24 İyul 2015 18:54
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əlbəttə, indinin özündə İŞİD Türkiyə üçün ciddi problemdir. Türkiyədə İŞİD-in on minlərlə tərəfdarı var. Radikal dindarlar, mürəkkəb problemlərinin həllini asan yolla həll etməyi axtaran insanlar-fundamentalistlər, mötəbər həyatın keçmişdə qaldığını düşünənlər Türkiyəyə ciddi təhlükədir. Sadəcə indi Türkiyə İŞİD-ə müəyyən mənada dəstək verdiyi üçün bu insanlar sakit durublar. Onlar görsələr ki, Türkiyə İŞİD-ə qarşı addımlar atır, dərhal səslərini çıxararlar. Necə ki, vaxtilə Talibanı Amerika yaratmışdı, ancaq sonradan bu qurum ABŞ-a qarşı çıxdı”.

Bunu qəzetimizə müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. Müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, artıq Türkiyə İraq Şam İslam Dövləti (İŞİD) adlı silahlı qruplaşmaya qarşı hərbi əməliyyatlara başlayıb. Bunu necə dəyərləndirirsiniz?
- Hazırda Türkiyədə iki meyl arasında mübarizə gedir. Birinci meyl prezident Ərdoğanın xəttidir və Əhməd Davudoğlu da bu xətti müdafiə edir. Bu xəttə görə, Suriyada baş verənlərə daha fəal qarışmaq, Bəşər Əsədi yıxmaq lazımdır. Əgər bunu bacarmasalar, xarici siyasətdə böyük səhvə yol verdiklərini etiraf etməlidirlər. Ancaq bu səhvi etiraf etmək istəmir, çalışırlar ki, istənilən üsulla Əsədi yıxsınlar. Bu üsullardan biri də radikal islamçılara, müasir mədəniyyətin düşmənlərinə dəstək verməkdir. Təsadüfi deyil ki, Şərq cəbhəsindən, hətta Rusiyadan Əsədə qarşı vuruşmaq istəyən radikallar, əsasən, Türkiyədən keçməklə Suriya ərazisinə daxil olurlar. Onlar İordaniyadan keçə bilmirlər, çünki çətindir. Ancaq Türkiyə vasitəsilə Suriyaya daxil olmaq daha asandır. Bu radikalların sonradan hansı addımları atacağı yalnız Allaha bəllidir. Vəziyyətin mürəkkəbliyinə gəldikdə, əvvəl SSRİ mövcud idi və hər şey bəlli idi. Kim düşmənlə birgə idisə, düşmən idi. Kim düşmənə qarşı idi, dost hesab olunurdu. Həmin dövrdə Qərb soyuqqanlı formada radikal islamçıları dəstəkləyirdi. Çünki onlar Sovet qoşunlarına qarşı vuruşurdular. Qərb Ben Ladeni dəstəkləyirdi, sonrasını düşünmürdü. Məqsəd Sovet ordusunu qarşı vuruşmağı stimullaşdırmaq idi. Sonradan Əfqanıstanda Taliban hökuməti quruldu və radikal islamçılar Qərbə qarşı addımlar atmağa başladılar. Beləcə, Qərb özünün yaratdığı qurumla üz-üzə gəlməyə başladı. Bu, uzun müddət çəkdi. Amma indi hər şey sürətlə baş verir. 2012-ci ildən Suriyaya qarşı hərəkata başladılar. Amma 2 ildən sonra məlum oldu ki, Əsədin düşmənləri həm də Qərbin düşmənləridir. İndi Qərb məcburdur ki, özünün yaratdığı İŞİD-ə qarşı mübarizə aparsın. Özlərinin yetişdirdiyi və azadlığa buraxdığı Bağdadiyə qarşı müharibəyə başlamağa məcbur olublar. Türkiyə isə bu işdə Qərblə müttəfiq deyil. Ankara Əsədin düşmənlərini müdafiə edir. Odur ki, Qərb mətbuatında tez-tez belə xəbərlərə rast gəlmək olur ki, onlar radikal islamçılara qarşı mübarizədə hətta Əsədlə iş birliyinə gedə bilər. Bu, Yaxın Şərqdə dini və siyasi zəmində gedən prosesdir.

- Həmçinin etnik zəmində də proseslər baş verir...
- Doğrudur, bu da ondan ibarətdir ki, Qərbin layihəsi olan müstəqil Kürdüstan projesi mərhələ-mərhələ həyata keçirilir. Əvvəla, Səddam Hüseyni şərləyib devirəndən sonra de-fakto Şimali İraqda Kürdüstan dövləti yaratdılar. Bu dövlət xarici siyasət yürüdür, iqtisadi əlaqələr qurur, neft satır və s. Suriyadakı məlum hadisədən sonra isə ölkənin şərq hissəsi kürd silahlılarının əlinə keçdi. Orada da hansısa kürd qurumunun yaradılması prosesi gedir. Daha sonra üçüncü və dördüncü kürd qurumunun yaradılması, son nəticədə Kürdüstanın yaradılması nəzərdə tutulur. Bu haqda açıq yazılır, xəritələr cızılır. Üçüncü və dördüncü kürd qurumlarının yaradılması Türkiyə və İran ərazisində nəzərdə tutulur. Prosesin mahiyyətində bunlar durur. Zahirdə isə insanlar öldürülür, ac qalır, təhsil ala bilmir, tarixi abidələr məhv edilir. Vaxtilə tarixi şəhərlər olan Hələb, Homus, Həma dağıldı. Mürəkkəb bir siyasi oyun gedir və bu da yeni bir siyasi xəritə qurmaq, Qərbə sadiq yeni dövləti yaratmağa hesablanıb. Bu məqsədin həyata keçirilməsi zaman Türkiyənin necə dağılacağı, neçə yerə bölünəcəyi Qərbin planlarında var. Ancaq Türkiyə tarixi, ağlı, təcrübəsi olan, tarixdən dərs götürməyi bacaran ölkədir. Bu haqda türklər açıq yazırlar.

- Türk hərbi qüvvələri havadan İŞİD-in mövqelərinə zərbə endiriblər. Deyə bilərik ki, Türkiyədə İŞİD-lə bağlı hərəkata qoşulur?
- Bu məsələyə iki türk hərbçisinin öldürülməsi də səbəb oldu. Bu hadisə ölkədə dərin narazılıq yaratdı. Açıq deyildi ki, Türkiyə vasitəsilə Suriyaya gedən terrorçu radikal dəstələr həm də türk əsgərlərini öldürür. Bu, hökumətin siyasətinə zərbə idi. Ola bilsin ki, buna görə türk ordusu havadan İŞİD mövqelərinə zərbələr endirdi. Amma İŞİD-i havadan və hansısa artilleriya zərbələri ilə ləğv etmək mümkün deyil. İŞİD-in maliyyə qaynaqlarını kəsmək, geniş miqyaslı quru əməliyyatlar keçirmək lazımdır. Ancaq buna İŞİD-i havadan vuran dövlətlərin heç biri getmək istəmir. Çünki bilirlər ki, bu yaxşı nəticələr vəd eləmir. Odur ki, hazırda bu işi daha çox Bəşər Əsədin ordusu görür. İraq ordusu ilə İranın qeyri-rəsmi olaraq döyüşlərdə iştirak edən silahlı qüvvələri də İŞİD-ə qarşı quruda vuruşur.

- Türkiyə bu prosesə müdaxilə edərək Kobaniyə daxil olaraq İŞİD-i öz sərhədlərindən kənara çıxara bilərmi?
- Belə bir fikir var. Cənab Bülənd Arınc deyir ki, biz sərhəddə böyük hasar çəkməli, Suriya ilə əlaqələri kəsməliyik. Bu o deməkdir ki, həm də İŞİD-ə mümkün dəstəyi də dayandırmalıyıq. Bəli, belə fikir var ki, ordudan istifadə etsinlər. Ancaq ordu rəhbərliyi dedi ki, bu, Türkiyə üçün böyük fəlakətlər gətirəcək addım ola bilər. Yəni ordu bu işə qarışsa, maddi və mənəvi itkilərdən əlavə, bu proses tədricən Türkiyənin içinə sirayət edə bilər və ərazi bütövlüyünə xələl gələ bilər. Türk generalları bunu açıq dedilər. Ordu rəhbərliyi bəyan etdi ki, biz Suriyaya müdaxilə edə, ölkənin içərisinə doğru irəliləyə bilərik. Ancaq siyasi rəhbərlik bir düşünsün, bunun aqibəti necə olacaq? Təbii ki, ağlı olan siyasətçi bu haqda düşünməlidir. Məsələn, SSRİ rəhbərliyi Əfqanıstana müdaxilə edərkən düşünmədi, fikirləşməyə başları çatmadı. Amerika Vyetnama girəndə arxasını düşünmədi. Belə təcavüzlərin mənfi nəticələri də olur. Türkiyə Suriyaya girsə, bəlkə də, Bəşər Əsəd İrana və ya Rusiyaya qaçacaq. Amma sonra nə olacaq? Görəcəklər ki, Türkiyə ərazisində qanlı döyüşlər gedir, ölkənin bölünmək məsələsi var. Türkiyədə indiyə qədər dini məsələdə müxtəlif dinlərin nümayəndələri dinc və qardaş kimi yaşayır. Allahlarına ibadət edib sadə həyatda bir-birlərinə hörmət edirdilər. Amma sabah ərəb şərqində tüğyan edən məzhəb düşmənliyi Türkiyəyə də sirayət edə bilər. Bu, Türkiyəyə lazımdırmı? Təbii ki, lazım deyil. Bütün bunları hesablamaq lazımdır. Odur ki, Türkiyədə ordu rəhbərliyi bəyan etdi ki, əmri yerinə yetirməyə hazırdır, amma siyasi rəhbərliyi dəvət edirik dərindən düşünsün və izah etsinlər ki, hansı səbəbdən bu addıma gedirlər.

- Yaxın dövr üçün proseslər hansı istiqamətdə inkişaf edə bilər?
- Bir var məntiqlə, ağılla gedilən yol. Bir də var siyasətçilərin iddiası, tamahı, siyasi məqsədi naminə həyata keçirilən fəaliyyət. Fərz edək ki, 1991-ci ildə mən və həmfikirlərim deyirdik ki, Azərbaycanda milli barışığa gedin. Amma Xalq Cəbhəsi buna qulaq asmayıb çevrilişə getdi. Nəticəni də gördünüz. İndi Türkiyədə Ərdoğana əvvəlki hörmətini bərpa etmək üçün gurultulu qələbə lazımdır. O da, görür ki, bunu daxildə etmək mümkün deyil, çətindir. Fikirləşir ki, xaricdə qələbə əldə etsəm, məsələn, Bəşər Əsədi devirsəm, dünyanın rəğbətini qazanaram, nüfuzum güclənər. Daha düşünülmür ki, bu addım Türkiyəyə nə qazandıra bilər. Bülənd Arıncın çıxışına baxdım. O, ağıllı və mötədil siyasətçidir. Deyir ki, biz ətrafımızda baş verən hərəkətlərə laqeyd qalmamalıyıq, amma çalışmalıyıq ki, mümkün qədər bu prosesə qarışmayaq. İndi Türkiyənin mənafeyinə uyğun gələn odur ki, Suriya məsələsində mümkün qədər az iştirak etsin. Təbii ki, humanitar sahədə qaçqınlara yardım etsin, müsəlman həmrəyliyi nümayiş etdirsin və s. Amma Suriyada hakimiyyət davasında iştirak etməsin, ölkənin daxili ilə məşğul olsun, problemləri həll etsin. İraqa gəldikdə, burada ordunun möhkəmləndirilməsi prosesi gedir. Əvvəl-axır İraq ordusu İŞİD-ə qalib gələcək. Əgər İŞİD-in arxasında duran Qərbdəki və Şərqdəki qüvvələr dəstəklərini dayandırmasa, bu xəmir çox su apara da bilər.

- İŞİD Türkiyə üçün problem deyilmi?
- Əlbəttə, indinin özündə İŞİD Türkiyə üçün ciddi problemdir. Türkiyədə İŞİD-in on minlərlə tərəfdarı var. Radikal dindarlar, mürəkkəb problemlərinin həllini asan yolla həll etməyi axtaran insanlar-fundamentalistlər, mötəbər həyatın keçmişdə qaldığını düşünənlər Türkiyəyə ciddi təhlükədir. Sadəcə indi Türkiyə İŞİD-ə müəyyən mənada dəstək verdiyi üçün bu insanlar sakit durublar. Onlar görsələr ki, Türkiyə İŞİD-ə qarşı addımlar atır, dərhal səslərini çıxararlar. Necə ki, vaxtilə Talibanı Amerika yaratmışdı, ancaq sonradan bu qurum ABŞ-a qarşı çıxdı.

Nemət


Müəllif:

Oxşar xəbərlər