15:37
2 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizi məsələsi regional çərçivədən çıxaraq, beynəlxalq problemə çevrilib. Bu, ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda olan maraqları ilə bağlıdır. İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan bununla bağlı öhdəlik götürüb. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənsitan tərəfindən imzalanan üçtərəfli Bəyanatda bu məsələlər əksini tapıb. Razılaşmada regional kommunikasiya xətləri, yəni Zəngəzur dəhlizinin açılması qeyd edilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.

“Ermənistanın dövlət kimi “xarakter"ində iki əsas istiqamət var. Erməni mətbəxində bir qrup daima Rusiya ilə əlaqə saxlayır. Digəri isə Amerika və Avropa ilə münasibətlər qurur. Hadisələri yozaraq, hansı daha münasibdir, o istiqamətə gedirlər”, - deyə o qeyd edib.

Deputat bildirib ki, vaxtilə Azərbaycan İran və Rusiya arasında şimala və cənuba bölünən zaman (1813 Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə - red.) Zəngəzur Rusiyanın nəzarətinədə qalıb: “Zəngəzur Ermənistana 1920-ci ildə verilib. Erməni tərəfi bu tarixi unutmamalıdır. Siyasi alver məqsədilə Zəngəzur sovet dövründə ermənilərə hədiyyə edilib”.

Fəzail İbrahimli vurğulayıb ki, Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyi məsələnin həllini təmin edəcək: “Bu dəhliz açılmalıdır. Erməni tərəfi razılaşmaya getməsə, başqa yola əl atılacaq. Digər vasitələrlə məsələ həll olunacaq. Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla, Türkiyə ilə birbaşa əlaqə qurması deməkdir. Rusiyanın dəhlizi öz nəzarətində açmaq istəyi, İranın bu ərazini “qırmızı xətti” elan etməsi, ABŞ-nin yeni administrasiyasının hansı xətti tutacağı maraqlı deyil. Heç bir qüvvə Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər