16 Fevral 2016 11:14
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Razılaşma kiminlə olsa belə, Əsədin mövqeyi konkretdir. Belə bir qarışıq mənzərənin ortaya çıxdığı zamanda necə iddia edə bilərik ki, Suriyadakı proseslər hansısa razılaşmaya doğru gedə bilər? Bu, mümkün deyil. Hələ Suriya daxilində bir-birinə qarşı savaşan qruplaşmaları, İŞİD faktorunu demirəm. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Suriyadakı proseslər gərginliyə doğru inkişaf edəcək. Hətta Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin Suriyada daha aktiv mövqe sərgiləməsi buradakı vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər. Hazırda Qərb İran və Rusiya cütlüyünə qarşı Türkiyə və Ərəb koalisiyasını irəli çəkir”.

Bunu Teleqraf.com-a müsahibəsində “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib. Müsahibəni təqdim edirik:

- Münhen konfransının Azərbaycan və region üçün əhəmiyyəti nədən ibarət oldu?
- Münxen təhlükəsizlik konfransında ilk növbədə enerji təhlükəsizliyi, eləcə də, regionu narahat edən bir çox problemlər müzakirə predmeti oldu. Mövzuların aktuallığı və tərəflərin yanaşma tərzi baxımından çox əhəmiyyətli idi. Problemlərin həlli ilə bağlı debatların təşkili regionda baş verən proseslərə öz müsbət təsirini göstərə bilər. Azərbaycana gəlincə, bu tədbir bizim üçün də əhəmiyyətli oldu. Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın ən yüksək səviyyədə iştirakı etimadın göstəricisidir. Özümüzü tanıtmaq, həqiqətlərimizi dilə gətirmək baxımından son dərəcə əhəmiyyətli platformadır. Ümumiyyətlə, Münhen konfransı çərçivəsində keçirilən görüşlər müsbət qiymətləndirilməlidir.

- Bu cür beynəlxalq tədbirlərin nəticəsi olaraq Suriya ilə bağlı yaxın vaxtlarda hər hansı razılığın olması mümkündürmü?
- Hazırkı proseslər onu deməyə əsas verir ki, razılaşmadan daha çox, əksinə, Suriyada proseslərin daha kəskin hal alacağına şahid olacağıq. Son hadisələrə diqqət etmək kifayətdir. Tərəflərin prosesə sərgilədikləri yanaşma, tutduqları mövqe də belə düşünməyə əsas verir. Diqqət edin, Rusiyanın Xarici İşlər naziri Medvedev Amerika tərəfinin quru qoşunlarından istifadənin mümkün ola biləcəyi ilə bağlı açıqlamalarına alternativ olaraq bildirdi ki, əgər Suriya ərazisində 3-cü qüvvə tərəfindən hər hansı quru əməliyyatları aparılarsa, bu, münaqişəni daha kəskinləşdirə və uzada bilər. Bu açıqlama özü bir faktdır və bizə onu deməyə əsas verir ki, Rusiya öz mövqelərindən geri çəkilməyə hazırlaşmır və heç bir halda geri çəkilməyəcək. Məsələnin ikinci tərəfi odur ki, Türkiyə son iki gündə Suriyanın şimalında olan kürd bölücü qruplaşmalarına hava zərbələri endirir. Bu da onu göstərir ki, Türkiyə heç bir halda Rusiyanın bu proseslərdə kürd qruplaşmalarından bir alət kimi istifadə etməsinə imkan verməyəcək və Suriyanın şimalında özü üçün münasib zamin yaratmaqda israrlıdır. Qərb bu əməliyyatları dayandırmaqla bağlı rəsmi Ankaraya çağırış etsə də, indilikdə Türkiyə tərəfinin əməliyyatları eyni qətiyyətlə davam etdirəcəyini söyləmək olar. Üçüncü məqam odur ki, Səudiyyə Ərəbistanı ətrafına 20-dən çox İslam və ərəb ölkələrini yığmaqla hərbi manevrlər etməyə hazırlaşır. Əslində, bu, Səudiyyə Ərəbistanının əzələ nümayişi kimi səciyyələndirilə bilər. Açıq kontekstdə olmasa da, bu hərbi manevrlərin sətiraltı ifadəsi ondan ibarətdir ki, ərəblər bölgədə, xüsusilə də Suriyada baş verənlər proseslərdə artıq daha aktiv rol almağa iddialıdırlar və bu rollarını heç də diplomatik və ya siyasi iştirakla məhudlaşdırmaq niyyətində deyillər. Bu isə birbaşa İran və Rusiyaya mesajdır. İsrail də ərəblərlə koalisiyaya can atır. O cümlədən Bəşər Əsədin açıqlaması var. Onun açıqlamasının hər cümləsinə diqqət etsək, görərik ki, Bəşər Əsəd hakimiyyətdən getməyə hazırlaşmır. Razılaşma kiminlə olsa belə, Əsədin mövqeyi konkretdir. Belə bir qarışıq mənzərənin ortaya çıxdığı məqamda necə iddia edə bilərik ki, Suriyadakı proseslər hansısa razılaşmaya doğru gedə bilər? İndilikdə bu, mümkün deyil. Hələ Suriya daxilində bir-birinə qarşı savaşan qruplaşmaları, İŞİD faktorunu demirəm. Yəni bütün bunlar onu deməyə əsas verir ki, Suriyadakı proseslər gərginləşməkdə davam edəcək. Hətta Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin Suriyada daha aktiv mövqe sərgiləməsi, buradakı vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara bilər. Hazırda Qərb İran və Rusiya cütlüyünə qarşı Türkiyə və ərəb koalisiyasını irəli çəkir. Artıq Qərbin özü də Suriyadakı prosesləri kənardan izləmək niyyətində deyil. Ən azından döyüş təyyarələrinin Türkiyəyə göndərilməsi və başqa məqamlar onu deməyə əsas verir ki, Qərb lokal xarakterli də olsa, müəyyən əməliyyatlarda iştirak edəcək.

- Səudiyyə Ərəbistanının dəstəyi ilə 20 dən artıq İslam ölkəsinin keçirəcəyi hərbi manevrlərin Suriyaya müdaxilə məsələsinə bağlılığı varmı?
- Bu hərbi manevrlərdə təkcə ərəb ölkələri deyil, o cümlədən Pakistan da iştirak edir. Pakistan İslam dövlətləri arasında kifayət qədər öz mövqeyi ilə seçilən lider ölkələrdən biridir. Eyni zamanda, Pakistan rəsmi şəkildə atom silahına malik bir ölkədir. İndiki məqamda manevrlərin keçirilməsi birbaşa Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən yaradılan İslam, əslində daha çox ərəb koalisiyasının İrana və Rusiyaya ünvanlanmış, - “bölgədə baş verən proseslərə daha aktiv mövqe sərgiləmək niyyətindəyik”- mesajı kimi qiymətləndirilməlidir. Onlar birmənalı şəkildə göstərmək istəyirlər ki, artıq 2-3 il öncəsi kimi passiv mövqe sərgiləmək niyyətində deyillər və lazım olars hərbi güclərini də ortaya qoyacaqlar.

- Sanksiyaların ləğvindən sonra İranın Suriyadakı mövqelərinin zəiflətdiyini qeyd edənlər də var. Həqiqətən, İran Suriyadan geri çəkilir, yoxsa əksinə, mövqelərini gücləndirir?
- İranın Suriyadakı mövqelərinin zəiflədiyini deyənlərin hansı arqumenti gətirdikləri mənim üçün maraqlıdır. Hər gün İran saytlarını izləyirəm. Elə bir gün olmur ki, İran hərbçilərinin Suriyada öldürülməsi və ölkəyə gətirilməsi barədə xəbər olmasın. İran hazırda həm SEPAH, həm də Hizbullah vasitəsilə Suriyada aktiv bir iştirakçıdır. İranın Qərblə Vyana razılaşması, iqtisadi cəhətdən əlaqələrini bərpa etməsi o demək deyil ki, İran Suriyadakı maraqlarından imtina edəcək. İran Suriyanı, daha doğrusu, oradakı rejimi tək buraxmayacaq və mövqeyinin zəifləməsinə imkan verməyəcək. Bu ölkə Əsəd rejimini müdafiə etməkdə davam edəcək və sonadək öz mövqelərini və maraqlarını qorumağa çalışacaq.

- İndiki məqamda Türkiyə quru qoşunları Suriyaya daxil olacaqmı, yoxsa müttəfiqlərinin razılığını gözləyəcək?
- Suriya Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasına Türkiyə hərbiçilərinin yük avtomobillərində ölkəsinə daxil olması ilə bağlı məlumat verib. Lakin Türkiyə bunu rəsmi şəkildə təkzib etdi. Hesab edirəm ki, Türkiyə hələ müttəfiqlərinin hansısa reaksiyasını və ya məsələ ilə bağlı konkret hansı istiqamətdə Türkiyəyə yardım edə biləcəyəni gözləyəcək. Bu gün Türkiyənin açıq şəkildə hərbi müdaxilə etməsi və ya rəsmi şəkildə quru əməliyyatlarına start verməsi bu ölkənin bir o qədər maraqlarına cavab vermir. Bəli, Türkiyə hava zərbələrini endirməyə davam edəcək. Lakin yaxın zamanlarda quru əməliyyatlarına başlaması inandırıcı deyil. Çünki Türkiyənin rəsmi və açıq şəkildə quru əməliyyatlarına başlaması, onu Rusiya və İranla üz-üzə qoya bilər. Bu gün Türkiyəyə Rusiya və İranla açıq müstəvidə hərbi cəhətdən qarşı-qarşıya gəlmək isə lazım deyil. Təbii ki, Türkiyə ilə Rusiyanın münasibətləri çox gərgindir və kifayət qədər biri-birilərini ittiham edirlər. Amma bu o demək deyil ki, hər iki ölkə “qırmızı xətt”i keçəcək. Konkret lokal xarakterli əməliyyatlar aparıla bilər və təbii ki, hədəflər İŞİD, PYD və PEJAK-dır. Bəlli hədəflərə qarşı Türkiyə-Suriya sərhədində müəyyən quru əməliyyatların da keçirilməsi mümkündür. Amma açıq şəkildə Suriyaya qoşun yeritmək üçün ən azından müttəfiq ölkələr, NATO ilə razılaşmalar olmalıdır. Türkiyənin rəsmi şəkildə Suriyada quru əməliyyatlarına start verməsi ona gətirib çıxara bilər ki, Suriya Əfqanıstan, Türkiyə isə Pakistana çevrilə bilər. Ona görə də hesab etmirəm ki, Türkiyə quru əməliyyatlara başlasın.

- Ümumiyyətlə, Türkiyənin Suriyada İran və Rusiya ilə qarşı-qarşıya gəlməsi məqsədli şəkildə ola bilərmi?
- Türkiyənin Rusiya ilə münasibətlərinin kəskinləşməsində təbii ki, maraqlı tərəflər çoxdur. Belə bir məqamın olması mümkündür. Çünki burada Qərbin, ərəb ölkələrinin, İranın öz marağı var. Türkiyə ilə İran münasibətlərinin kəskinləşməsində də maraqlı tərəflər var. Məsələn, elə biri İsrail. Son günlərdə İsrail-Türkiyə yaxınlaşmasına diqqət edin. Təbii ki, qeyd edilən münasibətlərin kəskinləşməsində 3-cü qüvvələr maraqlıdır. Hesab edirəm ki, əslində Qərb Türkiyə-Rusiya münasibətlərinin bu şəkildə davam etməsindən maksimum faydalansa da, onun açıq hərbi qarşıdurmaya gətitib çıxaracaq şəkildə kəskinləşməsində maraqlı deyil. Bu iki ölkənin münasibətlərinin kəskinləşməsinin basilica səbəbi də zatən Qərb deyil, hər iki ölkənin regiondakı maraqlarından doğan ziddiyyətlərdir. Suriya məsələsində və bütövlükdə Yaxın Şərqdə baş verənlər fonunda Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməyə doğru gedəcəyi gözlənilən idi, sadəcə, bu, bir zaman məsələsi idi. Bunun üçün nə Qərb, nə İsrail, nə ərəb ölkələrinin, nə də ki, İranın müdaxiləsinə ehtiyac yox idi. Vaxtilə “Cənub axını” məsələsində də bu iki ölkənin əlaqələrinin yaxşılaşmasının müvəqqəti xarakter daşıdığını və bu münasibətlərin kəskinləşəcəyini qeyd etmişdik. Təbii ki, münasibətlərin kəskin ton almasında xarici faktorların da rolu az deyil. Lakin sırf xarici faktorları başlıca və yeganə səbəb kimi göstərmək yanlış olardı. Bunu Türkiyə-İran münasibətləri ilə bağlı da söyləmək olar. Bu iki ölkə arasında olan münasibətlərin kəskinləşməsinin başlıca səbəbi İranın ərəb baharından sonra mövqelərini gücləndirməsi və son zamanlar bölgədə oynadığı aktiv roldur. Suriya ilə İraq Türkiyə üçün prinsipial əhəmiyyətə malikdir və hər iki ölkədə Türkiyənin Osmanlı dönəmindən bu yana bir dövlətçilik maraqları var. Belə bir məqamda İran İraqda mövqelərini tamamilə möhkəmləndirir, Suriyada rejimi əlində saxlayır. O cümlədən İran Suriya rejiminə hərbi və siyasi dəstək verir. Belə bir düzülüşdə Türkiyənin İranla münasibətlərinin kəskinləşməsi təbii qəbul olunmalıdır. Yəni bu mənada münasibətlərin kəskinləşməsi probleminə təkcə xaricdən müdaxilə fonunda deyil, eyni zamanda, həmin dövlətlərin özlərinin regionda baş verən proseslərə maraqları və hədəfləri çərçivəsində də baxmağımız doğru olardı.

Bəxtiyar Məmmədli


Müəllif:

Oxşar xəbərlər