Ermənistan növbəti dəfə Naxçıvan istiqamətində hərbi təxribat törədib. Bu təxribatlar artıq ardıcıl hal alır. Çünki Ermənistan hazırda sülh müstəvisində olan danışıqları uzatmağa, qeyri-müəyyənlik yaratmağa çalışır. Burada kənar təsirlərin rolu da az deyil. Məqsəd mümkün qədər Azərbaycanı təxribata çəkib, vaxt qazanmaqdan ibarətdir.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycanla hərbi müstəvidə toqquşmanın baş verməsində maraqlıdır:
“Nikol Paşinyan və komandasının üzvləri müxtəlif bəyanatlar verməklə bəzi hədəflərə çatmaq istəyir. Azərbaycan isə sülhə maneə olan Ermənistan konstitusiyasındakı müddəaların aradan qaldırılmasını tələb edir. İrəvan əvvəlcə bu məsələyə başqa rakursda yanaşmağa çalışsa da prosesin yaxın gələcəkdə həll edilməsi ilə bağlı açıqlama verdi. Eyni zamanda Rusiya-Ermənistan gərginliyi fonunda da fərqli hadisələr cərəyan edir”.
Polkovnik hesab edir ki, bu günlərdə erməni tərəfinin narahatlığı Azərbaycanın Zəngəzur istiqamətində hansısa müdaxiləsi ilə bağlıdır:
“Onlar iddia edirlər ki, Bakının belə bir niyyəti var. Zəngəzur dəhlizinin açılması və orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin əsgərlərinin yerləşdirilməsi ehtimalı gündəmə gətirilir. Belə dezinformasiyalar erməni tərəfindən vaxtaşırı olaraq gündəmə daşınır”.
Üzeyir Cəfərov bildirib ki, hazırda Qafanda erməni tərəfi hərbi baza tikir:
“Həmin bazada kənar qüvvələrin yerləşməsi ehtimalı da var. Azərbaycanın anklav olan Kərki kəndi və Qazaxın üç kəndi ilə bağlı məsələ yubadılır. Ajiotaj yaranıb ki, yenidən müharibə başlaya bilər. Sentyabr ayının gərgin keçəcəyi gözlənilir”.