Kiminsə nəsə marağı ola və bu marağı da “humanist” mövqedən ifadə edə bilər. Amma mahiyyətinə baxanda görərsən ki, onun düşmənçiliyi var. Bir müqayisə edək, Dağlıq Qarabağ probleminə görə, BMT, ATƏT və digər qurumlar müzakirə aparıb, elan edib ki, bu torpaqlar Azərbaycana məxsusdur və işğal edilib. Amma buna rəğmən Azərbaycanın işğal edilən torpaqları geri qaytarılmır. Odur ki, bu cür ziddiyyət hər sahədə mövcuddur. Ancaq aparıcı meyil bundan ibarətdir ki, I Avropa Oyunlarının Bakıda keçirilməsi qərarlaşdırılıb, bununla bağlı ciddi iş aparılıb və bu istiqamətə sərf olunan enerjinin qarşısını almaq mümkün deyil.
- Sizə elə gəlmirmi ki, I Avropa Oyunları ilə bağlı Azərbaycanın üzərinə gələn mərkəzlər 24 aprel saxta erməni “soyqırımı” ilə əlaqədar Türkiyənin üzərinə gedən mərkəzlərdir? Necə ki, saxta “soyqırımı” ilə bağlı ATƏT, Avropa Şurası susdu, əvəzində Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə çıxardı.
- Ümumi münasibət var. Təbii ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bütün türk dünyasını sevindirir. Bəlkə 3-4 nadan tapılar ki, buna etiraz etsin, amma türk dünyası bütövlükdə buna sevinir. Bəzən beynəlxalq təşkilatlar bir məsələdə etirazı bildirməyi, problem yaratmağı hansısa quruma yönəldir. Məsələn, ATƏT susur, Avropa Şurası danışır və ya AŞ PA susur, Avropa Parlamenti danışır. Yəni bu, qəbul edilən məsələdir. Deməli, dünyada bizim əleyhdarımız və rəqiblərimiz öz dayaqlarını bu qurumda tapırlar, lobbiləri işləyir. Əlbəttə, biz də mübarizə aparırıq, Oyunlarla bağlı müxtəlif ölkələrdə təqdimatlar həyata keçiririk. Yəni bunlar təsadüfi deyil və müəyyən neytrallaşdırma işi görülür. I Avropa Oyunlarına qarşı çıxmaq onların Azərbaycana münasibətidir. Yəni I Avropa Oyunları başqa ölkədə də keçirilə bilərdi, niyə Azərbaycanda keçirilir. Şübhəsiz ki, burada qısqanclıq elementi də, suyu bulandırmaq, lobbiçilikdən gələn fəaliyyətdə ola bilər. Burda Azərbaycana təzyiq göstərib nəyəsə nail olmaq məsələsi də var. Amma dünyanın ümumi münasibətini həll edən məqam I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi reallığıdır. Bu Oyunlar da yüksək səviyyədə keçiriləcək. Odur ki, anti-Azərbaycan fəaliyyətinin hər hansı bir nəticəsi ola bilməz.
- Bir neçə gündən sonra Türkiyədə parlament seçkiləri keçiriləcək. Proqnozunuz nədən ibarətdir?
- Hesab edirəm ki, Türkiyənin indiki siyasi balansı dəyişməyəcək. Hər halda Ədalət və İnkişaf Partiyasının iqtidarda olması davam edəcək. Müəyyən qədər mümkündür ki, Millətçi Hərəkat Partiyası imkanlarını genişləndirsin. Barış və Demokrat Partiyası iddialıdır. Amma bu partiyanın barajı keçəcəyinə inanmıram. Ancaq belə ehtimallar var. Türkiyənin özündə də bu haqda ciddi müzakirələr aparılır. Amma bu, çox da asan olmayacaq. Bununla belə Ədalət və İnkişaf Partiyasının bir çox hərəkətləri əvvəlkindən daha çox müzakirə yaradıb və müəyyən münaqişəlilik ortaya çıxarıb. Ancaq məsələ ondadır ki, dünyanın hər yerində iqtidar adətən daha çox müzakirə edilir. Müxalifət isə iqtidar qədər müzakirə edilmir. Biz arzu edirik ki, bu seçkilər Türkiyə üçün xeyirli olsun. Türkiyədə inkişaf başlayıb, bu ölkə dünya miqyasında bir sıra proseslərdə iştirak edir, böyük bir dövlətdir, türk dünyasının gözüdür. Türkiyədə indiyə qədər mövcud olan stabillik təmin edilməlidir. Amma bizim üçün Türkiyə siyasi partiyalardan ibarət deyil, bütövdür.
Nemət Orucov