Donald Tramp yenidən ABŞ prezidenti seçildi. Trampın Azərbaycana münasibəti, birinci dönəmində normal idi. Çünki Trampın bizneslərindən bir qolu da Azərbaycanda idi. Həmçinin müəyyən tikililər bilavasitə Tramp şirkətinin fəaliyyəti ilə bağlıdır. Yəni Azərbaycanı çox gözəl tanıyır. Azərbaycanda müəyyən biznes qurub. Bundan fərqli olaraq Ermənistanda Trampın belə bir biznesi yoxdur. Ayrıca, bir də Trampın siyasəti Ermənistan kimi dilənçi dövlətləri yemləmək mövqeyindən çox-çox uzaqdır. Bu baxımdan Trampın bu yöndə Azərbaycanla münasibətlərinin ciddi zərər görəcəyini düşünmürəm.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, əksinə, Trampın yenidən gəlişi ilə Bakı ilə bu münasibətlər yenidən tənzimlənə, hətta çiçəklənə bilər:
“Üstəlik, unutmayaq ki, Azərbaycanla normal münasibətlərdə maraqlı olan Tramp eyni zamanda qardaş Türkiyə ilə münasibətlərdə də hər zaman müsbət mövqedən çıxış edib. Tramp hər zaman bəyan edib ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinin önündə gedən ən hörmətli şəxsiyyətlərdəndir. Bu baxımdan Rəcəb Tayyib Ərdoğan hakimiyyətini çevrilişlərlə devirmək istəyən bir Bayden hakimiyyətindən fərqli, Türkiyə ilə normal münasibətlərə rəvac verən Tramp hakimiyyətini görəcəyik. Bu da müəyyən mənada Azərbaycan, Türkiyə və ABŞ münasibətlərinə yeni hava gətirəcək. Ona görə də bu anlamda mən açığı müsbət fikirdəyəm. Düşünürəm ki, Baydenin katolikos I Aramla telefon danışığından konkret nəticələr çıxartmaq istəyənlər istədiklərini perspektivdə görməyəcəklər. Bu, sadəcə siyasi bir jest idi. Düşünürəm ki, Tramp da kimisə-kimsədən qorumaq fikrində deyil”.