25 Oktyabr 2023 08:36
301
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 oktyabr Qubadlı şəhərinin şanlı Ordumuz tərəfindən azad olunmasından 3 il ötür. Prezident İlham Əliyevin Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq. Sərəncama əsasən, “25 oktyabr – Qubadlı şəhəri günü” elan edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, iki il bundan əvvəl Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə Qubadlı rayonunda keçirilən görüş biz qubadlıların yaddaşına əbədi həkk olunub: “Baxmayaraq ki, hər addımda erməni vandalizminin şahidi olurduq. Lakin burada aparılan quruculuq işləri insanda qürur hissi yaradır. Əgər Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi, illərdən sonra ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımla birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. Son 20 ildə aparılan balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Bu gün torpaqlarımız azaddır, erməni vandalizminə son qoyulub. Çox böyük sürətlə Qayıdış planı yerinə yetirilir. Keçmiş məcburi köçkünlər dədə-baba ocaqlarına qayıdır. Tezliklə Qarabağ və Şərqi Zəngəzurun bütün kənd, qəsəbə və şəhərlərində həyat yenidən canlanacaq”.

Komitə sədri bildirib ki. Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir: “Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə aparılıb. Erməni işğalına qədər qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdu. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı maddi sərvətləri mövcuddur. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi-mədəni irsimiz erməni vandalizminin qurbanı olub”.

Millət vəkilinə görə, Qubadlı təkcə təbiətinə görə deyil, görkəmli şəxsiyyətləri ilə tanınır: “Seyid Mir Həmzə Nigari, Mir Sədi ağa, Qaçaq Nəbi haqqında yeganə elmi araşdırmanın müəllifi pedaqoq, filoloq, ədəbiyyatşünas, tarixçi Bəhlul Behcət, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, tanınmış yazıçı Süleyman Rəhimov, ictimai-siyasi xadim Kamran Hüseynov, Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, Şükür Həmidov. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbiçilərimizdən biri Azərbaycan ordusunun general-mayoru Mais Bərxudarov və adlarının qeyd etmədiyimiz neçə-neçə alimlər, ziyalılar, hərbiçilər qubadlının yetirmələridir”.

Hicran Hüseynova vurğulayıb ki, biz Qubadlıya əbədiyyən qayıtmışıq: “Bu gün Qubadlıda və işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır və əbədi dalğalanacaq. Xüsusilə, Prezidentin Xocalıda, Xankəndidə Azərbaycan bayrağını dalğalandırması xalqımıza qarşı olan işğal siyasətinin nöqtəsi oldu. Bu qürurlu günləri xalqımıza bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzu edirik. Bir daha Qələbə münasibəti ilə, bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz ruhlarına ehtiramımı bildirirəm. Onların valideynləri qarşısında baş əyirəm. Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır! Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik! Bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlara imza atacağıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər