Əliməmməd Nuriyev: “Cinayət işlərinə xitam verilib, hesablar üzərindən həbs götürülüb, cərimələr ləğv olunub, sərhəd yoxlaması aradan qaldırılıb”
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Əliməmməd bəy, Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvü olan təşkilatlara açılmış cinayət işlərinin dayandırılması, qoyulan bir sıra məhdudiyyətlərin aradan qaldırılması barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik…
– Əvvəlcə qeyd edim ki, bununla bağlı mətbuatda yayılan məlumatlar dolğun deyil. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının problemləri tamam həll olundu. Koalisiyaya daxil olan bir çox şəxslərin bank hesabları üzərinə həbs qoyulmuşdu. Bütün bunlar ləğv olundu. Əgər ümumiləşdirsək, bir çox təşkilatlara qarşı vergi cərimələri, vergi sanksiyaları və yoxlamaları ləğv olunub. Bir çox təşkilatlara qarşı qaldırılmış cinayət işlərinə xitam verilib. Həmçinin bəzi şəxslər var idi ki, onlar sərhədi keçərkən mütəmadi yoxlamalara məruz qalırdılar. Bu hal tamamilə aradan qaldıırldı. Eyni zamanda bir çox QHT-lər var idi ki, onların qrant müqavilələri qeydə alınmamışdı, həmin müqavilələr qeydə alındı.
– Bunlar konkret olaraq kimlər və hansı təşkilatlardır?
– Qubad İbadoğlunun və onun qardaşı Qalib Bayramovun rəhbərlik etdikləri İqtisadi Tədqiqatlar Mərkəzinin, Zöhrab İsmayılın rəhbərlik etdiyi Azad İqtisadiyyata Yardım İctimai Birliyinin, Elçin Abdullayevin rəhbərlik etdiyi Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin, Səbuhi Qafarovun rəhbərlik etdiyi “Free Person” İnsan Hüquqları Müdafiə Cəmiyyətinin bank hesablarından həbs götürülüb. Daha əvvəllər isə Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin, Anar Orucovun rəhbərlik etdiyi Qafqaz Media Araşdırmalar Mərkəzinin, Vüqar Bayramovun rəhbərlilk etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin bank hesabları üzərindən həbs götürülmüşdü.
Zöhrab İsmayıl, Qubad İbadoğlu və Qalib Bayramov, Səbuhi Qafarov, Elçin Abdullayev və Anar Orucovun rəhbərlik etdikləri təşkilatların vergi borcları və vergi yoxlamaları dayandırılıb.
Zöhrab İsmayıl, Qalib Bayramov və Qubad İbadoğlu, Səbuhi Qafarov, bundan əvvəl də Elçin Abdullayevə qarşı cinayət işləri dayandırılıb.
Bundan əlavə, Qalib Bayramov, Zaur Əkbər, Məlahət Mürşüdlü, Səbuhi Qafarov, Oqtay Güləliyev, Anar Orucov, Əziz Orucov, Zöhrab İsmayıl, Elçin Abdullayev, İlham Hüseynli və bundan əvvəl daha 8 nəfərə münasibətdə sərhəddə yoxlamalar ləğv edilib. Bütövlükdə koalisiya üzvlərinin tam olaraq sərhəddə yoxlanılması ləğv edilib.
Qrant müqavilələrinin qeydiyyatı və bildirişlərin verilməsi də öz həllini tapıb. Belə ki, Məlahət Mürşüdlünün rəhbərlik etdiyi Azad Müəllimlər Birliyinin. “Çanaqqala 100: Şanlı tariximizi izi ilə” adlı layihəsi üzrə bildiriş verilməsi, “Tərəqqi” təşkilatının bildiriş məsələsi öz həllini tapıb. Vüqar Bayramovun rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin və Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının daha əvvəl bağlanmış qrant müqavilələri qeydə alınıb. Eyni zamanda mənim rəhbərlilk etdiyim təşkilatın qrant müqavilələri üzrə bizə bildirişlərin verilməsinə başlanılıb. Bundan əvvəl də koalisiyanın bir çox üzvlərinin qrant müqavilələri qeydə alınıb və bu proses davam edir. Həmçinin, koalisiya üzvü olan bəzi təşkilatların dövlət qeydiyyatı ilə bağlı məsələlərlə bağlı da müzakirələr aparılır. Bütövlükdə bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası ilə bağlı problemlər tamamilə həll olunub. Koalisiyanın ümumi problemləri ilə bağlı məsələyə gəldikdə isə deməliyəm ki, bu gün koaliyanın hüquqi şəxs statusu alması ilə bağlı hər hansı maneə yoxdur. Sadəcə olaraq əgər biz ümumi yığıncaqda yeni nizamnamə qəbul edəriksə, koalisiya hüquqi şəxs statusu da alacaq. Bunu həm beynəlxalq donorlar, eyni zamanda Dünya Bakı tələb edir.
– Koalisiyanın maliyyə mənbələri ilə bağlı məsələ nə cür həll ediləcək?
– Koalisiyanın maliyyə mənbələri ilə bağlı məsələlər tamamilə həll olunur. Birincisi, hələ ötən il koalisiyanın 32 təşkilatı QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant layihəsi almışdı. Koalisiyanın özü isə şuradan instutisional layihə almışdı. Şura bu il ayrıca bir istiqamət – mədən sənayesində şəffaflığın artırılması təşəbbüsünə dəstək istiqaməti müəyyənləşdirdi. Bununla bağlı da layihələr verilib, yaxın günlərdə müsabiqənin nəticələri açıqlanacaq. Mən istisna etmirəm və əminəm ki, həm koalisiya özü layihə alacaq, həm də eyni zamanda koalisiyanın üzvləri özləri çoxsaylı layihələrlə müraciət ediblər. Onlara da müsbət rəy veriləcəyini istisna etmirəm. Eyni zamanda biz QHT-lərə Dövlət Dəstəyi Şurasına koalisiyanın ümumi yığıncağının keçirilməsi ilə bağlı dəstək verilməsi üçün müraciət etmişdik. Bununla bağlı məsələ də müsbət həll olunur. Alternativ maliyyə mənbələri üçün hazırda dünya Bankı ilə danışıqlar gedir. Dünya Bankı bu istiqamətdə koalisiyanın layihələrinə dəstək verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda onu da deyim ki, Azərbaycan bu gün mədən sənayesində şəffaflığın artırılması ilə bağlı bütün beynəlxalq seminarlar üçün açıqdır. İstənilən beynəlxalq təşkilat burda seminar keçirməklə bağlı qanunvericiliyə uyğun olaraq müraciət edərək bunu həll edə bilər. Heç bir problem yoxdur. Bu gün cənab prezidentin bu istiqamətdə olan tapşırıqları tamamilə yerinə yetirilib. Koalisiyanın bütün problemləri aradan qaldırılıb.
– Necə oldu ki, koalisiya ilə bağlı belə bu cür müsbət qərarlar qəbul olundu?
– Ötən ilin aprel ayında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyəti Azərbaycanda Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünün icra vəziyyəti ilə bağlı növbədənkənar dəyərləndirmə apardı. Orada bir sıra istiqamətlərlə, o cümlədən vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı Azərbaycana tövsiyələr verildi. Bu istiqamətdə ötən müddət ərzində fəaliyyətlər həyata keçirildi. Digər tərəfdən Azərbaycan Prezidenti şəffaflıq təşəbbüsünün ölkədə tətbiq edilməsini bəyan edən insan olub. Yənin, onun təşəbbüsü ilə Azərbaycan Mədən Sənayesində Şəffaflığın Artırılması Təşəbbüsünə qoşulub. Prezident bu təşəbbüsün Azərbaycanda daha dərindən inkişaf etməsində hər zaman maraqlıdır. Məhz bu baxımdan Azərbaycanda çoxtərəfli qrup yaradılıb. Qrupda hökumət və vətəndaş cəmiyyəti təmsil olunur. Eyni zamanda bu məsələlərə bağlı ötən ilin oktyabrında Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü İdarə Heyətinin sədri Kler Şort Azərbaycanda oldu, cənab prezidentlə görüşdü. Prezident görüş zamanı təşəbbüsə hər zaman dəstək verdiyini bildirdi və bu istiqamətdə ehtimal olunan bütün problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi. Eyni zamanda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası bu istiqamətdə öz təşəbbüslərini hər zaman irəli sürüb, müvafiq problemlərlə bağlı arayışlar hazırlayıb təqdim etmişdi. Bununla bağlı uzun müddətdi ki, həm hökumət, həm də koalisiya üzvləri arasında müzakirələr aparılırdı. Hər bir məsələ ciddi surətdə müzakirə olunurdu. Zaman-zaman problemlərin həlli istiqamətində addımlar atılırdı. İndi də yekun mərhələ oldu. Hər bir məsələnin həlli diqqətlə öyrənildi və bunun üçün müddət lazım idi. Demək olar ki, bütün problemlər həll olunub. Bəzi məsələlər var ki, onlar Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasına birbaşa aid olmasa da, o istiqamətlərdə də müzakirələr davam edir. Mən əminəm ki, həmin istiqamətlər üzrə də çözülməmiş məsələ qalmayacaq. Amma mən tam məsuliyyətlə deyirəm ki, koalisiyanın problemləri ilə bağlı məsələ, əsas problemlər demək olar tamamilə həll olunub. Beynəlxalq təşkilatlarımızı da bununla bağlı məlumatlandırmağa davam edəcəyik. Bu problemlərin həllini tapması həm də dövlətin vətəndaş cəmiyyətinə diqqətinin göstəricisidir. Çox işgüzar bir əməkdaşlıq yaranıb və dərinləşməyə doğru da gedəcək.
Səxavət HƏMİD