6 İyun 14:34
28 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə əmək pensiyası yaşı ortalama 12 il götürülür. Amma faktiki olaraq bu, belə deyil. Kişilər üçün bu 7 ili, qadınlar üçün isə heç 9 ili keçmir. Burada 12 il müddətin pensiya yaşı üçün əsas götürülməsi beynəlxalq standartlara uyğunlaşdırılıb. Amma elə Avropa ölkələri var ki, orada orta ömür göstəricisi çox yüksəkdir. Misal üçün İsveçrədə orta ömür 82 ildir. Azərbaycanın daxil olduğu regionda isə bu göstəricilər bir qədər aşağıdır.

Bunu Teleqraf.com-a hüquqşünas Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən pensiya yaşının azaldılması istiqamətində diskussiyalar gedir: "Bu yaxşı təklifdir. Amma bu, iqtisadi məsələ olduğuna görə onun maliyyə əsaslandırılması da olmalıdır. Maliyyə mənbəyinin haradan olacağı aydınlaşmalıdır”.

Hüquqşünas hesab edir ki, bu kimi əsaslandırmalar olmadan edilən təkliflər populizmə yönəlib:

“Əmək pensiyaları ölkəmizdə insanların iş müddətində toplandığı kapital hesabına formalaşır. Məsələn, indi işləyənlərin hesabına toplanan kapital hazırda pensiyada olanlara ödənilir. Gələcəkdə isə həmin vətəndaş pensiyaya çıxdıqda o zaman işləyənlərin kapitalı onların müavinətinə yönəldiləcək. Burada normal hal yüksək əməkhaqqı təminatı ilə bağlıdır. Belə olan halda yığım da daha yaxşı olar. Digər bir amil 6-7 nəfərin maaş kapitalından təqaüdə çıxmış şəxsə yüksək pensiyanın ödənilməsidir. Kritik hədd isə 3 nəfərin aylıq məvacibindən olan yığımdır”.

Sahib Məmmədova görə, ölkəmizdə hazırda əmək pensiyası alanların sayı 1 milyondan çoxdur:

“İşləyənlərin sayı isə 2 milyona yaxındır. Burada bölgü aparıldıqda bir təqaüdçüyə 1,8-2 nəfər işləyən şəxs düşür. Bu isə yetərli deyil. Ona görə də, pensiya yığımı kifayət etmir. Belə olan halda pensiyaların aylıq ödənişinin qaldırılması və pensiya yaşının aşağı salınması mümkün olmur. Problem də məhz bundandır. Bu məsələ həll olunmalıdır. Əmək bazarında qeyri-formallıq aradan qaldırılmalıdır. Eyni zamanda əməkhaqqları yüksək olmalıdır ki, pensiya yığımı da yüksək səviyyədə olsun. Beləliklə, insanlar tələb olunan yığım kapitalını toplamaq imkanı əldə edə bilər. Həmçinin yığılmış kapital pensiyaçılar arasında bölüşdürüldükdə Dövlət Sosial Müdafiə Fondunun buna imkanı da çatacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər