“Alma almaya bənzər”, “Babamızın babasının babası”, “Ad günü”, “Şərikli çörək”, “Yenilməz batalyon”, “Sehrli xalat”, “Ələddinin sehrli çırağı”, “Telefonçu qız” və bir sıra digər filmlərdə, həmçinin Gənc Tamaşaçılar Teatrında əlli ildən çox aktyorluq edərək bir-birindən parlaq, yaddaqalan obrazlar yaratmış, televiziya tamaşalarında çəkilmiş, öz dövrünün uşaqlarının sevimli “Xoruz babası”, Piri babası xalq artisti Hüseynağa Sadıqovun (1914-1983) qızı Tamilla Sadıqova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Tamilla xanım, Hüseynağa Sadıqov Bakıda doğulsa da əslən Güney Azərbaycandandır. Necə olub ki, onun ailəsi Arazın bu tayına köç edib?
– Bakıda neft bumu yaşandıqdan sonra Güney Azərbaycandan şimala böyük axın olub. Çox sayda güneyli neft mədənlərində işləmək üçün Bakıya gəlib. Onlar burada işləyərək ailələrini dolandırıblar. Çoxu elə burada da qalıb məskunlaşıb. Mən babam Ələsgər kişinin də Arazın bu tayına işləmək üçün gəldiyini düşünürəm.
– Bildiyimiz qədər sonradan onun ailəsi İrana geri qayıdıb. Hüseynağa Sadıqov isə Bakıda qalmağı üstün tutub. Bu proses necə baş verib?
– Atamgilin ailəsi 1930-cu ildə geri qayıdıb. Atam isə sənətini çox sevdiyi, həmin dövrdə Gənc Tamaşaçılar Teatrında aktyor işlədiyi üçün sənətindən ayrılmaq istəməyib. Həm də düşünüb ki, ailəsi bir müddət sonra geri qayıdacaq. Hardan bilsin ki, bu ayrılıq əbədi olacaq.
– Onlar sonradan heç vaxt görüşə bilməyiblər?
– Demək olar ki, heç vaxt görüşməyiblər. Yalnız bir dəfə – atamın sıralarında döyüşdüyü sovet ordusu müharibədən geri qayıdıb İran ərazisindən keçərkən atam öz atasını uzaqdan uzağa görə bilib. Uzun illərin həsrətinə baxmayaraq bu dəfə də görüşmək onlara qismət olmur. Çünki onların görüşməsi həm sovet ordusunun əsgəri olan atam, həm də İran təbəəsi olan babam üçün yaxşı nəticələnməyə bilərdi. Ancaq atamın ürəyi hər zaman onların yanında idi və ömrünün sonunadək ailəsinin, yəni ata-anasının, bacı-qardaşlarının yolunu gözlədi. Atam öz atası ilə görüşə bilməməsini tez-tez xatırlayırdı, o anı heç vaxt unuda bilmirdi.
– Atanız burada tamamilə tək qalıb?
– Bəli, tamam tək qalıb. Ata-ana, bacı-qardaş hamısı köçüb Güney Azərbaycana. Valideynlərini həmişə minnətdarlıqla xatırlayırdı. Deyirdi məni böyüdüblər, yaxşı tərbiyə, təhsil veriblər. Onları həmişə yada salırdı.
– Bu hadisə onun sonrakı həyatına bütövlükdə necə təsir edirdi?
– Əlbəttə, pis təsir edirdi. Fikirləşirdi, onları yada salırdı. Ancaq o bütün günü işləyirdi, iş onun fikrini dağıdırdı. Bütün günü radioda, televiziyada olur, tamaşalarda iştirak edir, məktəblərə uşaqlarla görüşə gedirdi. Hətta rayonlardakı məktəblərə də onu çağırırdılar. Danışırdı ki, bir dəfə rayona getmişəm. Uşaqlar mənə şeir deyirlər. Uşaqlardan biri deyib ki, olar mən Azərbaycan dilində şeir deyim? Uşaq Azərbaycan dilində şeir deyərkən “r” hərfini normal deyib. Ancaq rus dilində danışanda “r” hərfini deməkdə çətinlik çəkib. Atam deyib ki, sən az öncə Azərbaycan dilində şeir deyəndə “r” hərfini normal dedin, bəs rus dilində niyə yaxşı tələffüz etmirsən? O deyib ki, müəllim belə dediyi üçün mən də onun dediyi şəkildə təkrar edirəm. Bütün bu məqamları o qeyd edirdi, hamısını yadda saxlayırdı. Atam evdə heç qalmırdı, bütün günü işdə olurdu.
– Hüseynağa Sadıqov Böyük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən nələr danışırdı?
– Atam müharibəyə könüllü gedib. Bakıdan Berlinədək döyüş yolu keçib. Berlinin alınmasında və hətta Reyxstaqa bayraq sancılmasında iştirak edib. İki dəfə yaralanıb, sağaldıqdan sonra yenidən ordu sıralarına qayıdıb. Müharibədə iştirak etməsi ilə fəxr edirdi. Ancaq müharibə tərəfdarı deyildi. Deyirdi ki, o müharibə ümumiyyətlə olmamalı idi.
Danışırdı ki, müharibə başa çatdıqdan sonra Berlin küçələrində nasist ordusunun tör-töküntülərindən olan alman zabiti ilə üz-üzə gəlir. Hər ikisinin əlində avtomat silah olub. Danışırdı ki, artıq müharibə bitdiyi üçün kimisə öldürmək mənasız idi. Biz artıq qalib gəlmişik. Buna baxmayaraq hər ikisi silahı bir-birinə tuşlayıb. İlk olaraq atam silahı aşağı salıb. Bunu görən zabit alman dilində “dankeşön” (dankeschön), yəni “çox sağ ol” deyib. Atam bu hadisə ilə bağlı deyirdi ki, Allah bizə bir həyat verir. Onu doya-doya yaşamaq və daim yaxşılıq etmək lazımdır.
Yeri gəlmişkən, o deyirdi radioda “Piri babanın nağılları”nı ona görə oxuyuram ki, uşaqlar sonda yaxşılığın pisliyə qalib gəldiyini dərk etsinlər. O uşaqları çox istəyirdi. Atam nə avtobusa, nə trolleybusa, nə də taksiyə minə bilirdi. Avtobusa ona görə minmirdi ki, hamı onun başına yığışırdı, avtobus dayanırdı. Trolleybusa ona görə minmirdi ki, hamı onunla söhbət etməyə can atırdı. Taksiyə isə ona görə minmirdi ki, sürücülər ondan pul almırdılar. O da bununla razılaşmırdı. Deyirdi ki, bu da onun qazancıdır. Nəticədə piyada gedirdi. Piyada gedərkən küçədəki bütün uşaqlar onun başına yığışırdılar. Uşaqlar ona nə isə danışırdılar, nəsə deyirdilər, nəsə xahiş edirdilər. Atamın ən mühüm cəhətlərindən biri daim uşaqları dinləməsi idi. Onlar küçədə şeirlər deyir, mahnı oxuyurdular. Onun balaca çantası var idi. Çantada daim konfet olurdu və onu uşaqlara paylayırdı. Çalışırdı ki, uşaqlar üçün hər şey yaxşı olsun.
– Onun ulu öndər Heydər Əliyevlə xatirələrini bilmək istərdik....
– Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Hazırda ulu öndərin adını daşıyan sarayda dövlət tədbirləri keçirilirdi. Heydər Əliyev tədbir başa çatandan sonra pərdə arxasında yaradıcı heyətlə görüşürdü. Atam danışırdı ki, biz Heydər Əliyevdən heç nə xahiş etmirdik. Onun gəlişi, bizə təşəkkür etməsi bizim üçün böyük sevinc idi. Söz atama çatanda atam “yoldaş birinci katib” deyə müraciət edib Heydər Əliyevə təşəkkür etmək istəyib. Heydər Əliyev deyib ki, “dayan, Azərbaycanın birinci katibi mənəm, uşaqların birinci katibi sənsən”. Rəhmətlik Heydər Əliyev onu çox istəyirdi, onunla söhbət edirdi, hörmətini saxlayırdı.
– Hüseynağa Sadıqov necə ata idi?
– Mən fəxr edirəm ki, elə atam olub. Allah ona rəhmət eləsin. Birinci sinfə gedəndə dərsdən gəlib dedim ki, beş almışam. O dedi ki, sənin neçə aldığın mənə maraqlı deyil. Bunu mənə heç vaxt demə. Mənin üçün maraqlı olan sənin savadlı olmağındır. Əsas odur ki, sən o qiymətlərin sənə lazım olduğunu biləsən, çoxlu kitab oxuyasan. Həmişə evə “Oqonyok”, “Yunost”, “Sovetskiy ekran” jurnallarını gətirirdi. Orada rəssamların reproduksiyaları olurdu. Sonra deyirdi ki, onlara bax, hansı rəssamın nə çəkdiyini bilməli, yadda saxlamalısan. Sonra məndən soruşurdu ki, bu rəsmi kim çəkib, bu aktyor kimdir, hansı filmlərdə çəkilib? O çalışırdı ki, mən həmişə çox məlumatlı olum. Hətta mən ali məktəbə daxil olmaq üçün imtahan verəndə atam anamı da götürərək Bakıdan gedib. Mən əvəlcə bunun səbəbini başa düşmədim. Soruşanda dedi ki, sən ali məktəbə imtahan verəndə mən evdə otura bilməyəcəkdim. Çünki bütün valideynlər ali məktəbin qarşısında gözləyirlər ki, uşaqlar imtahandan nə vaxt çıxacaq. Mən də məcbur qalıb ali məktəbin qarşısına gələcəkdim. Hamı görəcək və biləcəkdi ki, sən mənim qızımsan, deyəcəkdilər ki, onu tapşırıblar. Ona görə də mən burada olmamışam. Mən istəyirəm hamı görsün, bilsin ki, sən öz biliyinlə ali məktəbə daxil olmusan. Çox şadam ki, belə bir nəticə göstərmisən.
– Oynadığı rollar içərisində hansı obrazı daha çox sevirdi?
– Sözün doğrusu, o böyüklüyündən-kiçikliyindən asılı olmayaraq yaratdığı bütün rolları sevirdi. Həmişə deyirdi ki, mənim bütün rollarım ürəkdən gəlir. Mən bütün obrazlara ürəklə yanaşıram. Hansısa filmdə çəkiləndə başqa heç nə barədə düşünmürdü. Deyirdi ki, mən gərək o obraz kimi yaşayım, o obrazı parlaq canlandırım. Oynadığı rollarla bağlı heç bir detalı nəzərdən qaçırmamağa çalışırdı.
1966-cı ildə Krımda “Min bir gecə” nağıllarının motivləri əsasında “Ələddinin sehrli çırağı” filminin çəkilişləri aparılırdı. Bağdadın bütün dekorasiyaları Xersones burnunda qurulmuşdu. Dəniz sahilində nəhəng saxta şəhər salınmışdı. Pavilyon çəkilişləri Yalta kinostudiyasında edilirdi. Filmdə çoxlu aktyorlar çəkilirdi. Ancaq rejissor Boris Rıtsarev yalnız Hüseynağa Sadıqovla məsləhət və məşvərət edirdi. Ümumiyyətlə, Rıtsarevin atama hörməti böyük idi. Biz də filmin çəkilişləri zamanı orda idik. Orada yeməkxana var idi və aktyorlara, digər işçilərə yemək pulsuz verilirdi. Digər işçilərin xörəyində ət olmurdu. Atam öz boşqabından əti götürüb digər işçilərin boşqabına qoyurdu. Onun insanlarla rəftarı belə idi. O, çox insanlara yaxşılıq etmişdi. Deyirdi ki, mən o yeməyi necə yeyim?!
Atam rus dilini bilirdi, amma bir qədər aksenti var idi. Filmin çəkilişləri başa çatandan sonra Boris Rıtsarev atama dedi ki, mən dublyajı sənin etməyini istəyirəm. Atam dedi ki, məndə bir qədər aksent var. Rıtsarev dedi ki, bu yaxşıdır. Çünki sən danışanda sözlər ürəkdən gəlir. Ona görə də dublyajı sən edərsən. Ona görə də “Ələddinin sehrli çırağı” filmində dublyajı atam özü edib.
– Onunla bağlı kino tənqidçiləri “bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik idi” sözlərini işlədirlər. Bütün filmlərdə öz səsi ilə iştirak edirdi?
– Bəli, bütün filmlərində öz səsidir. Hətta rejissorlar onunla məsləhətləşirdilər ki, filan məsələni necə edək, başqa məsələdə necə davranaq. O da öz tövsiyələrini verəndən sonra filmin çəkilişləri başlayırdı.
– Bir filmin rejissorunun aktyorla məsləhətləşməsi tez-tez rast gəlinən hal deyil. Görünür, bu həm Hüseynağa Sadıqovun aktyorluq məharəti, həm də filmin şərq motivləri əsasında çəkilməsi ilə bağlı olub...
– Siz düzgün qeyd edirsiniz. Çəkiliş ərəfəsində müsabiqə olunub. Atam bu müsabiqə nəticəsində seçilib və filmdə Mübarəkin atası, baş vəzir rolunda çəkilib. Moskvada ona çox hörmətlə yanaşırdılar. Bir dəfə Moskvadakı “Varşava” hotelində Gennadi Xazanovla görüşmüşdük. Xazanov anası ilə gəlmişdi. Biz bir yerdə nahar etdik. Xazanovun da atama böyük hörməti var idi. Xazanov özü də çox hörmətli insan idi, aktyorlar ona çox hörmət edirdilər.
Bütün SSRİ-də məşhur olan aktyor Georgi Millyar “Ələddinin sehrli çırağı” filmində müdrik rolunda çəkilirdi. Çəkiliş bitəndən sonra mehmanxanaya gəlirdi, oturub atamla söhbət edirdi. Onlar danışır, nə isə məsləhətləşirdilər. Atam deyirdi ki, baş rolda çəkilmək vacib deyil. Deyirdi ki, Çarli Çaplin kiçik rollarda çəkilib, ancaq o rolların hamısı yadda qalıb. Onu da deyirdi ki, gərək epizodik rolları da elə oynayasan ki, yaddaqalan olsun. Həmişə çalışırdı ki, ona həvalə olunan rolları yaxşı oynasın.
– “Ələddinin sehrli çırağı” doğrudan da çox gözəl filmdir. Mən və uşaqlarım bu filmə sevə-sevə baxırıq. Zənnimcə, Hüseynağa Sadıqovun bu filmdəki roluna kiçik rol demək olmaz...
– Elədir. Hətta o roldan sonra məşhur rejissor Roman Viktyuk Bakıya gələndə atama “Velikiy vizir” deyə müraciət edirdi. Mənə isə “doç velikoqo vizira” deyirdi. Demək ki, atam onun xatirində oynadığı bu rolla qalıb.
– Hüseynağa Sadıqov “Ələddinin sehrli çırağı”ndan öncə 1964-cü ildə “Sehrli xalat” filmində vəzir rolunda çəkilib. Görünür, bu filmdəki uğurlu roldan iki il sonra “Ələddinin sehrli çırağı”da baş vəzir roluna dəvət alıb...
– Mən bunu dəqiq bilmirəm. Bəlkə də rejissor Boris Rıtsarev “Sehrli xalat” filmini görüb, bəlkə də görməyib. Rıtsarev atamla Moskvada tanış olub, sınaq çəkilişləri ediblər. Atama doğrudan da çox böyük hörməti var idi.
– Yuri Nikulin, Sergey Filippov kimi aktyorların atanızla dostluq etməsi barədə yaddaşınızda nələr qalıb?
– Nikulin, Milesiyev Bakıda qastrolda olanda mütləq bizim evimizə qonaq gəlirdilər. Anam onlar üçün süfrə açırdı, nələrsə bişirirdi. Onlar da ləzzətlə yeyirdilər. Nikulin SSRİ-də çox məşhur idi. Atam ona çox böyük hörmətlə yanaşırdı. Həmişə onun haqqında danışırdı. Nikulinin gözəl aktyor olduğunu deyirdi.
– Çox vaxt Hüseynağa Sadıqovun filmdəki rollarından bəhs olunur, ancaq o həm də Gənc Tamaşaçılar Teatrında çoxlu rollar yaradıb...
– Atam teatrın səhnəsində yüzdən artıq tamaşada müxtəlif obrazlar canlandırıb. “Komsomol poeması” tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Lenin Komsomolu Mükafatına layiq görülüb. Hansı tamaşada iştirak edibsə, ona təşəkkür ediblər. Çünki bir daha qeyd etmək istəyirəm o, bütün rolları ürəkdən oynayırdı. Çalışırdı ki, hər şey yaxşı olsun. Kim onun tərəf müqabili olurdusa, ondan razı qalırdı. O, hamıya hörmətlə yanaşırdı, onlar da atamdan razılıq edirdilər. Gənc Tamaşaçılar Teatrında yaxşı aktyorlar var idi. Onların bir çox dünyasını dəyişib. Allah onlara rəhmət eləsin.
– “Babamızın babasının babası” aktyorun çəkildiyi son filmdir. Bu filmdə at çapma səhnəsində dublyordan istifadə edilməyib. O yaşda insanın Zeynəbi (Həmidə Ömərova) tərkinə alıb dördnala çapması çətin olmayıb?
– Əgər çətin olsaydı da o bunu edəcəkdi. O rol ifadə edəndə çətinliklərə baxmırdı, bu çətinlikləri ağlına da gətirmirdi. “Mən bunu bacarmalıyam”, - daim belə deyirdi. Çətinliklərdən qorxmurdu. O, “mən bunu edə bilmərəm, qoy dublyor gəlsin” fikrini heç yaxına da buraxmazdı.
– “Babamızın babasının babası” filmində gen-bol təbiət mənzərələri var. Film hansı rayonda çəkilib?
– Bu film Şəki rayonunun Oxud kəndində çəkilib. Filmin çəkilişləri həmin kənddə iki-üç ay ərzində aparılıb.
– Hüseynağa Sadıqov daim müsbət rollarda çəkilsə də bir istisna var. “Yenilməz batalyon” filmindəki feldfebel rolu ilə biz onu başqa ampluada görürük...
– O film çəkiləndə mən lap uşaq idim. Nə hissləri keçirdiyini deyə bilmərəm. Çünki yenə deyirəm mən lap uşaq olmuşam.
– “Xoruz baba”nın, Piri babanın uşaqlara sevgisinin mənbəyi nə idi? Çünki heç də bütün aktyorlar uşaqlarla birbaşa işləməyə meyl göstərmirlər...
– O tez-tez məktəblərə uşaqlarla görüşlərə gedirdi. Həmişə deyirdi ki, uşaqlar bizim gələcəyimizdir. Biz səkkizinci mərtəbədə yaşayırdıq. O vaxt lift yox idi. Poçtalyonlar məktub kisələrini səkkizinci mərtəbəyə güclə qaldırırdılar. Atam bütün məktubları oxuyurdu. Həmişə verilişlərdə qeyd edirdi ki, filankəs məktubda filan şeyi yazıb. Hamının adını çəkirdi.
Bir dəfə mən onunla şəhərə gəzməyə çıxmışam, 5-6 uşaq bizi dövrəyə aldı. Atam mənim əlimdən tutmuşdu, sonra əlimi buraxdı və uşaqlarla danışmağa başladı. Mən baxdım-baxdım və ağlamağa başaldım. O mənim ağladığımı görüb bunun səbəbini soruşdu. Mən dedim ki, sən məni yaddan çıxarmısan, başqa uşaqlarla məşğulsan. O dedi ki, sən mənim qızımsan və mən səni çox istəyirəm. Ancaq onlar da uşaqdır. Mən gərək onlara da diqqət göstərim. Sonra mən başa düşdüm ki, o düz deyir.
– Hüseynağa Sadıqovun ömrünün son günləri barədə nələri qeyd edə bilərsiniz?
– Atam müharibədə iki dəfə yaralanmışdı. Bu yaralar onun sonrakı həyatına təsirsiz ötüşmürdü. Ancaq o hər şeyə dözürdü. Ömrünün sonuna yaxın infarkt keçirmişdi. Xeyli müddət xəstəxanada yatdı. Sonra evə qayıtdı. Evə qayıtdıqdan sonra ona zəng edib uşaqların görüşmək istədiklərini xəbər verdilər. Anam dedi ki, xəstəxanadan bu gün gəlmisən, hara gedirsən? Dedi ki, yox, uşaqlar məni gözləyirlər, geyinib uşaqlarla görüşə getdi. Bu görüşdən bir neçə gündən sonra ürəyi tamamilə öz işini dayandırdı və atam rəhmətə getdi.
– Böyük sənətkarın ömrünün son günlərində diqqətdən kənarda qaldığına dair fikirlər var. Bu barədə nə deyə bilərsiniz?
– Atam xəstəxanadan çıxanda bizim evə ayrı adam gəlməyib. Rəhmətə gedəndə onu Aktyorlar Evindən götürdülər. Mən atamın yaşadığı evə öz hesabıma xatirə lövhəsi vurdurmaq istədim. Ancaq bununla bağlı icazə ala bilmədim.
Buna baxmayaraq atamın xatirəsi yaddaşlarda yaşayır. Onun vəfat etməsindən 39 il ötməsinə baxmayaraq indi də onu çox adam yada salır. Başa düşürlər ki, o çox yaxşı insan, çox yaxşı aktyor idi. Mən onların hər birinə, o cümlədən sizə təşəkkür edirəm. Allah sizə cansağlığı, uzun ömür və xoşbəxtlik nəsib etsin.