Türkiyənin müxalif Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti dünən ikinci dəfə PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Medyascope” məlumat yayıb.
Mənbə bildirib ki, DEM heyəti Öcalana hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) ilə görüşləri barədə məlumat verib:
“MHP sədri Dövlət Baxçalı partiyasının parlament fraksiyasının iclasındakı çıxışında Öcalanın parlamentə gələrək PKK-nı ləğv etdiyini bəyan etməli olduğunu bildirib. Amma bunun hüquqi baxımdan hazırda mümkün olmadığı və sözügedən bəyanatın məktub və ya nümayəndə heyəti vasitəsilə yox, birbaşa Öcalan tərəfindən İmralıda (həbsxana) veriləcəyi iddia edilib.
Əldə edilən məlumata görə, Öcalanın tutularaq Türkiyəyə gətirilməsinin ildönümü olan fevralın 15-də İmralıda DEM heyəti ilə birlikdə açıqlama verməsi gözlənilir. Bildirilib ki, bu bəyanat PKK-nın ləğvi və təşkilatın Türkiyədəki silahlı varlığına son qoyulması və tam tərksilah edilməsini nəzərdə tutan tarixi bir çağırış olacaq”.