13:18
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistanın Zəngəzur bölgəsində (Sünik – red.) konsulluq açması birmənalı deyil. Regional kommunikasiyaların açılması ilə bağlı 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış üçtərəfli bəyanat var. Bu mənada, Rusiya kommunikasiya xəttlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Sadəcə, indi dəhlizə nəzarət məsələsi ətrafında müzakirələr gedir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

“Rusiyanın Ukrayna ilə müharibə səbəbindən digər istiqamətlərdə Avropaya çıxışı qapanıb. Ona görə də bu gün Orta Dəhliz konsepsiyasının mühüm hissəsi olacaq Zəngəzur dəhlizi Rusiya üçün daha maraqlı görünür. Çindən Avropaya qədər olan əlaqələrin qurulmasında bu mühüm marşrut hesab edilir”, - deyə o qeyd edib.

Komitə sədri bildirib ki, Ermənistanın bütün sərhədlərini rus ordusu qoruyur:

“İrəvan hələlik Moskva ilə bu razılaşmadan çıxmayıb. Ona görə də Rusiya öz mövcudluğunu bölgədə daha çox önə çəkmək üçün Zəngəzurda, yəni Naxçıvanla sərhəddə yaxın hissədə konsulluq açmaq niyyətindədir. Bundan öncə isə Qafan rayonunda İran tərəfindən binanın malası qurumamış konsulluq açılıb”.

Siyavuş Novruzova görə, Rusiyanın Zəngəzurda konsuluq açması gələcəkdə dəhlizə nəzarət baxımından strateji addım kimi dəyərləndirilir:

“Moskva bölgədə olan kommunikasiya xəttlərinin ancaq öz nəzarətində olmasını istəyir. Hazırda Avropa İttifaqının Ermənistan ərazisində “müşahidə missiyası” adı altında NATO təmsilçiləri yerləşdirilib. Rusiya da məhz bu addımlara cavab olaraq bölgədə daha çox möhkəmlənmək niyyətindədir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər