12 Oktyabr 2016 16:09
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya İmperiyası ilə İran dövləti arasında imzalanmış və tarixi Azərbaycanın ərazisini ikiyə bölən Gülüstan müqaviləsinin imzalanmasından 203 il ötür.

Çar Rusiyası Osmanlı İmperiyası ilə 1812-ci ilin yayında imzaladığı Buxarest müqaviləsində Osmanlı İmperiyası rusların Qafqazı işğalını tanıyır, bu torpaqlara iddiasından əl çəkirdi. 1812-ci ildə Napoleonun Rusiyaya hücumundan istifadə etməyə çalışan İran vəliəhdi Abbas Mirzə Rusiyanın işğal etdiyi Azərbaycan xanlıqlarına hücum etsə də, general P.Kotlyarevski bu hücumları dəf edir və bölgədə hərbi-siyasi üstünlük qazanır. Bu hallar İngiltərəni bərk narahat edir və onların təkidi ilə İran Rusiya ilə müqavilə imzalamaq qərarına gəlir. 1813-cü ilin 12 oktyabrında Gülüstan kəndində birinci Rusiya-İran müharibəsinin bitdiyini bildirən müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adıyla – Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir.

“Gülüstana qədər bu ərazilər…”

Teleqraf.com tariximizin bu mühüm səhifəsi ilə bağlı AMEA-nın Tarix İnstitunun əməkdaşı Paşa Oğuzun fikirlərini öyrənib. Onun sözlərinə görə, bu müqaviləyə ancaq və ancaq bir prizmadan yanaşmaq olar: “Gülüstan Azərbaycan tarixinin ən qara səhifələrindən biridir. Müasir İran, Qafqaz, Şərqi Anadolu, İraq coğrafiyasının aparıcı etnosu olan Azərbaycan türkləri Gülüstandan sonra parçalandılar. Bundan sonra bu aparıcı etnos ana vətəninin əsas hissəsi parçalandığına görə tədricən regionda zəifləməyə başladı və mahiyyət etibarilə başqa mədəniyyətlərin – bir yandan ərəb, bir yandan da fars mədəniyyətinin təsirinə düşdü. Məhz Gülüstan müqaviləsinin nəticəsində də Qacar sülaləsi yavaş-yavaş mahiyyətini itirməyə başladı və yekunda İran bir farsmeyilli, farsmədəniyyətli, farsdilli dövlətə çevrildi. O vaxta qədər İran coğrafiyası daxil olmaq şərtiylə ətraf ərazilər bütövlükdə Azərbaycan türklərinin mədəni basqısının altındaydı. Ondan sonra bu basqı zəiflədi və onun yerini başqaları tutdu”.

“Azərbaycan bununla öz şimalını itirdi”

Tarixçi bu günə kimi Gülüstan müqaviləsinə baxışın yanlış olduğunu söyləyir: “Tarixdə daha çox belə fikir formalaşıb ki, farslarla ruslar birləşib Azərbaycanı parçaladılar, öz aralarında böldülər. Amma əslində elə deyil. Qacar dövləti azərbaycanlıların dövlətiydi. Azərbaycan bununla öz şimalını itirdi. Amma burda söhbət təkcə şimaldan getmirdi. Həm də Şimali Azərbaycan tarixən onun mədəniyyət mərkəzi, bütövlükdə imperiyanın düşünən beyni idi. Sonra aşağı da beyinsiz, başsız qaldı və tədricən zəifləməyə başladı. Nəticədə də bütövlükdə etnoqrafik məğlubiyyətə uğradıq”.

“Cəmiyyət gücləndikcə o mövqeyi özü ortaya qoyacaq”

Paşa Oğuzun fikrincə bu müqaviləyə lazımi qiyməti xalq özü verməlidir: “Azərbaycan bu müqaviləylə bağlı iradəsini ortaya qoymalıdır. Cəmiyyət gücləndikcə o mövqeyi özü ortaya qoyacaq. Dövlə təbii ki, məsələnin siyasi tərəflərini düşünür. Bu gün dünyada formalaşmış dövlətlər var. İran da ayrıca bir dövlətdir. Hökumət İranla münasibətləri qoruyur, daim yaxşı saxlamağa çalışır. Bu, dövlətin vəzifəsidir. O, elə bu mövqedən də çıxış etməlidir ki, təhlükəsizliyini təmin eləsin, vətəndəşlarının və özünün siyasi maraqları qorunsun.
Bu məsələdə mövqe sərgiləmək daha çox cəmiyyətin, xalqın işidir. O taylı-bu taylı xalq daha çox inkişaf etdikcə, şüuru artdıqca, öz mənəvi və tarixi birliyini dərk elədikcə məsələ avtomatik olaraq öz həllini tapacaq. Dövlət o zaman bu məsələyə müdaxilə edəcək ki, cəmiyyətin buna hazır olduğunu görəcək”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər