25 Avqust 12:36
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin xarici siyasətində türkdilli dövlətlərlə dostluq və qardaşlıq münasibətləri, iqtisadi əlaqələrin inkişafı, davamlılıq münasibətləri həmişə aparıcı yer tutur. Son illər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlər yeni bir mərhələyə keçib. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub. Bizim xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Hazırda dünyada gedən proseslər fonunda Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiona çevrilir. Azərbaycan Mərkəzi Asiya ölkələri bir çox sahələrdə, bərpaolunan enerji sahəsində (Bu ilin may ayında “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” imzalanmışdır), nəqliyyat-tranzit sahəsində, (Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır) ilə sıx əməkdaşlıqda maraqlıdır.

Bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin komitə sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılması mühüm önəm kəsb edir: “Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Bu münasibətlərin daha bir nümunəsi də Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana etdiyi dövlət səfəridir. Səfər zamanı Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinə dair mühüm saziş imzalandı ki, bu da iki ölkə arasında münasibətlərin necə yüksək səviyyədə olduğunu göstərir. Prezident İlham Əliyevin dediyi kimi: “Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”. Azərbaycanla əlaqələrin inkişafı Özbəkistanın xarici siyasətinin prioritetləri sırasında xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq zəminində qurulmuş strateji tərəfdaşlıq mövcuddur. Özbək və Azərbaycan xalqlarını ortaq din, dil, adət-ənənələr, mədəniyyət və tarixi yaxınlıq sıx birləşdirir. İndiyədək Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edib və ölkələrimiz ən mühüm məsələlərdə bir-birini daim dəstəkləmişlər. Bu gün dünyanın yeni nizamı qurulur, yeni münasibətlər sistemləri formalaşır. Ölkə başçısının da vurğuladığı kimi: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır. Bu baxımdan da bu səfər və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması həm də gələcəkdə regional siyasətdə mühüm rol oynayacaqdır”.

Professor bildirib ki, Azərbaycan və Özbəkistanın rəsmi müttəfiqə çevrilməsi çox mühüm addımdır: “Bu, iki qardaş dövlətin imzalaya biləcəyi ən yüksək sənəddir. Eyni zamanda, bu, iki müstəqil və suveren dövlət arasında yüksək etimad səviyyəsini təsdiqləyən əsas xarici siyasət addımıdır. Hazırkı geosiyasi qeyri-sabitlik şəraitində və xarici risklər fonunda ölkələrimiz regional əməkdaşlığı gücləndirməlidir. Və bunun artıq yüksək hökumətlərarası səviyyədə baş verdiyini Azərbaycan Prezidentinin Özbəkistana hazırkı səfəri də aydın şəkildə göstərir. Paralel olaraq, ticarət-iqtisadi əməkdaşlığın vacibliyini qeyd etmək lazımdır. Yaxşı göstəricidir ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 231,6 milyon dollar təşkil edib, bu ilin yeddi ayının yekunlarına görə isə bu, artıq 118,2 milyon dollara çatıb. Gələcəkdə ölkələrimiz ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ki, bu da bu sahədə sıx əməkdaşlığın səviyyəsindən bir daha xəbər verir. Ölkələrimizin əməkdaşlıq üçün böyük potensiala malik olduğunu nəzərə alaraq, əminəm ki, Bakı ilə Daşkənd arasında hərtərəfli qarşılıqlı fəaliyyət gələcəkdə daha da güclənəcəkdir. Son 5 ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 3 dəfə artıb. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 178 milyon 771 min ABŞ dolları həcmində olub. O cümlədən ixracın həcmi 47 milyon 115.58 min, idxalın həcmi isə 131 milyon 656.15 min ABŞ dolları təşkil edib. Bu ilin 7 ayında qarşılıqlı ticarət 118 milyon 281,19 min dollara yüksəlib. O cümlədən ixrac 18 milyon 604.47 min dollar, idxal isə 99 milyon 676.72 min dollar təşkil edib. Azərbaycan Özbəkistandan əsasən pambıq, kətan parçalar, paltarlar, örtüklər, paltaryuyan maşınlar, kondisionerlər, meyvə qurusu, çərəzlər idxal edir. Bu ölkəyə satışımızın mühüm hissəsi neft məhsullarıdır. Hər iki ölkə rəhbərliyinin qəti mövqeyi qarşılıqlı ticarətin sürətlə artırılmasıdır. Daşkənddə əldə olunan razılığa əsasən növbəti il “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan ediləcək, qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə 20 əsas istiqamət üzrə proqram qəbul olunacaqdır”.

Hicran Hüseynova hesab edir ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun fəaliyyət istiqamətlərindən biri də üçüncü ölkələrə investisiyalar olacaq: “Azərbaycan və Özbəkistanın üçüncü ölkələrdə birgə fəaliyyətini genişləndirmək imkanı var. Bununla bağlı ölkə başçısı İlham Əliyev də qeyd etdi ki “Əmtəə dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrimizin konkret məzmunla zənginləşdirilməsi, həmçinin üçüncü ölkələrdə birgə işimizi müzakirə etdik. Yəqin ki, bunun üçün bizə Birgə İnvestisiya Fondunun kapitalını artırmaq lazım gələcək, layihələrə 500 milyon ayrılıb. Odur ki, bu kapitalı həm ikitərəfli gündəlik, həm də üçüncü ölkələrə investisiyalar ilə çıxış üçün artıracağıq”. Eyni zamanda, iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimada əsaslanır. Bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişaf dinamikasına mühüm təkan verir və əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynayır. Hər iki ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər Azərbaycan-Özbəkistan münasibətlərini daha da möhkəmləndirmiş və hazırda müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Azərbaycan-Özbəkistan əlaqələri həm ikitərəfli, həm çoxtərəfli platformalarda, həm də Türk Təşkilatı çərçivəsində intensiv və uğurla inkişaf edir. Beləliklə, Prezident İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə-müttəfiqlik səviyyəsinə yüksəldilməsi, əməkdaşlığın bütün sahələrdə daha da möhkəmləndirilməsi və genişləndirilməsi baxımından tarixi əhəmiyyətə malikdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər