Azərbaycanın dünya şöhrətli sənətkarlarından biri, Xalq rəssamı, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, UNESCO nəzdindəki Dünya İncəsənət Akademiyasının həqiqi üzvü və akademiyanın Azərbaycan Nümayəndəliyinin rəhbəri, professor Arif Əzizin İstanbulda fərdi sərgisi açılıb.
Teleqraf.com xəbər verir ki, İstanbulun ən böyük rayonlarından biri olan Üsküdar Bələdiyyəsinin hazırladığı layihə əsasında martın 6-da “Galeri Nev- Nevmekan Sahil” qalereyasında açılan və rəssam Arif Əzizin yaradıcılığının müxtəlif dövrlərinə aid əsərlərin sərgiləndiyi “Ağ körpü” adlı sərgiyə Türkiyə ictimaiyyəti, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər, Azərbaycan diasporasının fəalları, media nümayəndələri iştirak edib. Sərginin açılış mərasimində çıxış edən Üsküdar Bələdiyyəsini sədri Hilmi Türkmən, İstanbulun tarixi bölgələrindən birində dünya miqyasında tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı rəsm sərgisini açılışını etməkdən qürur duyduğunu bildirib. “Çox dəyərli sənətkarımız Arif Əzizin həyatını, sənətkar kimi dünyaya baxışını öyrəndikcə və əsərlərini tanıdıqca vətəndaşlarımızın da bizim kimi bu əsərlərdən böyük zövq alacağına inanırıq. “Ağ körpü” sərgisi bizim dünya ilə əlaqələrimizi yaradacaq, gücləndirəcək, inkişaf etdirəcək və bizi sənətə daha çox bağlayacaqdır”- deyə sözlərinə davam edən Üsküdar Bələdiyyəsinin sədri H.Türkmən görkəmli fırça ustası Arif Əzizin sərgisinin Türkiyənin bütün guşələrindəki sənətsevərlərin və bölgəyə gələn əcnəbi turistlərin marağına səbəb olacağına inandığını vurğulayıb.
“Ağ körpü” adlı fərdi sərgisinin açılış mərasimində çıxış edən professor Arif Əziz bu əhatəli tədbiri təşkil edənlərə minnətdarlığını bildirib. “60 illik yaradıcılıq həyatımda “ağ rəng” həmişə əsərlərimin əsas simvolu olub. Məhz bu rəng vasitəsiylə mən əsərlərimdəki sülh, dostluq, qardaşlıq, əmin-amanlıq, insan haqları, əməyə hörmət kimi bəşəri məsələləri dünya ictimaiyyətinə çatdırmağa çalışmışam. İki qitədə yerləşən İstanbuldakı növbəti sərgimdə də dünyaya “ağ”rəng vasitəsiylə daha dərin mesajlar verdiyimə inanıram. Türk sənətsevərlər mənim əsərlərimə əvvəldən də bələd olduqlarına görə, onlarla “dil tapmağımın” bu dəfə daha asan olduğuna inanıram”- deyə sözlərinə davam edən Arif Əziz, sərginin ilk günlərində bilik və təcrübəsini gənc sənətsevərlərlə bölüşməyi planlaşdırdığını deyib.
Tanınmış rəssam Arif Əzizin “Ağ körpü” adlı fərdi sərgisi aprelin 12-nə qədər davam edəcək.
Qeyd edək ki, professor Arif Əziz 1943-cü ildə Bakıda anadan olub. Rəssamlıq sahəsindəki ilk təhsilini 1957-1962-ci illər arasında Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alan Arif Əziz, 1966-1971-ci illər arasında S.Q.Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasında ali təhsil alıb. Arif Əziz Akademiyada təhsil alan ilk azərbaycanlılardan biri olub. 1971-ci ildə elm-təhsil sahəsində fəaliyyət göstərməyə başlayan Arif Əziz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müxtəlif vəzifələrdə işləyib. Hazırda "Rəssamlıq" fakültəsi "Dekorativ-tətbiqi sənət" kafedrasının müdiri vəzifəsində çalışır.
Bu fəaliyyətinə görə Arif Əzizə universitetin Elmi Şurası tərəfindən professor elmi titulu verilib. İncəsənət sahəsindəki fəaliyyətinə görə, Azərbaycanın “Xalq rəssamı” adına layiq görülən Arif Əzizə elmi-pedaqoji fəaliyyətinə görə “Əməkdar elm xadimi” fəxri adı verilib.
Azərbaycan Rəssamlar Birliyinin, Reklmaçılar və Dizaynerlər ittifaqlarının üzvü olan professor Arif Əziz incəsənət sahəsindəki xidmətlərinə görə, SSRİ-nin “Şərəf nişanı” və Azərbaycanın “Şöhrət” ordeniylə təltif edilib.