11 Oktyabr 09:17
2 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

ReAl Partiyasının sədri Natiq Cəfərli Cənubi Qafqazdakı son geosiyasi gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistanın Türkiyə və İranla sərhədlərindən Rusiyanın geri çəkilməsi bölgədə hansı gəlişmələrə yol açacaq? Məsələn, Ermənistanda mövqelərini gücləndirməyə çalışan Fransa və ABŞ bu boşluqdan istifadə edə bilərmi?

- Əslində, tam geri çəkilməyib, sadəcə ilkin mərhələdə birgə nəzarət funksiyalarının yerinə yetirilməsi nəzərdə tutulub. Bu o demək deyil ki, Rusiya Ermənistanın bu iki ölkə ilə sərhədlərindən tam geri çəkiləcək. Rusiyanın bu güzəşti nəqliyyat yollarının açılması ilə bağlı Ermənistanın gözləntilərinə cavab verməklə bağlıdır.

Həmişə deyirdik ki, Zəngəzur dəhlizi ilə bağlı əsas problem Ermənistanla Azərbaycan yox, Ermənistanla Rusiya arasındadır. Məsələ də nəzarətlə əlaqəlidir. Görünür, birgə nəzarətlə bağlı müəyyən bir "formul və ya həll yolu" tapılıb.

Rusiya burada müəyyən qədər Ermənistana güzəştə getdi. Nəticə etibarilə bundan sonra dəhlizin açılması məsələsi sürətlə öz həllini tapa bilər.

Digər ölkələrin həmin bölgələrdə yerləşməsi məsələsinə gəlincə, bu, media üçün maraqlı mövzu ola bilər, amma reallıq başaqdır. Məsələn, hansısa qoşun növlərinin Ermənistanın Türkiyə ilə sərhədini qoruması absurd səslənir. Çünki Türkiyə də, Fransa da, ABŞ da NATO ölkəsidir. Yəni bir NATO ölkəsinin hansısa dövlətin sərhədini öz müttəfiqindən qoruması absurd görünür.

Əlbəttə, Ermənistan Qərb ölkələrindən bununla bağlı müəyyən bir texniki dəstək ala bilər, amma hansısa ölkələrin hərbi təmsilçilərinin gəlib orada yerləşmələri inandırıcı gəlmir. Bu yöndə addımların atılacağını düşünmürəm.

Məncə, məsələyə kommunikasiyaların açılması nöqteyi-nəzərindən baxmaq daha doğrudur. Rusiyanın bu güzəştindən sonra Ermənistanla birgə monitorinqin aparılması mümkün olacaqsa, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması sürətlənə bilər.

- Dəhlizə Ermənistan-Rusiya birgə nəzarəti Azərbaycan üçün məqbuldurmu? Bu, Naxçıvana maneəsiz keçidə əngəl olmayacaq?

- Azərbaycan üçün nəzarətin Ermənistan və ya Rusiyada olması o qədər də böyük əhəmiyyət daşımırdı. Bir tərəfdən baxanda, Ermənistanın özünün nəzarət eləməsi daha məqbuldur. Çünki Ermənistana təzyiq etmək və müəyyən məsələləri qəbul etdirmək daha asandır. Rusiyanın maraqları isə daha genişdir. Amma məsələyə geniş baxsaq, Azərbaycan üçün fərqi yoxdur. Əsas odur ki, Naxçıvana və əks istiqamətdə gediş-gəliş sadələşdirilmiş prosedurlarla olmalıdır.

Ermənistan rəsmilərinin bu yaxınlarda verdikləri açıqlamalarda bunun ipucları göründü. Yəni Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sərbəst yük və sərnişindaşımalarında sadələşdirilmiş prosedurlar mümkündür.

Şərqlə Qərb arasında beynəlxalq yükdaşımalarına gəlincə, bununla bağlı xüsusi müqavilələrə ehtiyac yaranacaq. Çünki burada tranzit xərcləri nəzərə alınmalıdır, təhlükəsizliklə bağlı ayrıca öhdəliklər olmalıdır. Düşünürəm ki, gələcəkdə bu iki istiqamətdə fərqli sənədlərin imzalanması mümkündür. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında daşımalar daha asan prosedurlarla olmalıdır, beynəlxalq yükdaşımaları ilə bağlı da ayrıca prosedurların olması mümkündür.

- Bir müddət davam edən boykot kampaniyasından sonra Ermənistan yenidən Rusiyanın dominant rola malik olduğu təşkilatların tədbirlərinə qatılmağa başlayıb. Hətta MDB-nin son toplantısı çərçivəsində Baş nazir Nikol Paşinyan və Prezident Vladimir Putin arasında keçirilən görüşdə ikitərəfli əlaqələrə dair isti mesajlar verildi. Rusiya və Ermənistan yenidən yaxınlaşır, yaxud İrəvan xarici siyasətdə dəyişikliyə gedir?

- 2020-ci ildən bəri deyirəm ki, Rusiya ilə Ermənistan arasında ciddi bir qarşıdurma görmürəm, belə bir şey yoxdur. Müəyyən bir söz davası var, bu da hər iki ölkəyə sərf edir. Rusiyaya da bir az sərf edir ki, Ermənistan bir qədər qərbyönümlü görünsün. Çünki Rusiya sanksiyalardan yan keçmək üçün Ermənistan üzərindən körpülər qurub. Ermənistana da sərf edir ki, qərbyönümlü görünsün və Qərbdən daha çox dəstək alsın. Belə bir bəsit konfiqurasiya qurulub.

Düzdür, İkinci Qarabağ Müharibəsindən sonra erməni cəmiyyətində Rusiyaya qarşı ciddi bir qıcıq və küskünlük var, Moskvanın Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması və ya bunu bacarmaması Ermənistanda ona qarşı ciddi fikirlərin formalaşmasına səbəb olmuşdu.

Bu baxımdan, Ermənistan Rusiyaya qarşı müəyyən simvolik addımlar atdı. Məsələn, “Zvartnots”dakı Rusiya sərhədçiləri çəkildilər. Rusiyanın icazəsi olmasaydı, bu, baş verməzdi. Deyim ki, sərhədçilər oradan çıxsalar da, sistem tam inteqrasiya olunub və sərhədi keçən istənilən şəxs haqqında Rusiyanın məlumatı var. Yəni burada ciddi bir dəyişiklik olmadı.

İkinci istiqamət KTMT ilə bağlıdır. Ermənistan bunu Qərbə baha satmağa çalışırdı ki, “görürsünüz, biz hərbi ittifaqdan yayınırıq, orada iştirak etmək istəmirik” və sair. Amma KTMT “ölü doğulan orqan”dır. KTMT-nin öz üzvləri arasında belə zaman-zaman münaqişələr yaşanır. Məsələn, Qırğızıstan və Tacikistan arasında. Yaxud Ukrayna Kurska hərbi müdaxilə edəndə üzv ölkələr KTMT nizamnaməsinə uyğun olaraq, Rusiyaya köməyə getməli idilər. Çünki Rusiya sərhədi pozulub. Amma biz belə bir hadisə görmədik. Demək, KTMT “ölü doğulmuş orqan”dır.

Burada yeganə işlək orqan Avrasiya İqtisadi Birliyidir, bu çərçivədə də Rusiya və Ermənistan fantastik dərəcədə yaxından əməkdaşıq edir. Hətta Putinin son görüşdə səsləndirdiyi rəqəmlərə baxanda görürük ki, iki ölkə arasında ilin geridə qalan 8 ayında 8.5-9 milyard dollarlıq ticarət dövriyyəsi olub. Bu, ilin sonunadək 13-14 milyard dollara çatacaq. Fantastik artımdır.

Ukraynada müharibə başlamamışdan əvvəl bu rəqəm 4-4.5 dəfə aşağı idi. Yəni Ermənistanın qərbyönümlü görünməsi həm Moskva, həm də İrəvana sərf edir. Ermənistan bundan istifadə edərək həm Qərbdən yardımlar alır, həm də Rusiya ilə əsas qazanc mənbələri olan istiqamətlərdə problem yoxdur. Ermənistan Rusiya üçün sanksiyalardan yan keçməkdən ötrü vacib olan üç ölkədən biridir. Başqa sözlə, görüntü ilə reallıq arasında ciddi təzadlar var.

- Qərb nə baş verdiyini bildiyi halda niyə Ermənistanın bu oyunlarına göz yumur?

- Qərb uzunmüddətli oynayır, əlbəttə, orada Ermənistanda nələrin olduğunu yaxşı bilirlər. Birincisi, burada iqtisadi maraqlar var. Qərb öz məhsullarını satmaq istəyir, birbaşa da sata bilmir. Buna görə də Ermənistan üzərindən satır. Rusiyadan da mal almaq istəyir, birbaşa ala bilmir, Ermənistan üzərindən alır. İqtisadi maraqlarını qorumağa çalışırlar və bu baxımdan ikili standartların tətbiq olunduğunu görürük.

İkincisi, Qərb düşünmür ki, Ermənistan bu gün-sabah şələ-şüləsini yığışdırıb onun tərəfinə keçəcək. İndi bunu gözləmir, amma uzunmüddətli institutsional hazırlıq görür ki, 5-10-15 ilə Rusiyanın Cənubi Qafqazda zəiflədilməsi məqsədini başa çatdırsın. Bölgədə də istənilən kateqoriyada Rusiyadan ən asılı ölkə Ermənistandır. Azərbaycanla bağlı belə bir problem yoxdur, Gürcüstanla da vəziyyət 50-50-yədir.

Nə qədər qəribə səslənsə də, Azərbaycan Cənubi Qafqazın ən qərbyönümlü ölkəsidir – iqtisadi strukturuna baxanda. Ermənistan bölgənin ən zəif bəndidir. Rusiyanı yavaş-yavaş bölgədə zəiflətmək strategiyasının tərkib hissəsi kimi Ermənistanla “ərköyün uşaq” kimi davranırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər