31 Avqust 09:11
1 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nəhayət, Azərbaycan və Ermənistan sərhəd komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni razılaşdıraraq imzaladı. Bu anlaşma proseslərə necə təsir göstərəcək?

- Baxmayaraq ki, bununla bağlı müəyyən gecikmələr oldu, amma müsbət dəyərləndirilməlidir. Tərəflərin aprelin 19-dakı anlaşmasına görə, əsasnamə iyulun 1-dək razılaşdırılmalı idi. Amma Ermənistanın əngəlləmələri nəticəsində prosesdə yubanma baş verdi. Bütün hallarda bu, önəmli hadisədir və sonrakı proseslərə müsbət təsir edəcək amildir.

- Sizin də qeyd etdiyiniz kimi, iş iyulun 1-dək yekunlaşmalıydı, amma Ermənistan mane oldu. Söhbət hansı maneələrdən gedir və niyə məhz bu məqamda razılığa gəlindi?

- Ermənistanla Azərbaycan arasında müsbət irəliləyişlər danışıqlar prosesi yalnız ikitərəfli formada getdikdə əldə edilir. Amma sərhədlə bağlı müsbət gəlişmələr fonunda aprelin 5-də Brüsseldə kollektiv Qərblə Ermənistan arasında bir hərbi anlaşmanın imzalandığını gördük. Bunun nəticəsində Qərbin Ermənistanda təsir dairəsi genişlənməyə başladı, ABŞ-la birgə təlimlər keçirildi və bu ölkənin silahlandırılması start götürdü. Yəni kənar müdaxilələr prosesə xeyli mənfi təsir göstərdi.

Sülh müqaviləsi ilə bağlı danışıqlarda da durğunluq yarandığından, xüsusilə Zəngəzur dəhlizi üzərindən manipulyasiyalara yol verildiyindən Azərbaycan bu məsələnin sülh prosesindən kənarda həll olunması ideyasını irəli sürdü. Bir çox mühüm məsələlər var ki, bunlar həll edilməlidir, amma Ermənistan bu yöndə addımlar atmır. Bunlara da əsasən Zəngəzur dəhlizi və sərhədin delimitasiya-demarkasiyası daxildir.

Ermənistan isə sərhəd məsələsini 1991-ci il tarixli Almatı bəyannaməsinə bağlamağa çalışır. İrəvan bununla vaxtilə Azərbaycandan qanunsuz olaraq qoparılmış torpaqları “Ermənistan ərazisi” kimi tanınması və legitimləşdirilməsinə cəhd edir. Azərbaycan bütün bunları bilir, Ermənistanın oyunpozanlığına səbirlə yanaşsa da, öz mövqeyindən də geri çəkilmir.

Ermənistan tərəfindən yenə də Zəngəzur dəhlizinin açılması və konstitusiya dəyişikliyi ilə bağlı əngəllər yaradılır. İndi də konstitusiya dəyişikliyinin 2027-ci ildə ola biləcəyi barədə mesajlar verirlər. Bu o deməkdir ki, həmin vaxta qədər yekun sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Bu müddətdə çərçivə sazişi imzalana bilər, belə bir ehtimal var. Azərbaycan yekun sülh müqaviləsini ölkəmizdə qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyası və bu ölkənin digər qanunverici aktlarında dəyişikliklə bağlayır. İndi bunlar 2027-ci ildə olacaqsa, demək, proses də uzanacaq.

Bütün hallarda sərhədlə bağlı son anlaşma müsbət dəyərləndirilməlidir. Ermənistan bundan sonra bölgədəki vəziyyət və reallığı qəbul edərək konstruktiv addımlar atmalıdır, yaxud bunu dərk etməlidir.

- Sizcə, sərhədlər hansı prinsip, sənəd və ya xəritə əsasında çəkiləcək? Komissiyaların 19 aprel görüşündə Almatı bəyannaməsi müzakirə olunmuşdu.

- Mən bütün sərhədin Almatı bəyannaməsi əsasında delimitasiya olunmasının tərəfdarı deyiləm. Hesab edirəm ki, Azərbaycan bununla bağlı mövqeyini Ermənistana çatdırıb. Prezident İlham Əliyev bu ilin yanvarında Azərbaycan telekanallarına verdiyi müshibədə bu məsələyə toxunmuşdu. Dövlət başçısı sərhədin delimitasiya və demarkasiyasının həyata keçirilməsinin metodikasının müəyyənləşdirilməsinin vacibliyini vurğulamışdı. İndi burada siyasi, xronoloji, hüquqi və tarixi metodika ola bilər. Yəni Azərbaycan prosesin ədalətli şəkildə aparılmasını təklif edir.

Dediyim kimi, Ermənistanın 1975-76-cı illər xəritələrində israrı, Almatı bəyannaməsinə istinadı və prosesin yalnız bu prinsiplər əsasında aprılması istəkləri vaxtilə qanunsuz olaraq Azərbaycandan qoparılmış əraziləri mənimsəmək məqsədi daşıyır. Əlbəttə, Azərbaycan bununla razılaşa bilməz.

- Delimitasiyanın növbəti mərhələsi sərhədin hansı hissəsində aparıla bilər? Məsələn, ermənilərin tez-tez təxribata əl atdıqları Naxçıvan-Zəngəzur, yaxud Kəlbəcər-Göyçə istiqamətlərində olması mümkündürmü?

- Hazırda Azərbaycan və Ermənistan arasında müəyyənləşdirilmiş sərhədlər olmadığından, bunlar şərti sərhədlərdir. Ermənilərin nədə israr etmələrindən asılı olmayaraq, durum belədir.

Başqa bir amil ermənilərin Naxçıvan istiqamətindəki təxribatları ilə bağlıdır. Naxçıvanın xüsusi statusu və oranın təhlükəsizliyinin Qars müqaviləsi ilə təmin olunduğunu nəzərə alsaq, ermənilərin bu təxribatı gərginliyi daha geniş areala yaymaq niyyəti güdür. Yəni prosesə daha çox oyunçu cəlb etmək istəyirlər. Həmçinin Naxçıvan istiqamətindəki ən problemli məsələ Kərki kəndi ilə bağlıdır. Kərki 35 ilə yaxındır Ermənistanın işğalındadır. Azərbaycan həmin kəndin qaytarılması ilə bağlı öz mövqeyini bəyan edib.

Başqa sözlə, delimitasiya və demarkasiyanın daha problematik istiqamətlərdə davam etdirilməsi mümkündür. Həmçinin düşünürəm ki, proses artıq başlamış şimal istiqamətindən (Qazax-Tavuş) davam edə bilər. Yəni ardıcıllıqla da gəlmək olar. Yaxud harda ki problem və ya sual doğuran mübahisəli məqam yoxdursa, orada da həyata keçirilə bilər. Bu, kifayət qədər mürəkkəb prosesdir, ona görə də hansısa variantı təklif etmək doğru olmaz. Amma prosesin irəliləməsinə imkan verə biləcək istiqamətlərdə yola davam etmək mümkündür.

- Anklavlar məsələsi də bu çərçivədə həll olunacaq, ya bunun üçün ayrıca bir proses olacaq?

- Martın 5-də Şahin Mustafayevin ofisinin yaydığı bir bəyanat var. Həmin bəyanatda birmənalı şəkildə qeyd olunur ki, anklav olmayan 4 kənd dərhal Azərbaycana qaytarılmalıdır, anklav olan kəndlərlə bağlı məsələ isə delimitasiya və demarkasiyanın gedişində öz həllini tapmalıdır. Yəni həmin kəndlərin qaytarılması da, sərhədlərin bundan sonrakı dəqiqləşdirilməsi ilə əlaqəlidir. Yəni anklavların bu prosesin tərkib hissəsi kimi qaytarılacağını düşünürəm.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər