Məhkəmə qərarlarının icrası nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bunu qurumun kollegiya iclasında nazir Fikrət Məmmədov bildirib.
Onun sözlərinə görə, nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş yükü kəskin artıb və icra qurumlarına 2015-ci illə müqayisədə 60% çox - 712 min icra işi daxil olub. Onlardan 300 mindən çoxunun icrası təmin edilib, digərlərinin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 548 milyon manata yaxın vəsait ödətdirilib.
İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 6.548 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, o cümlədən 3.519 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, məhkəmə qərarlarının icrasından qəsdən yayınan 316 şəxs barəsində cinayət işi başlanılıb. Hesabat dövründə 8.435 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1.857 şəxsdən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb.