09:05
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyalar arasında 11-ci görüş keçirilib. Əldə edilən razılaşmalara əsasən şimaldan cənuba doğru sərhədlərin dəqiqləşməsi prosesi ilə bağlı işlərə başlanılacaq. Gözləntilər nədən ibarətdir?

- Sözsüz ki, sərhədin dəqiqləşməsi prosesi zamanı hələ də Ermənistanın işğalında olan Qazax rayonunun 3 kəndinin geri qaytarılması məsələsi də həll olunmalıdır. Eksklav kəndlərin hansı formada Azərbaycana təhvil verilməsi və burada gediş-gəliş kimi vacib məsələlərə aydınlıq gətirilməlidir. Eyni zamanda Gədəbəy rayonu ərazisində olan Başkəndin taleyi də aydınlaşmalıdır. Burada hansı qərarın veriləcəyi hələ məlum deyil. Ola bilsin ki, keçmiş sovet dövründə olduğu kimi hansı ərazilər kimə məxsus olubsa, o özünə qaytarılacaq. Başqa variantların olması da ehtimal edilir. Şimaldan-cənuba doğru sərhədlərin dəqiqləşməsinin aparılması proseslərin ardıcıl həlli demək də deyil. Mübahisə olmayan hissələrdə irəliləyişlərin olması mümkündür.

- Naxçıvanın Kərki kəndinin taleyi ilə bağlı da fərqli fikirlər səslənir. Erməni tərəfinin bu kəndlə bağlı narahatlığına səbəb nədir?

- Kərkiyə qədər proseslərin ardıcıl həlli bəlli zaman alacaq. Şimaldan cənuba doğru gedilirsə, Kərki kəndinin taleyi sona qalmış olur.

- Ötən il Azərbaycanla Ermənistan arasında sülh müstəvisində bəlli irəliləyişlər olsa da, yekun nəticəyə gəlmək mümkün olmadı. ABŞ-də Donlad Trampın hakimiyyətə gəlməsi fonunda Cənubi Qafqazda, xüsusilə Bakı və İrəvan arasındakı sülh prosesində nə kimi irəliləyişlər ola bilər?

- Amerikanın ümumi siyasi xətti var. Hətta Trampın komandasında da kiminsə ermənipərəst olması prosesə təsir etməyəcək. Ümumilikdə isə Amerikanın əsas niyyəti dividend olmayan bölgələrdə yer almamaqla bağlıdır. Bu bölgədə isə ABŞ-nin heç bir qazancı yoxdur. Ona görə də, Ağ Evin ermənilər tərəfindən bu regiona daha çox diqqət ayırması ehtimalı yoxdur. Sadəcə olaraq, Trampa deyə bilərlər ki, Azərbaycanla Ermənistan sülh razılaşmasında 90 faizlik bir nəticəyə nail olub. Ona görə də, Trampın iştirakı ilə bu məsələnin həlli onun nüfuzuna da təsir edəcək. Amma keçmiş prezident Cozef Bayden dövründə olduğu kimi Amerikanın regiondakı proseslərə müdaxilə cəhdləri olmayacaq.

- Zəngəzur dəhlizi ilə bağlı son zamanlar müzakirələr artıb. Ötən gün Rusiya və Ermənistan xarici işlər nazirləri də regional kommunikasiyaların açılmasından danışıblar. Kremlin bu məsələdəki fəallığı nə ilə bağlıdır?

- Rusiya faktiki olaraq, o bölgədə mövcuddur. Çünki hazırda həmin hissədə olan sərhəd xətti rus hərbiçilərinin nəzarətindədir. Bölgədə Rusiyadan başqa qüvvə yoxdur. İlkin razılaşmaya görə də, (2020-ci il 10 noyabr bəyanatı) Rusiya kommunikasiyaların açılmasında və nəzarətində yer almalıdır. Əsas odur ki, o yol açılsın. Erməni tərəfi də kommunikasiyaların açılmasından danışır. Amma bu istiqamətdə heç bir iş görmür. Meğridən keçən dəmir yolu xətti bərpa olunmalıdır. Onlar konkret iş ortaya qoymalıdır. Burada müxtəlif variantlar önə çəkilir. Yenə də Kalininqrad variantı (Rusiyadan Kalininqrada gedən yüklərin və sərnişinlərin keçmə rejimi) ortaya atılır. İndi də erməni tərəfi Tbilisidən keçən dəmir yolu şəbəkəsinə qoşulmaqdan danışır. Bunlar absurd yanaşmalardır. Çünki Meğridən keçən dəmir yolu açılmayana qədər Azərbaycan Ermənistanla heç bir prosesdə iştirak etməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər