15 Aprel 2022 13:12
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət başçısı keçirdiyi müşavirədə yerli və beynəlxalq ictimaiyyətin marağına səbəb olan bir sıra vacib açıqlamalar verdi. Bu mənada Prezident İlham Əliyevin müşavirədə verdiyi açıqlamalar xarici mətbuatda da geniş işıqlandırıldı. İlk növbədə ATƏT -in Minsk qrupunun məsələsinə aydınlıq gətirildi.

Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

Onun fikrincə, Prezident haqlı olaraq qeyd etdi ki, İkinci Qarabağ savaşı başlayana qədər münaqişənin həlli lə məşğul olmalı olan Minsk üçlüyü heç nə ilə yadda qalmadı:

“Azərbaycan bu münaqişəni özü hərbi-siyasi yollarla həll etdi. Buna görə də Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsızdı. ATƏT-in hazırkı sədrinin Azərbaycana və Ermənistana iki həftə öncə etdiyi səfər zamanı verdiyi bəyanatlara baxsaq, görərik ki, Prezidentin bu mövqeyini ATƏT-in sədri də bölüşür. Çünki səfərlə bağlı ATƏT-in yaydığı açıqlamada nə Minsk qrupuna istinad vardı, nə də münaqişə və ya "Dağlıq Qarabağla" bağlı hər hansı bir ifadə yer almışdı. Bu baxımdan müşavirədə Prezident tərəfindən ATƏT-in Minsk qrupu üçlüyü məsələsinə son nöqtə qoyuldu”.

Millət vəkilinə görə, ötən gün Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndə təyin etməsi həmsədrlik institutunu rəsmən parçaladı:

“Beləliklə, qrupun mandatı de-yure də qüvvədən düşmüş oldu. Qalır, bunu rəsmən elan etmək. Artıq bundan sonra Ermənistan ATƏT-in Minsk qrupu ilə manipulyasiyalar edə bilməyəcək. Şübhəsiz ki, bütün bunlar Azərbaycanın apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Prezident eyni zamanda ATƏT-in bir mötəbər beynəlxalq təşkilat kimi normallaşma prosesinə verə birəcəyi töhfədən danışaraq qeyd etdi ki, ATƏT bu proses də öz rolunu oynaya bilər. Yəni, ATƏT vətəndaş cəmiyyəti və media nümayəndələri, o cümlədən ictimai rəy liderlərini cəlb etməklə hər iki ölkə arasında etimad mühütünün yaranmasına kömək edə bilər. Ona görə də, ATƏT bu təklifi nəzərə almalı və fəaliyyətini bu məsələnin həllinə yönəltməlidir”.

Azay Quliyev hesab edib ki, danışıqlar formatına gəldikdə, artıq məlum olduğu kimi, Azərbaycanın razılığı ilə sülh danışıqlarının Brüssel formatı yaradılıb:

“Azərbaycanın müəyyən etdiyi 5 təməl prinsiplər çərçivəsində Brüssel sülh gündəliyi üzrə iş gedir. Bu prinsipləri bütün beynəlxalq təşkilatlar, o cümlədən Ermənistan da qəbul edir. Brüssel sülh danışıqlarının nəticələrindən biri də odur ki, son 30 ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında birbaşa təmas qurulubdur. Ölkə başçısı da bu faktı müsbət qiymətləndirdi və haqlı olaraq bildirdi ki, iki ölkə arasındakı münasibətləri ölkələrin özləri həll etməlidir. Qısa zamanda sülh müqaviləsi və sərhədlərin delimatisiyası üzrə nəzərdə tutulan işçi qrupları fəaliyyətə başlamalıdır”.

ATƏT PA təmsilçisi Ermənistandan son günlər səsləndirilən bir çox bəyanatlara diqqət çəkib: “Bu bəyanatların təhlili onu göstərir ki, Paşinyan hakimiyyəti Azərbaycanın yaratdığı reallıqla və irəli sürdüyü şərtlərlə barışıb və daha praqmatik siyasət yürütməyə meyilldir. Əks təqdirdə bunun nə ilə nəticələnə biləcəyinin fərqindədir. Ona görə də Ermənistan götürdüyü öhdəlikərini yerinə yetirməyə dərhal başlamalı, ilk olaraq qanunsuz erməni silahlı dəstələrini tezlikdən ərazimizdən çıxarmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı