9 Avqust 2016 15:10
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin ötən dövründə Beyləqan rayonunda 54 mənzilli yaşayış binasını, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 53 ədəd mənzili, respublikanın 30-a yaxın rayonunda 116 ədəd fərdi yaşayış evini istifadəyə verməklə, 223 nəfər Qarabağ müharibəsi əlilini və şəhid ailəsini müasir tələblərə uyğun inşa olunmuş yeni mənzillərlə təmin edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazirlik tərəfindən 5455 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub ki, onlardan 5 min nəfərə yaxını məhz Qarabağ müharibəsi əlilləri və şəhid ailələridir (Digərləri İkinci Dünya müharibəsi əlilləri, Çernobıl AES əlilləri, müharibə əlillərinə bərabər tutulan digər vətəndaşlar və gözdən əlillərdir.) Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün respublikamızın müxtəlif bölgələrində mənzil tikintisi işləri uğurla davam etdirilir.

2014-2015-ci illərdə 1933 nəfər Qarabağ müharibəsi əlili, habelə müharibə əlilinə bərabər tutulan şəxs “Naz-LİFAN” markalı avtomobillə təmin olunub ki, bu da indiyədək nazirlik tərəfindən avtomobil təqdim edilən şəxslərin (5750 nəfər) 33,6 faizini təşkil edir.

Nazirikdən bildirilib ki, Prezidentin Fərmanı ilə şəhid ailələrinin də hələ 2007-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunmasına başlanılıb. 16 yanvar 2016-cı il tarixli Fərmanla həmin təqaüdün məbləği növbəti dəfə artırılıb. Ümumilikdə ötən müddətdə şəhid ailələrinə ödənilən Prezident təqaüdünün məbləği 2,2 dəfə artırılaraq 220 manata çatdırılıb. Cari ilin 01 iyul tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunan şəxslərin 26,2 min nəfərdən çoxunu Qarabağ müharibəsi əlilləri və şəhid ailələri təşkil edib.

Bu ilin iyulun 1-dən nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinin uşaqlarından ibarət 17,9 min nəfərə yaxın uşağa, əmək pensiyası almaq hüququ olmayan 1,8 min nəfərə yaxın şəhid ailəsi üzvünə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət ödənilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər