“Bu, Türkiyənin tutumu deyil. Daha çox Türkiyəni idarə edən iqtidarın fəaliyyətinin nəticəsidir. Biz CHP olaraq türkmən qardaşlarımıza dəstək verdik, onların yaşadıqları bölgələrə getdik, apardığımız yardımları da payladıq. O gündən bu yana da yardımlarımızı davam etdiririk. Türkmənlər bizim üçün önəmlidir, bizim qırmızı xəttimiz orada yaşayan türkmənlərin can və mal təhlükəsizliyidir. Bu, son dərəcə açıq bir mövqedir”.
Bunu qəzetimizə müsahibəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmir millət vəkili Tuncay Özkan bildirib. Müsahibəni təqdim edirik:
- Tuncay bəy, Türkiyədəki ictimai-siyasi durumu necə şərh edirsiniz, son vəziyyət, hökuməti qurmaq üçün aparılan işlər barədə nə deyə bilərsiniz?
- Hazırda Türkiyədə hökumətin qurulması prosesi gedir. Parlament seçkiləri arxada qalıb, siyasi partiyaların nə qədər səs aldığı məlumdur. Bu prosesdə əsas iki oyunçu var. Biri Rəcəb Tayyib Ərdoğan, digəri isə Əhməd Davudoğludur. Baş nazir Əhməd Davudoğlu hökumətin qurulmasını istəyir, bunun üçün də fasiləsiz fəaliyyət göstərir. Ancaq prezident Ərdoğan koalisiya hökumətinin qurulmasında istəkli görünmür. O, daha çox erkən seçkilərin keçirilməsi tələbini irəli sürür, hökumətin qurulmaması üçün fəaliyyət göstərir. Türkiyədə bu problem səbəbindən həyat sanki dayanıb. Tez bir zamanda hökumət qurulmalıdır ki, iqtisadi, sosial və təhlükəsizlik məsələlərini həll edə bilək. Bizim Anayasamız, qanunlarımız bəllidir. Türkiyə koalisiya hökuməti qura bilsə, yaşanan problemləri aradan qaldıracaq. Yox, əgər belə hökumət qurulmayacaqsa, təəssüflər olsun ki, qarşıda çətin günlərin şahidi olacağıq.
- Hazırda koalisiya hökuməti qurmaq şansları mövcuddurmu?
- Koalisiyanın qurulması mümkündür. Hazırda Cümhuriyyət Xalq Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında keçirilən görüşlər belə şansın olduğunu göstərir. Üstəlik seçkilərdə xalqın istəyi də belə oldu ki, koalisiya hökuməti qurulsun.
- CHP, MHP və HDP-dən ibarət koalisiya hökumətinin formalaşdırılması imkanları nə qədərdir?
- Əlbəttə, nəzəri baxımdan mümkündür. Lakin bu formatda hökumətin qurulması, MHP-nin mövqeyi səbəbindən gündəmə belə gəlmədi. Əgər bu formatda, geniş tərkibli hökumət qurulsaydı, Türkiyənin problemləri daha gözəl həll edilə bilərdi. Burada söhbət yüzdə altmışlıq hökumətin qurulmasından gedirdi və bu resurslarla Türkiyəni sonrakı mərhələyə də hazırlaya bilərdi. Lakin təəssüflər olsun ki, MHP-nin mövqeyinin nəticəsində bu şans siyasi gündəmə gəlmədi.
- Doğrudanmı, indi erkən seçim şansı daha yüksəkdir, nəinki koalisiya hökuməti qurmaq imkanları?
- Erkən seçim sıxıntı yarada bilər. Məsələn, biz erkən seçimə getdik. Anayasaya görə, 22 noyabr seçki günü hesab olunur. Seçkilər keçirildi, xalq səsverməyə getdi. Bəs, eyni nəticələr ortaya çıxsa, nə edəcəyik? Belə bir durum yaranarsa, bir daha seçkiyə gedəcəyik? Demokratiyanı yaralamamaq, xalqı çətinə salmamaq və çözümsüzlüyü deyil, çözüm imkanlarını dəyərləndirmək lazımdır. Xalqın bizə verdiyi səslərin qarşılığında hökumət qura bilmədən yenidən seçkilərə gedəcəyiksə, bu, nəticə etibarı ilə demokratiyada böyük yaralar yaradacaq. Buna da imkan vermək lazım deyil.
- İndi Türkiyədə siyasi boşluq müşahidə olunurmu?
- Siyasi boşluq var. Türkiyə təhlükəsizlik problemi yaşadığı bir vaxtda bu cür boşluq mövcuddur. Hökumətin Böyük Millət Məclisindən dəstək səsi almaması, hökumətin müvəqqəti hökumət olması səbəbindən ciddi problemlər var. Bunları aşıb Türkiyəni sağlam limanlara götürə biləcək hökumət qurmaq məcburiyyətindəyik. Ancaq Türkiyədə iç savaşlar səbəbindən bunu yerinə yetirə bilmirik.
- Hazırda CHP olaraq sizin MHP və HDP ilə münasibətləriniz hansı səviyyədədir?
- Mən daima MHP və HDP-dəki dostlarla görüşürəm. MHP və HDP-nin Türkiyəni qucaqlayacaq və gələcəyə aparacaq yaxınlaşma üçün addım atması lazımdır. İndi MHP-nin seçkilərin ilk gecəsində ortaya qoyduğu mövqe söylədiklərimizin üzərindən xətt çəkdi. Lakin mən yenə də bir şans yaranacağına inanıram. Əgər Türkiyədə insanlar, doğrudan da, ölkələrini sevir və bu sevda ilə fəaliyyət göstərirlərsə, son anda belə CHP, MHP və HDP-dən ibarət hökumətin qurula biləcəyinə inanıram.
- Azərbaycan insanında CHP ilə bağlı bir narahatlıq da var. Söhbət ondan gedir ki, CHP-də erməni qolunun olması kimi xəbərlər ortaya çıxıb...
- Mən sizə deyirəm ki, bu, yalandır. Sadəcə olaraq bizim erməni kökənli bir millət vəkilimiz var. Ancaq erməni kökənli daha bir millət vəkili HDP və AKP-də də var. Bizim təməl prinsiplərimiz var. CHP Türkiyədə cümhuriyyəti quran, Mustafa Kamal Atatürkün vəsiyyətini öz qarşısında məqsəd qoyan partiyadır. Bu partiya cümhuriyyətin və türkün qədərinin hökm etdiyi hər bir meydanda türkü, cümhuriyyəti və türkçülüyü müdafiə etməkdə davam edəcək. Bunlar bizim üçün qırmızı xəttidir. Biz, imperializmə qarşı da türkü və türkün tarixini müdafiə edirik.
- Türkiyə-Suriya, Türkiyə-İraq sərhədində nə baş verir?
- Sərhədlərin kənarında insanlarımızın terror hadisələri səbəbindən özünü təhlükəsiz durumda hesab etdiyini deməyimiz yanlış olardı. Ancaq bu, bizi haradasa yarım müharibə durumundan xilas etmir. Biz hazırda İŞİD və PKK səbəbindən təhlükəsizlik problemi yaşayırıq. İŞİD-in törətdiyi terror hadisəsi səbəbindən Surucda 32 gəncimiz öldürüldü. Bunun ardınca sərhədlərimizdə PKK-nın fəaliyyəti səbəbindən törədilən terror hadisələri zamanı 56 şəhid verdik. Bütün bunlar Türkiyədə təhlükəsizlik probleminin olduğunu göstərir. Əlbəttə, biz PKK terrorunu 35 ildir ki, yaşayırıq. Bu səbəbdən Türkiyənin mütləq güclü hökumət formalaşdırması, bu problemləri həll etməsi lazımdır. Biz hökumət qurulsun deyəndə ilk olaraq kürd probleminin həll edilməsini, terror hadisələrinin aradan qaldırılmasını nəzərdə tuturuq. Əgər, bu reallaşmasa, Türkiyədə təhlükəsizlik daha da zəifləyə bilər. Məhz bu baxımdan güclü bir hökumətin qurulması olduqca vacibdir.
- Siz, ana müxalifət olaraq keçici hökumətin anti-terror əməliyyatlarını dəstəkləyirsinizmi?
- Hazırda hökumətin belə bir addım atdığına dair hər hansı bir fakt yoxdur. Belə bir şey mövcud deyil. Ola bilsin ki, siz daha çox hökumətin Amerika tərəfi ilə birlikdə koalisiya şəklində aparılan əməliyyatlarını nəzərdə tutursunuz. Ancaq xüsusi olaraq böyük çaplı əməliyyatlar aparılmır. Əksinə, İŞİD adlanan qurum hələ də Türkiyədən insan toplayır, təlim düşərgələri qurur və deyərdim ki, keçici hökumət tərəfindən də müdafiə olunur. Əlbəttə, bu, mənim subyektiv fikirlərimdir.
- Fakt odur ki, Türkiyəyə bağlı hərbi qırıcılar sərhəd boyu İŞİD və PKK terror təşkilatına zərbələr endirib. CHP olaraq siz bu addımları dəstəkləyirsinizmi?
- Biz savaşa, müharibəyə qarşıyıq. Təbii ki, müharibə də istəmirik. Ancaq Türkiyəyə istiqamətlənən hər bir hücuma ən güclü şəkildə cavab verilməsinin tərəfindəyik. Bu anlamda Türkiyəyə qarşı terror hadisələri qarşılığında İŞİD və PKK-ya qarşı həyata keçirilən hava hücumlarına etirazımız yoxdur.
- Hazırda İraqın şimalında, eləcə də, Suriya ilə sərhəd yaxınlığında milyonlarla türkmən yaşayır. Niyə Türkiyə olaraq sizlər türkmənlərdən daha çox ərəblərə qucaq açırsınız, türkmənləri sanki taleyin ümidinə buraxmısınız?
- Bu, Türkiyənin tutumu deyil. Daha çox Türkiyəni idarə edən iqtidarın fəaliyyətinin nəticəsidir. Biz CHP olaraq türkmən qardaşlarımıza dəstək verdik, onların yaşadıqları bölgələrə getdik, apardığımız yardımları da payladıq. O gündən bu yana da yardımlarımızı davam etdiririk. Türkmənlər bizim üçün önəmlidir, bizim qırmızı xəttimiz orada yaşayan türkmənlərin can və mal təhlükəsizliyidir. Bu, son dərəcə açıq bir mövqedir.
- Ancaq son on ildə türkmənlər dediklərinizin şahidi olmayıb...
- Biz AKP iqtidarının türkmənlərlə bağlı siyasətini türkmənlərin başını dərdə salan, onların qırılmasına, güclərinin zəifləməsinə səbəb olan siyasət hesab edirik. Bu səbəbdən Türkiyəni idarə edən iqtidarın xarici siyasətini dəstəkləmirik. Əksinə, belə siyasətə qarşıyıq. Belə vəziyyətdə bizim siyasətimiz bölgədə türkmən qardaşlarımızın marağını ifadə edən bir siyasətdir. Təbii ki, biz kimsənin daxili işlərinə qarışmırıq, kimlərinsə problem yaşamasını istəmirik. Amma kimsənin də bizə bu problemləri yaşatmasına, ya da türkmən qardaşlarımıza can və mal problemləri yaşatmasına imkan vermərik. Bizim türkmənlərlə bağlı qəti mövqeyimiz bundan ibarətdir.
Nemət