İyunun 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində teatrın yaradıcı heyəti böyük şair və dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim ediblər.
Teleqraf.com xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın və Kalmıkiyanın Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Pyesdə Xeyirlə Şər, qəddarlıqla mərhəmət üz-üzə qoyulub. Dramaturqun humanist ideyalarının carçısı olan əsərin baş qəhrəmanı Səlma ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğurulub. O, hətta oğlunun qatilini belə bağışlaya bilən son dərəcə geniş ürəyə malikdir. Əsərdə həyati və inandırıcı səhnələri təsvir etməklə, ələlxüsus da ananın mərhəmətini, xarakterindəki alicənablığı qabartmaqla yer üzündə qan izini kəsməyin zəruriliyi və bunun mümkün olması ideyası aşılanır.
Rollarda Əməkdar Artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov çıxış ediblər. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib.