12:30
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zəngəzur dəhlizi ətrafında son dövrlər aktiv müzakirələr davam edir. Prosesin irəliyə aparılmasında bu kimi dialoqların təsiri haqqında nə demək olar?

- Kommunikasiyaların açılması ilə bağlı təklif edilən müxtəlif variantlar var. Amma hansı variantın ortaya atılmasından asılı olmayaraq, 2025-ci ildə Zəngəzur dəhlizinin açılması ehtimalı böyükdür. Dəhlizin açılması sözsüz ki, Azərbaycanın strateji maraqlarına xidmət edir. Ona görə də Azərbaycan cəmiyyətində bu istiqamətdə aparılan müzakirələrlə bağlı hər hansı bir narahatlıq yoxdur. Prosesin həlledici qüvvəsi məhz Azərbaycandır. Bütün regional kommunikasiya xəttlərinin rəsmi Bakının şərtləri əsasında açılması mümkün olacaq.

- ABŞ-də artıq Donald Trampın ikinci prezidentlik dövrü başlayıb. Bu, hətta post-Bayden (Cozef Bayden) dövrü kimi də analiz edilir. Gözləntilər nədən ibarətdir?

- Artıq Amerika üçün də yeni dönəm başlayır. Yenidən prezident postuna qayıtmış Donald Trampın Cozef Baydenə patoloji nifrəti var. Özünün inaqurasiyasından dərhal sonra Tramp tərəfindən Bayden dövründə qəbul edilmiş sənədlərin çoxu ləğv edildi. Həmçinin yeni prezidentlə sabiq prezidentin proseslərə baxış bucağında da kəskin ziddiyyətlər mövcuddur. Bu mənada, Trampın vermiş olduğu bəyanatlar, səsləndirdiyi fikirlər Amerikanın maraqlarının təşviqinə xidmət edir. Həmçinin burada hansısa qruplaşmanın, lobbinin Tramp siyasətində yer alması da mümkün deyil.

- Tramp dönəmində erməni lobbisinin proseslərə müdaxiləsi ilə bağlı hansı yanaşmalar var?

- Erməni diasporu və erməni lobbisi Tramp hakimiyyəti dövründə tamamilə gücsüz olacaq. Beləliklə, onların ABŞ-nin Cənubi Qafqaz, Ermənistan siyasətinə təsiri sıfıra enəcək. Sözsüz ki, bu istiqamətdə müxtəlif cəhdlərin olması da mümkündür. Çünki Trampın ətrafında da ermənipərəst insanlar var. Amma bu, heç də Bayden dönəmində olduğu kimi dövlət siyasətinin əsas xəttini təşkil etməyəcək. Azərbaycan və Türkiyə ilə Trampın tamamilə fərqli, müsbət, intensiv siyasəti və bu əsaslara söykənən normal münasibətləri formalaşacaq.

- Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü gerçəkləşdi. Sərhədlərin şimaldan cənuba doğru dəqiqləşməsi ilə bağlı razılıq əldə edilib. Sərhəd dəqiqləşmələri fonunda eksklavların taleyi ilə bağlı hansı addımlar atıla bilər?

- Bu il bu məsələdə birmənalı olaraq irəliləyişlərin olması gözlənilir. Bunun fonunda hələ də Qazax rayonunun Ermənistanın nəzarətində olan 3 eksklav kəndinin (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) də taleyi həll olunacaq. Bu kəndlər Azərbaycana qaytarılacaq. Buna heç bir şübhə yoxdur. Aparılan müzakirələrin bir qədər uzanması da Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin taleyi ilə bağlı olduğu ehtimal olunur. Artıq bu məsələ ilə bağlı Azərbaycan istəyinə nail olub. Beləliklə, Ermənistanın işğalçı və revanşist iddiaları növbəti dəfə iflasa uğrayıb. Sərhədlərin Gürcüstan sərhəddindən başlayaraq İrana qədər olan hissəsinin delimitasiyası ilə bağlı qarşılıqlı bəyanatların verilməsi təsadüfi deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər