Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Azərbaycan səfiri Faiq Quliyevlə görüş keçirib.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, tərəflər ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Baş nazir İrakli Kobaxidzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana səfərini xatırladan D.Sonqulaşvili yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Nazirin sözlərinə görə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində səmərəli və uğurlu əməkdaşlığın əsasını Gürcüstanla Azərbaycan arasında olan tarixi və dostluq əlaqələri təşkil edir.
F.Quliyev öz növbəsində deyib ki, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı Azərbaycan üçün Gürcüstanla maraqlı əməkdaşlıq sahələridir.
“Hesab edirəm ki, biz bir sıra qarşılıqlı maraqlı layihələr həyata keçirəcəyik”, - səfir qeyd edib.