Bədən Tərbiyəsi İnstitutunun tələbəsi idi, amma sənət eşqi onun rahat buraxmırdı. Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayır. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alır. Teatr müdiriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə daxil olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2 il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Teatr fəaliyyəti ilə yanaşı kino sahəsindəki uğurları da yetərincədir. “Azərbaycanfilm”dən başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, “Mosfilm”, “DEFA” (Almaniya) studiyalarında filmlərə çəkilib.
1979-cu ildə Əməkdar artist, 1991-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Söhbət Tariyel Qasımovdan gedir. Onunla söhbətə ötən ay Moskvaya baş tutan səfərindən, SSR Xalq artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubileyində iştirakından başladıq.
- Yubiley yanvar ayının 18-də Moskvanın Mərkəzi Kino evinin böyük zalında keçirildi. Mən də orada xüsusi qonaq qismində iştirak etdim. Sən demə, yanvar ayının 11-də Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqından Azərbaycan Kinematoqrafiya İttifaqına internet vasitəsilə mənim adıma məktub gəlib. Məktubda mənim həm mərasiminə dəvət olunmağım, həm də yubiley tədbirində mütləq çıxış etməyim qeyd edilib. Amma mənim bu dəvətdən və məktubdan xəbərim olmayıb. Çünki bizim Kinematoqrafçılar İttifaqı bu barədə mənə xəbər verməyib. Ayın 17-də mənə Moskvada yerləşən Özbəkistan Səfirliyindən zəng gəldi və soruşdular ki, siz tədbirdə iştirak edəcəksinizmi? Mənim də söhbətdən xəbərim yoxdur. Onlar dedilər ki, siz sabahkı yubiley tədbirində mütləq iştirak etməlisiniz. Adınız siyahıda var. Hətta bu barədə Şəfiqə Məmmədovanın rəhbəri olduğu Kinematoqafçılar İttifaqına məktub göndərmişik. Oradan da bizə cavab gəlib ki, məktubu alıblar. Di gəl ki, bütün baş verənlərdən xəbərim olmayıb. Onlar məndən xahiş etdilər ki, tədbirə gəlim. Mən də tez aeroporta zəng etdim və çox sağ olsunlar ki, bu işdə mənə yardımçı oldular. Beləcə, təcili Moskvaya getdim və yubiley tədbirində müvəffəqiyyətlə çıxış etdim. Bilirsiniz ki, mən Şöhrət Abbasovun özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı “Odlu yollarla” tarixi televiziya filmində baş rolu oynamışam. Yubileydə də film haqqında təəssüratlarını bölüşdüm. Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları, İosif Kobzon, Konçalovski və başqaları çıxış etdilər.
- Bəs niyə ittifaqdan dəvətlə bağlı sizə heç bir məlumat verilməyib?
- Mən də sizin vasitənizlə onlardan bunu soruşmaq istəyirəm. Onlar nədən qorxublar? Yəqin gediş haqqını ödəməkdən çəkiniblər ona görə xəbər etməyiblər. Mən öz cibimdən min manat xərcləyib o tədbirdə iştirak etmişəm. Buna heyfislənmirəm, çünki Azərbaycanı orada təmsil etmişəm. Orada iştirakımı və çıxışımı yüksək səviyyədə qarşılayıblar.
- Tariyel bəy, siz Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüsünüz?
- Bəli, mən yeni yaranan Şəfiqə xanım Məmmədovanın rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüyəm. Amma bunun üçün təəssüf edirəm. Gərək o quruma üzv olmayaydım. Çox güman ki, bu hadisədən sonra mən o ittifaqdan çıxacam. Əgər ittifaq lazım olan işi görməyib, mənim adıma gələn məktub barədə məlumat vermirsə və nədənsə ehtiyat edirsə, niyə o ittifaqın üzvü olmalıyam?
- İlk yaranan gündən o ittifaqın üzvüsünüz?
- Bəli. Hamımız yığışıb o ittifaqı yaratdıq və Şəfiqə xanımı da ora rəhbər təyin etdik. Rüstəm İbrahimbəyovun səhvi ucbatından biz yeni Kinematoqrafçılar İttifaqı yaratmalı olduq.
- Səhv etmirəmsə, Teatr Xadimləri İttifaqındakı üzvlüyünüzdən də imtina etmisiniz. İndi də növbədə Kinematoqrafçılar İttifaqı var. Bu ittifaqlarla heç bir ulduzunuz barışmır.
- Mən sözü üzə deyən, doğru danışan, səhvlər olanda onu deyib, ictimaiyyətə çatdıran biriyəm. Yəqin buna görə də məndən xoşları gəlmir. Ona görə də belə məsələlər ortaya çıxır.
- Şöhrət Abbasovla tanışlığınız necə olub? Onun həyatınızdakı rolu nədən ibarətdir?
- Mən ilk dəfə 1965-ci ildə “Liftçi qız” filminə çəkildim. Sonra 1969-cu ildə məni “Tacikfilm” kinostudiyası SSRİ Xalq artisti Boris Kimyagərovun Firdovsinin “Şahnəmə” əsəri əsasında çəkdiyi 3 seriyalı “Rüstəm və Söhrab” filminə dəvət etdi. Orada oynadım və film ekranlarda uğurla nümayiş olundu. 1975-ci ildə “Türkmənfilm”in istehsalı olan “Qızıl rəngi” filmində oynadım, ondan sonra “Özbəkfilm” məni “Odlu yollarla” 17 seriyalı filmə dəvət etdi. Həmin çoxseriyalı filmin rejissoru Şöhrət Abbasov idi. Onu da deyim ki, Şöhrət Abbasov o vaxtlar “Özbəkfilm”in direktoru idi. Məni o filmə çəkəndə hamı gördü ki, dünya şöhrətli Şöhrət Abbasov məni Azərbaycandan dəvət edib, qiymətləndirib. Ondan sonra digər rejissorlar da mənimlə işləməyə səy göstərdilər. Sonrakı illərdə “Özbəkfilm”də yeddi filmin baş rolunda oynadım. O da Şöhrət Abbasovun sayəsində baş tutmuşdu. Bilirsiniz, “Özbəkfilm” sovet dövründə yeganə kinostudiya idi ki, 17 seriyalı film çəkmişdi. Heç bir müttəfiq respublikalarda belə bir hadisə olmamışdı. Bircə “Baharın o yeddi anı” filmi var idi ki, o da 12 seriya çəkilmişdi. Şöhrət Abbasov SSRİ zamanında yeganə rejissor idi ki, gənc olan zaman Xalq artisti adını almışdı. Mən də yeganə aktyor idim ki, əcnəbi ölkələrdə filmlərə çəkilirdim. Hətta Almaniyanın “DEFA” kinostudiyasının istehsalı olan “Sonya raport verir” 2 seriyalı filmdə mayor Andrey rolunu canlandırmışam. Filmin rejissoru Ştefan Bernxard idi.
- Bəs niyə indi az çəkilirsiniz?
- Açığı, dəvət edirlər, amma mən qəbul etmirəm. Sağ olsunlar ki, dəvət edirlər. İndiki seriallar zəifdir, çəkilən seriallardan xoşum gəlmir. Yalnız bir rejissorun – Rövşən İsaxın çəkdiyi serialları yüksək qiymətləndirirəm. O da məni dəvət etmir. Bu da onun öz işidir. Lakin təklif etsə, məmnuniyyətlə çəkilərəm.
- Olubmu ki, hansısa rejissordan film və tamaşada rol almaq üçün xahiş edəsiniz?
- Nə teatrda, nə də kinoda heç vaxt bunu etməmişəm. Heç vaxt da etmərəm. Mən aktyoram və əgər rejissor məni çəkmək istədiyi rolda görürsə onu mənə təklif edəcək, görmürsə etməyəcək və buna da hörmətlə yanaşan biriyəm. Ehtiyacım da yoxdur, onsuz da populyar və tamaşaçılar tərəfindən sevilən aktyoram. Oynadığım rollar dünya miqyasında sevilib.
- Teatrda işləriniz necədir?
- İl yeni başlayıb. Hələ ki, yeni rolum yoxdur. Bundan sonra baş rejissor, eləcə də digər rejissorlar mənə rol verərlərsə oynayaram, verməzlərsə oynamaram, canları sağ olsun. Özüm əsər götürüb, ona quruluş verə bilərəm. Bilirsiniz ki, mən həm də rejissoram.
- Əcnəbi ölkələrdən təkliflər gəlir?
- Sən demə məni dəvət edirmişlər, amma bunun üçün ilk olaraq köhnə Kinematoqrafiya İttifaqına müraciət ünvanlayırmışlar. İttifaqdan da deyirmişlər ki, Tariyel rayondadır. İstəməyiblər ki, mən yenidən əcnəbi ölkələrdə filmlərə çəkilim.
- Belə çıxır, maneələriniz hər zaman insanlar olub...
- Əgər bilmək istəyirsinizsə deyim, bütün Azərbaycan aktyorları mənim paxıllığımı çəkib. Çünki sovet dövründə Azərbaycandan yeganə aktyor idim ki, başqa ölkələrdə kinoya çəkilirdim. Vəssalam.
- Bəs həmkarlarınız arasında uzun illərə söykənən dostluq münasibətində olduğunuz biri yoxdur?
- Mənim dostlarım Şahmar Ələkbərov və Həsən Əbluc olub. Onlardan sonra Yasin Qarayevin adını çəkə bilərəm. Amma Yasinin də məni kino çəkməyə, teatrda tamaşa verməyə səlahiyyəti yoxdur (gülür). Qazax Teatrında direktor işləmişəm və orda çoxlu sayda dostlarım var. Belə demək olarsa mənim dostlarım hamısı Qazaxda qalıb. Bakıda yeganə dostum Yasin Qarayevdir. Onunla da teatrda işləyirik, eyni otağı bölüşürük.
- Bu yaxınlarda Ağakişi Kazımov mətbuata verdiyi müsahibəsində aktrisa Zemfira Sadıqovanın “Yusifi yox edən Ağakişi Kazımov oldu” fikrinə münasibət bildirərkən dedi ki, “Onu məhv edən elə öz arvadı oldu. Elə davaları olurdu, səhərə qədər yatmırdıq”. Eyni dövrdə çalışmısınız. Kim haqlıdır?
- Bu gün Azərbaycanda rejissor siyahısını tərtib etsək Ağakişi Kazımov o siyahının başında gələr. O, həqiqətən böyük rejissordur. Mən Azərbaycanda tamaşaçılar tərəfindən sevilməyimə və populyarlıq qazanmağıma görə Ağakişi müəllimə minnətdaram. Onun bütün tamaşalarında baş rolu oynamışam. Amma onun yeganə mənfi xarakterini deyim. Əgər Ağakişi müəllim səndən küsdüsə daha həyatı boyu sənə rol verməz, tamaşasına yaxın buraxmaz. Halbuki rejissor aktyordan küsməməlidir. Rejissor aktyora rol verməlidir. O ki, qaldı Yusif Vəliyev məsələsinə... Ağakişi müəllim Yusif müəllimə rol vermədi və Zemfira xanım da yəqin hirsindən elə deyir. Amma Ağakişi müəllimi o məsələ də çox da təqsirli bilmək olmaz.
Nərmin Muradova