19 Mart 21:57
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri, keçirdiyi vacib görüşlər diqqət mərkəzindədir. Sözsüz ki, baş katibin ölkəmizə səfəri Azərbaycan Ordusunun Şimali Atlantika Bloku ilə daha sıx əməkdaşlıq qurmasında vacib rol oynayacaq. Azərbaycanla NATO arasında əməkdaşlıq 1994-cü ildən başlayır. 30 ildir ki, bu tərəfdaşlıq davam edir. NATO-nun Əfqanıstanda, Kosovada, İraqdakı sülhyaratma missiyasında Azərbaycanın iştirakı təşkilat tərəfindən yüksək qiymətləndirilib.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O vurğulayıb ki, 2021-ci ildə Əfqanıstanı ən son tərk edən müttəfiq ölkə kimi də Azərbaycan Silahlı Qüvvələri olub:

“Bunu NATO-nun baş katibi də Bakıda səfərdə xüsusi olaraq qeyd etdi. Hazırda Azərbaycan Ordusundakı islahatlar NATO tərəfindən izlənilir. Artıq Azərbaycanla NATO arasında əməkdaşlığa dair yeni sənəd imzalanır. 1994-cü ildə imzalanan sənədin yenilənməsinə ehtiyac var. Tezliklə bu sənədin də imzalanması mümkün olacaq”.

Polkovnik hesab edir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı Ordumuzun müasirləşməsinə, peşəkarlığın artmasına təkan verəcək:

“Eyni zamanda NATO baş katibinin bölgə ölkələrinə səfəri bu gün diqqətlə izlənilir. Stoltenberqin Gürcüstandan sonra Ermənistana səfəri və burada verilən mesajlara yanaşmalar var. Sözsüz ki, NATO baş katibinin Cənubi Qafqaz ölkələrinə səfərinin pərdəarxası məqamlar mövcuddur. Bu da Rusiyanın bölgədən uzaqlaşdırılması prosesində NATO-nun oynayacağı rolla bağlıdır”.

Üzeyir Cəfərova görə, NATO ilə ölkəmiz arasında əlaqələr hər zaman müsbət olub:

“Münasibətlər bundan sonra artan xətt üzrə inkişaf edəcək. Artıq yeni strateji hədəflər müəyyənləşdirilir. NATO baş katibinin regiona səfəri də təhlükəsizlik nöqteyi-nəzərdən çox önəmlidir”.


Müəllif: Tapdıq Qurbanlı