Rusiyanın qaz nəhəngi “Qazprom” investisiyaları maliyyələşdirmək məqsədilə daxildə tənzimlənən qiymətləri yüksəltmək istəyir.
Teleqraf.com “Interfax”a istinadən xəbər verir ki, bu barədə “Qazprom”un şöbə müdiri Aleksey Saxarov bildirib.
“Tənzimlənən topdansatış qaz qiymətlərinin hazırkı səviyyəsi qaz infrastrukturunun saxlanması və inkişafı üçün zəruri kapital yatırımlarını reallaşdırmağa imkan vermir”,- deyə o qeyd edib.
Aleksey Saxarov hazırkı tariflərin 1.000 kubmetr üçün 65,2 rubl olduğunu, halbuki bu xidmətin real dəyərinin 109 rubl təşkil etdiyini deyib. Bildirib ki, yeni layihələrin maliyyələşdirilməsini təmin etmək üçün tariflər təxminən 170 rubla qaldırılmalıdır.
Qeyd edək ki, Rusiya daxilində qazın istehlakçı qiymətləri hökumət tərəfindən tənzimlənir. “Qazprom” son 20 ildə ilk dəfə 2023-cü ili 7 milyard dollar zərərlə başa vurub.
Saxarov əlavə edib ki, “Qazprom” Rusiya qazının boru kəməri ilə ixracı üzərindəki monopol hüquqlarını qoruyub saxlamaq istəyir. Qazın Avropaya ixrac həcminin azalmasına baxmayaraq, Rusiya ixrac axınlarını şərqə və qlobal cənub ölkələrinə yönləndirib. “Qazprom” hər il İrana 55 milyard kubmetrə qədər qaz tədarük etməyi planlaşdırır. Bu da zərər görmüş “Şimal Axını 1” kəmərinin gücünə bərabər həcmdir.