1 Oktyabr 2020 12:34
6 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın növbəti hərbi təxribatına Azərbaycan ordusu əks-hücum əməliyyatları ilə layiqli cavab verir. Hazırda işğalçı Ermənistan böyük təşviş içindədir. Azərbaycan bu gün yalnız döyüş meydanında yox, diplomatik cəbhədə və informasiya müharibəsində də düşmən üzərində böyük üstünlük qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibə də bu faktı təsdiqləyir.

Bu fikirləri teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, cənab Prezident yerli televiziya kanallarına, Rusiyanın “Rossiya-1” kanalına müsahibələrində, o cümlədən BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında işğalçı ölkənin Baş naziri Nikol Paşinyanın müharibə çağırışlarını, eyni zamanda bu ədalətsizliyə göz yuman beynəlxalq təşkilatları kəskin tənqid edib. “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına verdiyi müsahibəsində cənab Prezident Ermənistanın əsas hədəfinin dinc əhali olduğunu, beynəlxalq humanizm prinsiplərini və hüquq normalarını kobud şəkildə pozduğunu faktlarla ortaya qoydu. Dövlət başçısının sözləri beynəlxalq aləmdə böyük rezonans doğurdu. Artıq dünya ictimaiyyəti də əsl həqiqətdən xəbərdardır. Cəbhədəki təxribatların Ermənistan ordusu tərəfindən törədildiyinə, müharibənin ilk olaraq onlar tərəfindən başlanıldığına əminliklərini ifadə edirlər".

Sevinc Fətəliyeva vurğulayıb ki, müsahibəsində cəbhədəki son vəziyyət barədə məlumat verən cənab Prezident ermənilərin sentyabrın 27-i səhər tezdən hərbi təxribata başladıqlarını və Azərbaycanın yaşayış məntəqələrini, döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutduqlarını bildirib:

"Qeyd edib ki, biz təcavüzkara adekvat cavab verməyə və öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Artıq neçə gündür şiddətli döyüşlər gedir. Bu döyüşlər nəticəsində Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərə nəzarəti ələ keçirib".

Deputat əlavə edib ki, Ermənistan baş nazirinin cəbhədə türk əsgərlərinin və Türkiyəyə məxsus hərbi texnikanın olması, onların Ermənistan ordusuna qarşı vuruşması fikirlərinin yalan olması da İlham Əliyev tərəfindən ifşa olundu:

“Ölkəmizin başçısı vurğulayıb ki, Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Bununla da dünya ictimaiyyətində Nikol Paşinyanın siyasi riyakar, böhtançı, yalançı olduğuna bir daha əminlik yarandı. Ümumiyyətlə, Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığı, siyasi riyakarlığı hər kəsə bəllidir. Onun "Rossiya-1" kanalının "60 dəqiqə" verilişində suallara dili dolaşa-dolaşa cavab verməsi, sözləri düzgün tələffüz edə bilməməsi, suallar qarşısında aciz qalması yalançı və riyakar olmasından irəli gəlirdi. Bir sözlə, Paşinyan Azərbaycan Prezidentinin qarşısında yenə də aciz duruma düşdü”.


Müəllif: Tapdıq Qurbanlı